Modern.az

Babək haqqında yalanlar və gerçəklər...

Babək haqqında yalanlar və gerçəklər...

27 Yanvar 2012, 10:11

Bu kitabı, əslində, çoxdan oxumaq fikrim vardı. Ceyhun Bayramlı hələ bir neçə ay öncə onun təqdimatına dəvət edəndə verdiyi açıqlamalarda fərqli bir araşdırma sonucu ilə çıxış edəcəyini deyirdi. Yəni Babək haqqında bu vaxtadək deyilənlərdən və yazılanlardan fərqli bir şey gözlədiyimdən idi ki, həm həvəslə təqdimata getdim, həm də səbirsizliklə kitabı oxumaq üçün zaman ayarladım.

Söhbət 2011-ci ildə dərc edilmiş “Babək və hürrəmilik (yalanlar və gerçəklər)” adlı elmi-publisistik tərzdə qələmə alınmış yetərincə sanballı işdən gedir. Elə təqdimat mərasimində də qeyd edilmişdi ki, bu kitab Azərbaycan tarixində özünəməxsus yeri olan xalq qəhrəmanı Babək Xürrəminin həyat və fəaliyyətinə obyektiv baxışı ortaya qoymaq məqsədilə yazılıb. İlk səhifələrdə bununla bağlı qeyd edilir ki, bu vaxtadək Babək haqqında yazılanlar, xüsusən kommunist sovet rejiminin ideologiyasına cavab verməsi baxımından təhriflərlə dolu olub: “…tarixi şəxsiyyətlərin apardıqları mübarizənin mahiyyəti … sovet dövründə elə saxtalaşdırılıb ki, bu gün də xalqın böyük bir qismi ona bir zaman təqdim olunan yalanların həqiqət olduğunu güman etməkdədir”.

Özəlliklə də Babək haqqında birilərinin yenidən başlatdığı qaralama kampaniyası fonunda bu fikirlər çox yerinə düşür. Yerinə düşən daha bir fikir isə bundan ibarətdir: “Bu qəhrəmanların imkan daxilində hamısı, ən pis halda isə böyük əksəriyyəti ailəsi problemli, özü də sonsuz birisi kimi təqdim edilməkdədir”.

Müəllif qeyd edir ki, azadlıq uğrunda canını fəda etməyə hazır olan və bunu bacaran Babək zamanın xəlifələri və ümumiyyətlə Azərbaycan Türkünü kölə etmək istəyən hər kəs tərəfindən düşmən sayıldığı üçün onun barəsində saxta tarix yazılıb. Yəni bu gün tutarqa olaraq gördüyümüz ərəb və fars mənbələri, əslində, Babəkə düşmən olanların birtərəfli və qərəzli şəkildə qələmə aldıqlarıdır: “… bir qisim ərəb yazarları … sadəcə mükafat almaq, xəlifədən müəyyən imtiyaz əldə etmək, tanınmaq və sarayda söz sahibi olub özünə məxsus yer tutmaq niyyətilə Babəkin düşməni olan Abbasi xəlifələrinin istədiklərindən fərqli bir şey yazmayıblar”.

Və müəllif qeyd edir ki, “bu saxta məlumatlara istinad edən molla rejimi bu gün İranda soydaşlarımızı kafirlikdə, dindən sapınmaqda ittiham edir”. Nəzərə alsaq ki, hazırda Güney Azərbaycanda gedən milli azadlıq mücadiləsində soydaşlarımız Babəki özlərinin istinad nöqtələrindən biri kimi görür, İran molla rejiminin bu qəhrəmanımızı gözdən salmaq üçün dinsiz elan etməsi anlaşılandır.

Bir yerə toplaşanda 12-ci imam Həzrəti Mehdiyə salavat çevirən, imamların idarə etdiyi bir cəmiyyətə sahib xürrəmilər haqqında bu vaxtadək yazılan dinsiz yarlığını alt-üst etmək üçün, məncə, bu kitab yetərli istinad mənbəyi ola bilər.

Kitabın bir yerində oxuyuruq ki, xürrəmilərin məqsədi “İslama müqavimət göstərmək və onu məhv etmək deyildi”.

Ceyhun Bayramlı bu araşdırmasında o qənaətə gəlib ki, “batinilik, hürrəmilik, ələvilik, sufilik, hürufilik və daha sonra qızılbaşlıq ilahi düşüncəyə əsaslanan ruhani ideya zəncirinin müxtəlif zamanlarda özünü göstərmiş halqalarıdır”. Anlaşılan budur ki, Səfəvilərin qırmızı rəngi rəmz olaraq seçməsi kimi Babəkin də qırmızı bayraq altında hərəkət etməsinin bir zamanlar sovetlərin iddia etdiyi kimi kommunizmlə, sosializmlə heç bir əlaqəsi yox idi. Və xürrəmiləri, əslində, qızılbaşların əcdadları hesab etmək olar. Bu isə o deməkdir ki, Babək və tərəfdarları kafir olmayıb: “Hürrəmilik də daxil olmaqla bu təriqətləri İslamdan kənar hesab etmək, “kafir”, “rafizi”, “sapıq” adlandırmaq, yumşaq desək, qərəzli və yanlışdır”.

Məncə, sonuncu cümlədə ifadə edilən fikir günümüz üçün də keçərlidir. Xüsusən də birilərinin Babəki məhz sapıq adlandırması, gözdən salmağa çalışması fonunda. Bir zamanlar Azərbaycan Türklüyünü kölə halına salmaq istəyən ərəb xilafətinin eyş-işrətdən başı ayılmayan xəlifələri Babək haqqında necə sifarişli tarix yazdırmağa müyəssər olmuşdusa, bu gün də xəmiri eyş-işrətdən yoğurulan kimlərsə həmin siyasətin davamında maraqlı görünməkdədirlər. Təəssüflər olsun, əlbəttə.

Son olaraq qeyd etmək istərdim ki, beş il ərzində yüzədək mənbə üzərində aparılan araşdırmalar sonucu ortaya çıxan bu kitab Babək haqqında bizə sırınmış yanlış təsəvvürləri alt-üst etmək üçün çox ciddi qaynaq rolunu oynaya bilər. Bu baxımdan onun oxunmasını və təbliğini təkidlə tövsiyə edərdim. Ən adi bir həqiqəti anlamalıyıq ki, düşmənin bizim tariximizlə bağlı yazdırdıqları heç zaman obyektiv sayıla bilməz. Necə ki, bu gün çağımızın olaylarını işğalçı Ermənistan və ona açıq dəstək verən şovinist Rusiya ilə cahil İran molla rejimi göz görə-görə təhrif etməkdədir, bir zamanlar Babək və onun kimi qəhrəmanlarımız da eyni taleyi yaşamalı olublar. Ceyhun Bayramlı öz kitabında düşmənin Babək haqqında tam tərs bir tarix yazdığını sübut etməyi bacarıb. Halbuki bu cür araşdırmalar olmasa belə anlamalıyıq ki, bizə düşmən olanlar bizim haqqımızda təbii ki, heç zaman obyektiv yazmaz və danışmazlar. Ona görə də bu kitabı Babəkin gerçək kimliyinə işıq tutacaq bir qaynaq kimi dəyərləndirmək doğru olardı...

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər