“Siz qadınların sülh və əmin-amanlıq simvolu olması gerçəkliyinə kölgə saldınız”
Bu gün bir qrup qadın Fransa Senatında qəbul edilən uydurma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılması haqqında qanuna qarşı etirazını bildirib. Modern.az saytının məlumatına görə, "XXI əsr Qadınları" İctimai Birliyinin ofisində 40-a yaxın qadın cəmiyyət və birliklərinin nümayəndələrinin iştirakı ilə keçirilən iclasda bu qanunla Fransanın insan haqlarının qatilinə çevrildiyi bildirilib. Qanun layihəsinin müəllifinin qadın olması isə xanımları daha çox narahat edib.
Qadınların qəbul etdiyi bəyanatda qeyd olunur ki, bu qanun Fransa tarixinə insan hüquq və azadlıqlarına, fikir, söz və düşüncə azadlıqlarına, Avropa dəyərlərinə qara hərflərlə yazılacaq.
Layihənin müəllifi olan Valeriya Boyerə müraciətdə isə deyilir. “Hər bir siyasətçinin ən qiymətli dəyəri onun vicdanlı, obyektiv və ədalətli olmasıdır. Çox təəssüf ki, bu qanun təkcə kiçik bir qrupun maraqlarına xidmət etməsi ilə deyil, həm də tarixi saxtalaşdırmağa bir cəhd idi. Bununla da bu qanun dünyada insan hüquq və azadlıqlarının, söz və düşüncə azadlıqlarının qorunduğu ölkənizin imicinə zərbə oldu.
Siz isə sevinc göz yaşlarınızı axıdaraq, hazırladığınız bu mürtəce qanunla qürur duyduğunuzu bildirdiz”
Bundan başqa, müraciətdə V.Boyerin dünyadakı qadın birliyinin imicinə böyük xələl vurduğu vurğulanıb: “Beynəlxalq təşkilatların sənədlərində də əks olunmuş qadınların konfliktlərin həllindəki xüsusi rolu, onların sülh yaratmadakı missiyası və önəmi müasir dünyanın çağırışlarındandır. Təəssüf ki, Siz təkcə siyasətçiyə məxsus dəyərlərinizə deyil, həm də bir qadın olaraq qadınların tarixən sülh, əmin-amanlıq simvolu olması gerçıkliyinə də kölgə saldınız.
Görünür, gələcək nəsillərin yaddaşında bu missiya ilə qalmağınızın Sizin üçün heç bir əhəmiyyəti yoxdur.”
Bəyanatın bu gün Fransanın Azərbaycandakı səfirliyinə təqdim olunması qərara alınıb.
P.S.Yazı dərc olunarkən məlum oldu ki, qadın təşkilatlarının liderləri fransız dilində hazırlanmış bu müraciəti Fransanın ölkəmizdəki səfirliyinə təqdim ediblər. Məktubun bir sürəti isə Fransa parlamentinə göndərilib.