Modern.az

İlham Əliyev Davos Forumunda çıxış edib

İlham Əliyev Davos Forumunda çıxış edib

Təhsil

28 Yanvar 2012, 14:59

Yanvarın 27-də Davosda “Dünya iqtisadi liderlərinin qeyri-rəsmi toplantısı – 2012-ci ilin öhdəliklərinin müəyyənləşdirilməsi” mövzusunda toplantı keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev toplantıda iştirak edib.
İsveçrənin Davos şəhərində 42-ci Dünya İqtisadi Forumunun illik toplantısında müasir dövrün siyasi-iqtisadi problemlərinin, eləcə də qlobal inkişafın doğurduğu əsas problemlərin həlli üçün işgüzar tərəfdaşlığın genişlənməsi ilə bağlı məsələlər müzakirə olunub.
Modern.az AzərTAc-a istinadən bildiri ki, Toplantıda 100-dən artıq ölkədən 2500-dən çox nümayəndə, o cümlədən dövlət və hökumət başçıları, eləcə də tanınmış şirkətlərin təmsilçiləri, iqtisadçılar, alimlər, ekspertlər, beynəlxalq təşkilatların və KİV-lərin rəhbərləri iştirak ediblər.
“Dünya iqtisadi liderlərinin qeyri-rəsmi toplantısı – 2012-ci ilin öhdəliklərinin müəyyənləşdirilməsi” mövzusu nahar əsnasında keçirilən paneldə müzakirə olundu.
Azərbaycan Prezidenti İlham Əliyev toplantıda çıxış edib.
Dövlət başçısı ölkəmizin keçdiyi tarixi inkişaf yolundan, demokratik ənənələrə söykənən dövlətçilik tarixindən danışıb, bildirib ki, Şərqdə ilk demokratik respublika məhz Azərbaycanda 1918-ci ildə yaradılıb.
Prezident İlham Əliyev ölkəmizin XX əsrin sonlarında müstəqilliyini yenidən bərpa etdiyini bildirib, 20 il ərzində Azərbaycanda dövlət quruculuğu, demokratiyanın təmin olunması, siyasi-iqtisadi sahələrdə görülən işlərə, ictimai-siyasi sabitlik və digər məsələlərə toxunub. Azərbaycan Prezidenti diqqətə çatdırıb ki, son illər ölkəmizdə ictimai-siyasi sabitliyin təmin olunması və demokratiyanın inkişafında böyük addımlar atılıb.
Azərbaycanın zəngin enerji ehtiyatlarına malik olduğunu vurğulayan dövlət başçısı bu gün respublikamızın Avropanın enerji təhlükəsizliyinin təmin olunması işində fəal iştirak etdiyini və bu sahədə böyük nailiyyətlər qazanıldığını, həmçinin əlverişli coğrafi-siyasi məkanda yerləşən ölkəmizin beynəlxalq aləmdə regional əməkdaşlıq işlərinə mühüm töhfələr verdiyini də bildirin.
Azərbaycanın beynəlxalq nüfuzunun durmadan artdığını qeyd edən Prezident İlham Əliyev deyib ki, ölkəmizdə bu gün qeyri-neft sektoruna da böyük diqqət yetirilir.
Dövlət başçısı ölkəmizdə informasiya-kommunikasiya texnologiyaları, sənayeləşdirmə və digər sahələrin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən işlərdən danışıb. Prezident İlham Əliyev deyib ki, dünyada baş verən maliyyə böhranına baxmayaraq, Azərbaycanda dinamik inkişafın və iqtisadiyyatın çoxşaxəliliyinin təmin olunmasında böyük işlər görülüb.
Prezident İlham Əliyev Azərbaycanda təhsilin inkişafına dövlət səviyyəsində göstərilən diqqəti də qeyd edib.
Azərbaycanın qarşısında bütün sahələrin inkişafı ilə əlaqədar mühüm vəzifələrin durduğunu bildirən dövlət başçısı ölkəmizin bu istiqamətdə səylərini davam etdirəcəyinə və yeni uğurlara nail olacağına əminliyini bildirib.
Toplantıda, eyni zamanda, Ukrayna Prezidenti Viktor Yanukoviç və Rusiyanın VTB Bankının prezidenti Andrey Kostin də çıxış ediblər.
Sonra toplantı iştirakçıları sualları cavablandırıblar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal