Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, ölkəmizin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva bu gün qurumun sessiyasında çıxış edib.
Deputat Modern.az saytına bildirib ki, çıxışında diqqəti Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanda yaranan qadın probleminə yönəldib: “Öncə bildirdim ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra, qadın probleminin qoyuluşu və həllində, qadın hərəkatının geniş vüsət tapması və reallaşması sahəsində bizdə böyük dönüş olub. 1918 - ci ildə Azərbaycan müsalman Şərqində ilk demokratik respublikanın yaranandan sonra qadınlara seçmək və seçilmək hüququnun verildiyini bəyan etdim. Qeyd etdim ki, Azərbaycanda bu, bir çox Qərb ölkələrindən əvvəl baş verib. Məhz XX əsrdə ölkəmizdə qadın hüquqlarının təmin olunması məsələsi müxtəlif qanunlarında, bir çox digər rəsmi sənədlərində, öz əksini tapıb. Qərb və Şərqin, o cümlədən Azərbaycanın həyatında baş verən ictimai-siyasi və mədəni tərəqqi sahəsindəki bütün dəyişikliklərdə də qadınların rolu böyük olub”.
Çağdaş zamanda da Azərbaycanda qadın hüquqlarının müdafiəsi məsələlərinə böyük diqqət yetirdiyini deyən millət vəkili bildirib ki, 14 yanvar 1998-ci ildə Prezidentin Fərmanı ilə Qadın problemləri üzrə Dövlət Komitəsi yaradıldığını diqqətə çatdırıb: “2011-ci ildə “Xüsusi qayğıya ehtiyaclı qadın, uşaq, aztəminatlı ailələrin hüquqlarının təbliği məqsədilə Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin potensialının gücləndirilməsi” adlı layihənin həyata keçirilməsinə başlanılıb.
Milli Məclis 2010-cu ildə məişət zorakılığının qarşısının alınması haqqında Qanun qəbul edib. Bu Qanun ailələrdə məişət zorakılığının qarşısının alınması məqsədi ilə profilaktik tədbirlərin görülməsini nəzərdə tutur.
Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın ərazisinin 20%-ni işğal etməsi nəticəsində öz doğma evlərindən didərgin düşmüş bir milyondan artıq Azərbaycan vətəndaşı arasında qadınların sayı çoxluq təşkil edir. Məhz bu problemlərin həlli beynəlxalq təşkilatların daim gündəliyində olmalıdır”.
Modern.az