Modern.az

Əli Məsimli: «Fransa parlamenti Avropanı məzhəkəli faşizmə sürükləyir»

Əli Məsimli: «Fransa parlamenti Avropanı məzhəkəli faşizmə sürükləyir»

Təhsil

25 Yanvar 2012, 16:50

Fransa Senatı tərəfindən “erməni soyqırımı”nı inkara görə cinayət təqibi  haqqında qanunun qəbul edilməsinə münasibət bildirərkən Milli Məclisin deputatı Əli Məsimli deyib ki, o, bir Azərbaycan vətəndaşı kimi, Fransanın Türkiyə dövlətinə münasibətdə  tarixən formalaşmıs “platonik nifrətin” tez-tez baş qaldırmasına görə təəccüblənməyi yadırğayıb. Ə.Məsimli daha sonra bildirib:

“Həm də bilirəm ki, Fransa Senatının bu addımının arxasında sadəcə may ayında keçiriləcək seçkilərdə bir neçə yüz min ermənin səsini almaq aysberqin görünən tərəfidir. Bunun arxasında Avropa Birliyinin qapılarını Türkiyəninin özünə bağlamaq  məqsədi gizlənir. Amma mənim qənaətimə görə əslində rasizmin ən iyrənc nümunələrindən biri olan bu cür aşağı əyarlı  mübarizə üsulları ilə  Türkiyə kimi böyük bir ölkəyə  heç nə etmək olmaz. Bunu əsaslandırmaqdan ötrü, reallıq hisslərini itirmiş həmin siyasətçilərə sadəcə iki məsələni xatırlatmaq istərdim: Əvvəla, Fransa artıq çoxdandır ki, demokratik ölkə olmaqla yanaşı, həm də oturuşmuş çoxmillətli dövlətdir. Burada belə siyasi fırıldaqlarla ötəri effek qazanmaq olsa da, çox uzağa getmək olmaz. İkincisi, Türkiyəyə münasibətdə artıq qatar çoxdan gedib, yəni bu qanunu istismar etmək arzusunda olanların menyusuna, həzm edib-etməməsindən asılı olmayaraq, əlavə edilməlidir ki, Türkiyə həm regionun ən əsas dövlətidir, həm də artıq Avropadadır və allahın və mütərəqqi qüvvələrin səyi ilə getdikcə daha çox dərəcədə Avropada olacaqdır.

Amma bu məsələyə demokratiya, söz, fikir azadlığı, mənəvi və s. tərəflərdən baxanda, Fransa Senatının qəbul etdiyi qondarma “erməni soyqırımı”nı inkara görə cinayət təqibi  haqqında qanununun qəbulundan təəssüflənirəm. Çünki demokratik dəyərlərin bəşəriyyətin indiyəcən nail olduğu ən yaxşı sistem olduğuna bütün varlığımla inanan bir insan kimi, təəssüflənirəm ki, belə bir qanun   bu günə kimi demokratiyanın klassik mərkəzlərindən biri  hesab etdiyimiz Fransada, onun senatında qəbul edilib. Təssüf edirəm ki, Fransa parlamenti demokratik cəmiyyətlərdə hakimiyyət bölgüsünün fundamental prinsiplərini pozaraq totalitar, tarixdən ona tanış olan və onun yüz il bundan öncəyədək tarixinin əsas tərkib hissəsi olan koloniolist təfəkkür tərzi ilə öz üzərinə məhkəmə funksiyası götürür, qondarma erməni soyqırımını inkar edənlərə 1 il həbs cəzası və ya 45 min avro cərimə kəsir. Eyni zamanda həm də inanıram ki, bu mürtəce qanun demokratik prinsiplərə, insan hüquqlarına və azadlıqlarına, xüsusən söz və fikir azadlığına hörmətsizliyin bariz ifadəsi kimi istismar olunduqca hələ bundan da əcaib məqamlar ortaya çıxacaq və bumeranq effekti verəcəkdir..

