Modern.az

Azərbaycanın Dövlət Komissiyasının İşçi qrupu jurnalistləri günahlandırdı

Azərbaycanın Dövlət Komissiyasının İşçi qrupu jurnalistləri günahlandırdı

Təhsil

27 Yanvar 2012, 18:11

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu mətbuatı əsirlərlə bağlı yanlış məlumat yaymaqda günahlandırıb.
Modern.az-ın məlumatına görə, İşçi qrupu bəyan edib ki, jurnalistlərin onlara ünvanladığı suallara cavab verilməməsi barədə iddialar əsassızdir.

“Bildiririk ki, Komissiyanın İşçi qrupu jurnalistlərə həmişə açıqdır və öz işini şəffaf şəraitdə qurur. Bir qayda olaraq bizimlə əlaqə yaradan jurnalistlərə öş suallarını Komissiyanın elektron ünvanına göndərilməsi təklif edilir və suallarına yazılı cavab verilir. Lakin bəzi jurnalistlər maraqlandıqları məsələnin mahiyyətini öyrənmədən, tələsik hazırlanmış sualları telefon vasitəsi ilə ünvanlamağa və cavab almağa cəhdlər göstərirlər. Yuxarıdakı qayda onlara təklif edildikdə isə “Bizə cavab vermədilər”, “telefonu qapatdılar” və s. kimi fikirləri ictimaiyyətin diqqətinə çatdıraraq Komissiyanın nüfuzuna xələl gətirməyə çalışır, materialı isə öz bildikləri kimi, yaxud qeyri-peşəkar insanların və “ekspertlərin” fikri əsasında hazırlayırlar. Belə tələsik hazırlanmış materiallar isə kobud səhvlərlə zəngin olur”.

İşçi qrupu bəyan edib ki, hazırda Azərbaycanda bəzi mediada yazıldığı kimi, 8 deyil, 3 erməni əsir saxlanılır. Saxlanılan digər 5 nəfər isə bir ailənin üzvləri olan 5 mülki şəxsdir.

“Bu ailənin başçısı 2010-cu ilin yanvar ayında öz ailəsini maşına yığaraq onların həyatına böyük risq etmiş və Ermənistan-Azərbaycan sərhədini keçmişdir. Həm beynəlxalq, həm də ölkə qanunlarına nəzər saldıqda məlum olur ki, bu insanlar öz ölkəsindən imtina edərək Respublikamıza qeyri-qanuni yolla gəlmiş sərhəd pozucularıdır. Buna baxmayaraq, Azərbaycan Respublikası bu insanlara qarşı davranışında humanizm prinsiplərini rəhbər tutmuşdur. Hazırda onlar ölkələrindəki dözülməz vəziyyətə görə ora qayıtmaqdan imtina etdikləri üçün beynəlxalq təşkilatlar onların üçüncü ölkəyə göndərilməsi ilə bağlı məsələyə baxırlar. Girovlar isə beynəlxalq humanitar hüquqa əsasən, hərbi əməliyyatlar zamanı döyüş bölgəsində saxlanılan mülki əhalidir. Qarşı tərəfdə isə Beynəlxalq Qızıl Xaç Komitəsinin qeydiyyatında olan 1 Azərbaycan vətəndaşı saxlanılır. O, 23 yanvar 2012-ci il tarixdə Ermənistan hərbçiləri tərəfindən Azərbaycan Respublikasının Tərtər rayonu ərazisində, qoşunların təmas xəttində əsir götürülmüş Azərbaycan hərbçisi, 1990-cı il təvəllüdlü Axundzadə Məmmədbağır Talıb oğludur. Komissiya M.Axundzadənin azad olunması istiqamətində beynəlxalq təşkilatların vasitəçiliyi ilə müvafiq tədbirləri aparır və KİV-ə onunla bağlı tələsik və yoxlanmamış məlumatları yaymamağı tövsiyyə edir”.

Dövlət Komissiyasının İşçi qrupu jurnalistlərin diqqətinə çatdırıb ki, onları maraqlandıran sualları istənilən vaxt komissiyanın [email protected] adlı rəsmi elektron ünvanına göndərə və yazılı cavab ala bilərlər.

Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal