Eldar Quliyev: “Türkiyədə Xocalı soyqırımını inkar edənlərin cəzalandırilması üçün qanun qəbul edilsin!”
"Fransa Senatında yanvarın 23-də qondarma “erməni soyqırımı”nın inkarına görə cəza nəzərdə tutan qanunun qəbulu tarixi ənənələri olan Fransa demokratiyasına ləkədir". Bu sözləri Modern.az saytına Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev deyib.
Onun sözlərinə görə, bu qanunun qəbulu nə Fransaya başucalığı gətirəcək, nə də Türkiyənin dünyada gündən-günə daha da artan nüfuzuna mənfi təsir göstərəcək.
Eldar Quliyevin fikrincə, Nikolas Sarkozinin növbəti prezident seçkilərində yenidən seçilməsinə, 500 min erməninin səsinin qazanılmasına hesablanan bu siyasi şou nəticəsində Fransa nəinki bütün türk dövlətlərinin, eləcə də demokratik dünyanın etimadını itirdi: “
Ona görə də demokratiya, insan hüquqları, söz və ifadə azadlığı prinsipləri ilə ziddiyyət təşkil edən bu qanunun qəbulu Fransanın beynəlxalq və regional proseslərdə iştirakına ciddi xələl gətirəcək”.
Millət vəkili deyib ki, Fransanın belə qanun qəbul etməsinin səbəblərindən biri də Türkiyənin Avropaya sıx inteqrasiya etməsi, yerləşdiyi bölgədə böyük nüfuz sahibi qazanan dövlət olmasıdır: “Son illər Türkiyə iqtisadiyyatı çox böyük sürətlə inkişaf edib. Bu isə Türkiyənin Avropa İttifaqına daxil olmasına qarşı çıxan Fransanı daim qıcıqlandırır. Xüsusən Fransada Sarkozi prezident seçildikdən sonra bu ölkənin bəzi siyasi dairələrində Türkiyəyə qarşı aqressiya artıb. Üstəlik, avrozona ölkələrində baş verən iqtisadi tənəzzül və bütün bunların fonunda qonşuluqda yerləşən Türkiyənin inkişafı, beynəlxalq və regional nüfuzunun artması bu aqressiyanı daha da artırır. Bütün dünya Fransa prezidentinin bu yaxınlarda Ermənistana səfəri zamanı söylədiyi fikirlərlə Türkiyəyə münasibətdə nə qədər cılız siyasət yeritdiyinin bir daha şahidi oldu”.
Eldar Quliyevin fikrincə, düşüncə azadlığına kobudcasına müdaxilə edən belə bir qanunun qəbulunda əsas məqsəd Sarkozinin növbəti seçkidə ermənilərin dəstəyini qazanmaq istəyidir: “Amma mən inanmıram ki, Fransa xalqına belə bir qanunun qəbulu gərəklidir. Çünki həm Fransada, həm də Ermənistanda çox yaxşı bilirlər ki, bu məsələdə söhbət fransızların ermənilərə diqqətindən və ya həssas münasibətindən getmir. Lakin bununla sübut olundu ki, hətta ən demokratik ölkələr hansısa şəxsi və siyasi ambisiyalar naminə əsas insan hüquq və azadlıqlarını, demokratik dəyərləri tapdalaya bilərlər. Bir daha aydın oldu ki, demokratik ənənələri ilə fəxr edən dövlətlərdə də şəxsi məqsədlər uğrunda mübarizədə haqq-ədalət tapdalanır. Ən əsası Fransanın bu addımı göstərir ki, dünyada ikili standartlar var və o, Azərbaycana və Türkiyəyə qarşı ən pis formada özünü göstərir. Xocalı soyqırımı tarixin uzaq keçmişində yox, cəmi 20 il əvvəl baş verib. Dünyanın gözü qarşısında baş verən bu hadisəni məgər Fransa siyasətçiləri bilmirlər? Niyə Fransa və digər Avropa ölkələri indiyədək bu məsələyə münasibət bildirmirlər? Amma 100 il əvvəl törədilməsi iddia olunan, ortada heç bir sübut və fakt olmayan qondarma hadisəni qanunvericilik orqanı səviyyəsində tanıyırlar”.
Millət vəkili qəti əmindir ki, burada söhbət Fransa prezidentinin şəxsi ambisiyalarından və bu ölkənin məlum siyasi dairələrinin qondarma "erməni soyqırımı" ilə bağlı mövqeyindən daha çox insanların hüquqlarının, ifadə azadlığının pozulmasından gedir: “Çünki bu qanun insanların söz azadlığının məhdudlaşdırılması deməkdir. Vətəndaşların konstitusion hüququnu, beynəlxalq konvensiyalarda təsdiq olmuş ifadə azadlığını demokratiya tarixi olan bir ölkədə necə əlindən almaq olar? Zorla sərbəst düşüncəyə, fikirlərə necə müdaxilə etmək olar? Quruluşundan və siyasi idarəetmə formasından asılı olmayaraq, dünyanın heç bir ölkəsində insanın fikirlərinə qanunla müdaxilə edilmir. Fransa sanki orta əsrlər dövrünə qayıdır və insanları 1 il həbs və ya 45 min avro cərimə ilə qorxutmaqla itaətə məcbur edir. Belə çıxır ki, xaricdən gələn hansısa ölkənin vətəndaşını qondarma "erməni soyqırımı"nı inkar etməyə görə həbs və ya cərimə edəcəklər. Bu, dünyada analoqu olmayan rüsvayçılıqdır. Bu, bəşəriyyətin qəbul etdiyi demokratik dəyərlərə qarşı çıxmaqdır. Ona görə dünya ictimaiyyəti, demokratik dövlətlər bu məsələyə münasibət bildirməlidirlər".
Eldar Quliyevin sözlərinə görə, bu cür antidemokratik qanun qəbul edən, erməniləri dəstəkləyən, Türkiyəyə qarşı ikili standartlardan çıxış edən belə bir dövlətin ATƏT-in Minsk qrupunun həmsədri kimi fəaliyyəti də şübhələr yaradır:
“Bütün bunlara əsaslanaraq demək olar ki, Fransa Minsk qrupunun həmsədri kimi obyektiv və neytral ola bilməz. Çünki bu ölkə Ermənistanın ədalətsiz mövqeyini dəstəkləyəcək və Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində maraqlı olmayacaq”.
Millət vəkili deyib ki, Türkiyə Qarabağ münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nizamlanmasını dəstəkləyib: “Qardaş ölkə beynəlxalq təşkliatlar səviyyəsində həmişə Azərbaycanın yanında olduğunu sübut edib. Azərbaycan da həmişə olduğu kimi, bu məsələdə də Türkiyənin yanındadır. Parisdə keçirilən mitinqlərdə minlərlə azərbaycanlının iştirakı göstərdi ki, Azərbaycanla Türkiyə ulu öndər Heydər Əliyevin dediyi kimi, bir millət, iki dövlətdir”.
Eldar Quliyevin fikrincə, ermənilərin Xocalıda 20-ci əsrin ən dəhşətli soyqırımlarından birini törətməsi faktından Türkiyə də bu ölkədə yaşayan ermənilərə qarşı istifadə edə bilər: ”Rəsmi məlumatlarda Türkiyədə 70 mindən çox erməninin yaşadığı bildirilir. Bundan başqa, ildə 300 mindən çox erməni müxtəlif məqsədlər üçün qardaş ölkəyə gəlib-gedirlər. Məncə, Türkiyə parlamenti əvvəlcə Xocalıda ermənilərin soyqırım törətdiyi haqda qərar qəbul etməli, sonra bu ölkədə yaşayan ermənilər əgər həmin hadisənin soyqırım olmadığını inkar edərlərsə, ən azı 50 min avro cərimə olunmalıdırlar. Düşünürəm ki, Türkiyə yalnız bu cür adekvat addımlar atmaqla qondarma “ermən soyqırımı” iddialarına qarşı səmərəlimübarizə apara bilər”.