Bu mürtəce addım məkrli bir planın tərkib hissəsi kimi bir sıra təhlükəli meyllərə yol da aça bilər. Qondarma “erməni soyqırımı”nı inkarına görə Fransa Senatında  siyasi hökm çıxarılması təkcə Fransa-Türkiyə münasibətlətinə xələl gətirməklə bitmir. Bu kimi addımlardan sonra artıq Avropa dəyərləri adlandırılan demoikratik prinsiplərin ən azından Fransa cəmiyyətində deqradasıyasına yol açacaq, dəyərlərsiz və prinsiplərsiz bir mühitin formalaşması təhlükəsini artıracaq.

Bu qanun həm də bütövlükdə dünyada, xüsusən də onun ən gərgin nöqtələrindən olan Cənubi Qafqaz bölgəsində yeni problemlər yarada bilən, qərəzli olduğu qədər də təhlükəli bir addımdır. Bu hərəkət Türkiyə dövlətinə əslində  yalnız mənəvi zərər vura biləcəyi ilə yanaşı, Ermənistanla müharibə şəraitində olan və məsələnin sülh yolu ilə həll etməli olan tərəflərdən biri kimi Fransa ilə  sülhyaratma istiqamətində əməkdaşlıq edən Azərbaycanın maraqlarına son dərəcə ciddi zərbə vuracaqdır. Çünki bu qanunun qəbulundan sonra Fransa Qarabağ münaqişəsində tərəf olduğunu açıq şəkildə ortaya qoydu və  Minsk qrupunun həmsədri kimi fəaliyyətini davam etdirdiyi halda Ermənistan-Azərbaycan münaqişəsinin həllində ədalətli mövqe tutmadığı bizlərə bəlli olsa da, artıq bütün dünyada faş oldu. Fransanın bu hərəkəti həm də Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətini dəstəkləmək, işğalçını şirnikləndirmək deməkdir. Bütün baş verənlərdən sonra ideoloji müharibədə bu gün işğalçı ilə bir səngərdə yer tutan bir dövlətə “bitərəfdir, ədalətli hakimdir” deyib inanmaq, onunla bir danısıq masasında əyləşmək, dövlətimizin müstəqilliyi, ərazi bütövlüyü kimi məslələrin həllində onu iştirakçı etməyin mümkünlüyü məsələsi qaranlıq və qəbulu bizim üçün çətin və yolverilməz bir hal olduğu qənaətindəyəm. Çünkü bu gün bu dövləti yönəldənlər özlərinin anti-türk mövqeyini ortaya qoydular.

Ermənistana gəlincə onların bu iddialarını dünya miqyasında ictimailəşdirməsinin əsas məqsədi danışıqlar prosesini uzatmaq, işğal etdiyi Azərbaycan ərazilərini əlində saxlamaqda davam etmək və onu rəsmilləşdirmək məqsədini daşıyır. Belə çıxır ki, Minsk qrupunun həmsədri olan bir olkə öz məsuliyyətini dərk etməyərək cənubi Qafqazda gərginlik yaratmaq istəyir.  Bu əcaib qanunu yürütməyə çalışanlar artıq”xoruzun quyruğunu” göstərməyə başlayıblar. Daha mürtəce  və gülüng addımlar da ata bilər.Artıq deyirlər ki, qondarma erməni soyqırımını tanıyan ölkələrın parlamentləri Qarabağın müstəqiliyini də tanımağa başlamalıdır.Ona görə də heç kim təminat verə bilməz ki, bu sərsəm siyasətin daşıyıcıları bir müddətdən sonra Fransa parlamentinə “Qarabağın müstəqiliyini”nı inkara görə cinayət təqibi  haqqında qanun çıxarmayacaq, bu qanunu pozanlara qarşı bu dəfə 2-3 il həbs və 100 min avro cərimə kəsməyəcəklər. Heç kim təminat verə bilməz ki, Türkiyə baş nazirinə məktub yazıb qondarma erməni soyqörömını tanı deyə müraciət edənlər Türkiyə baş nazırınə ünvanlaşmış həmin məktubdakı cümlələr bir qədər dəyişdirib Azərbayacan hökumətinə göndərilməyəcək ki, “Fransa cəmiyyətində uzun müddətdir mövcud olan gözləntiləri doğrultmaq və 100 ildir davam edən yaraları sarımaq üçün Qarabağın müstəqilliyini tanıyın və öz xalqınıza da həzm etdirin. Sonra da Azərbaycan torpaqlarının işğalına, Xocalı soyqırımına göz yuman bu kəslər həmin məktubda göstərildiyi kimi, deyəcəklər ki, Azərbaycan Fransa üçün önəmli ölkədir. İki dost və müttəfiq olaraq bizə yaraşan şəkildə ağıl və düşüncənin hakim olmasını diləyirəm”.
Onların məntiqindən belə çıxır ki, ALLAHI, onun peyğənbərlərini inkar etmək söz azadlığı, qondarma erməni soyqırımını inkar etmək işə həbslə sonunclanan cinayətdir. Sonra da  suallar yaranır ki, siyasət niyə belə çirkli şeydir? Əslində belə hallarda problem siyasətdə yox, onun daşıyıcısındadır.  

Məsələyə dünya iqtisadiyyatında gedən proseslər prizmasından yanaşdıqda  aysbergin görünməyən tərəflərindən biri də odur ki, Fransa senatının bu neofaşizm məzhəkəsi həm də getdikcə kəskinləşməkdə olan maliyyə-iqtisadi böhranın ikinci dalğasının ideoloji müstəvidə təzahürüdür. Fransa parlamenti Avropanı məzhəkəli faşizmə sürükləyir. Bunun arxasında həm də sarkozisayağı yeni, amma primitiv olsa çox təhlükəli bir rasizm gizlənir. 2008-ci ilin qlobal maliyyə-iqtisadi böhranın ikinci dalgasından çıxmağın optimal üsullarını tətbiq etməyə gücü çatmayan bu cür üzdəniraq siyasətçilər bu böhrandan çıxmağın yolunu dünyanı çalxalamaqda görürlər. 1929-1933-cü il böhranından çıxış yolları tapılmayanda o vaxtkı “siyasətçilər” Avropaya faşizmi və onun törətdiyi bəşəri miqyaslı faciələri gətirdi.Tarix yenə təkrar olunur:Avropa bu dəfə 2008-ci il qlobql maliyyə bohranının  ikinci dalğasından çıxış yolu tapmaqda çətinlik çəkir. Mən inanıram ki, bu yöndə optimal yol tapılacaq. Amma yenə həmin kolibirdən olan siysətçilər qabağa çıxıb suyu bulandırmaq istəyirlər.Amma unudurlar ki, tarixdə hadisələr birinci dəfə faciə, ikinci dəfə isə məshəkə formasında özünu göstərir. Ona görə də Fransa Senatının bu qərarından əndişələnərək sadəcə narahatlıq hissi keçirmək  yox, onu məzhəkə formasına düşərək  özlərinə qarşı yönəlməsinə imkan verən tədbirlər görmək lazımdır. Azərbaycan cəmiyyəti toparlanmalı, bu məsələdə sadəcə Türkiyənin yanında yox, həm də yolunda olmalı, belə  siyasi əxlaqdan kənar siyasətin daşıyıcılarının siyasi karyeralarlna son qoyulmasına gətirib çıxara biləcək səviyyədə  layiqli cavablarını alması naminə səylər birləşdirilməlidir.

Həmin tədbirlərdən danışarkən Əli Məsimli  məsələyə 3 müstəvidə: diplomatik, əkstəbliğat və elmi münasibət müstəvilərindən cavab verilməsini zəruri saydı:

1.      Fransa dövlətinə rəsmi etirazla yanaşı ictimai etirazın da genişləndirilməsi;

2.      Türkiyə ilə tarazlaşdırılmış və razılaşdırılmış birgə diplomatik mövqe ortaya qoyulması;

3.      Qarabağla bağlı danışıqlarda Fransanın həmsədrlikdən kənarlaşdırılmasının və Avropa Birliyinin həmsədrliyi ilə əvəz olunmasının ATƏT-in Minsk qrupu çərçivəsindəki danışıqların davamının başlıca şərti kimi ortaya qoyulması;

4. Qondarma soyqrımı qəbul etmiş ATƏT-in Minsk qrupunin iki həmsədr dövlətin – Rusiya və Fransa qarşısında mövqelərinin dəyişməsi, dəqiqləşdirilməsi və qətiləşdirilməsi ilə bağlı rəsmi çağırışın  edilməsi;

5. Bu layihənin lehinə səs vermiş şəxslərin Azərbaycana gəlişinin rəsmən yasaqlanması;

6. Fransa parlamentinin hər iki palatasında  “erməni soyqırımı”nı inkara görə cinayət təqibi  haqqında qanunun əleyhihə səs verənlərin dəstəklənməsi və onların köməyi ilə  bu qanunun məhkəmə müstəvisində ən azı ifşasına, mümküm olsa isə ləğvinə nail olunması istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi;

7. Ermənistanı iqtisadi cəhətdən çökdürmək və Qarabağ danışıqlarında işğalçı mövqeyindən çəkindirmək məqsədilə Türkiyə dövləti tərəfindən Ermənistanla ilbəil artmaqda olan əlaqələrin kəsilməsi;

8. Türkiyə Cumhuriyyəti və Azərbaycan Respublikası arasında hərbi əməkdaşlığın genişləndirilməsi, birgə hərbi birliklərin və ordu birləşmələrinin yaradılması istiqamətində işlərin görülməsi istiqamətində fəallığın artırılması;

9. Milli Elmlər Akademiyasının Tarix İnstitutunun tərkibində xüsusi “soyqrım” labaratoriyasının yaradılması və onu işinin Türkiyənin müvafiq qurumlarının fəaliyyəti ilə əlaqələndirilməsi;

10. Avropada olan Türkiyə və Azərbaycan diaspora təşkilatlarının işinin daha səmərəli şəkildə əlaqələndirilməsi və türk dünyasından olanların bu işə cəlb edilməsi;

11. Hər iki ölkə Parlamentində Əlcazair və Xocali soyqrımlarının tanınması və qəbul edilən qanunun mətninə uyğun qanunların qəbul edilməsi;

12. Soyqrım ideyalarnın obyektiv araşdırılması məqsədilə BMT xətti ilə boyük bir komissiyanın yaradılmasına nail olunması. 

Bu işlər elə mükəmməl və real nəticələrə gətirə bilən variantda qurulmalıdır ki, həmin ucuz variantdan istifadə etməklə özlərinə xal toplamağa hazırlaşan  digər ölkələrin siyasətçiləri də bu işin perspektivsizliyini dərk etmiş olsun. Türkiyəni Avropaya buraxmamaq planının tərkib hissəsi olan bu layihələrin müəlliflərinə heç cür yaxın buraxmaq istəmədikləri bir həqiqəti anlatmaq zamanı çatıb ki, artıq çoxdan Avropada olan Türkiyəni Avropaya buraxmamaq və Qarabağı Azərbaycandan qoparıb Ermənistana vermək kimi məkrli və absurd planlara sərf  etdikləri vaxtlarını və enerjilərini maliyyə böhranından çıxmağa sərf etsələr, bundan həm öz ölkələri, həm də  bütün dünya udmuş olarlar”.

Sonda Əli Məsimli bildirib ki, Fransanın bu addımı  Azərbaycanla Türkiyəni daha da yaxınlaşdırmalı və bu iki qaraş ölkə arasında ortaq problemlərin həllində milli maraqların prioritet olduğu  fikirdə, sözdə və işdə nümayiş etdirilməlidir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal