Türkiyə xarici vətəndaşların ölkəyə gəlmə və səfərləri ilə bağlı qanuna dəyişikliklər etməyə hazırlaşır. Modern.az türk KİV-lərinə istinadən bildirir ki, bu barədə türk Miqrantlar Assosiyasiyasının prezidenti Sefik Gürböz məlumat verib. Onun sözlərinə görə, bu dəyişikliklə bağlı məsələ gələn həftə müzakirəyə çıxarılacaq.
Gürböz deyib ki, iqtidar bu yolla qeyri-qanuni əmək miqrantlarının qarşısını almağa çalışır. Bununla yanaşı, o açıqca qeyd edib ki, qanuna dəyişikliyə Fransa Senatının qəbul etdiyi ermənipərəst qərarın fonunda baxmaq lazımdır. Bu isə o deməkdir ki, Türkiyəyə iş dalınca gələn Ermənistan vətəndaşları bu dəyişikliyin sərt üzünü dadacaqlar.
Gürböz bildirib ki, “bu qanun ermənilərə qarşıdır”. Belə ki, qanunun əsas hədəfi Türkiyədə qeyri-qanuni məskunlaşmış ermənilər olacaq.
Qeyd edək ki, Fransa Senatı məlum qərarı qəbul etməzədən əvvəl Ərdoğan bəyan etmişdi ki, “bu düzgün almayan addım Türkiyədə yaşayan ermənilər üçün ciddi problemlər yaradacaq”.
Bir sıra mənbələrə görə, Türkiyədə 200 mindən yuxarı erməni miqrantı qeyri-leqal olaraq işləyir.
X.SƏFƏROĞLU