Ayın 17-dir. Kiçik çavuş Əhmədov Rəvan bizə Şəki Sərhəd Dəstəsinin yaranma tarixindən danışır. Deyir ki, hərbi hissəmiz 1995-ci ildə yaranıb... Hava isti olsa da, qəfil yağış başlayır. Zabitlərdən biri gəlib yaxşı əl qabiliyyəti olan üç əsgər istəyir. Tez əlimi qaldırıram...Həm də sinif otağında darıxırdım... Mən, Səfərov Rasim və tərtərli Ağayarov Nahidi hərbi hissənin klubuna aparırlar. Kiçik çavuş Bəşirov Ayaz da bizimlədir. Axşamüstü kiçik çavuş Ağayev və kursant Şəkərov Fikrət qaydalara əməl etmədiyimə görə mənə xəbərdarliq edirlər.
18 iyul. Saat 7-də oyanıb səhər idmanı edirik. Hava dumanlıdır. Yeməkdən sonra gənc əsgərlərin boyu və çəkisi ölçülür. Amma əhvalımız pozulub. Səhər idmanında əsgər yoldaşımız Xudiyev Ruslan yıxılıb, belindən ağır zədə alıb. Gündəliyimdən olduğu kimi: “Darıxıram. Artıq beş günümüz arxada qalıb. Hava mülayimdir. Sinif otağında dərs keçəndən sonra plasta düşüb sıra hərəkətləri keçirik. Deyilənə görə, sabah Dövlət Sərhəd Ximətinin rəisi Elçin Quliyev Şəki Sərhəd Dəstəsinə gələcək. Axşam divar qəzetini hazırladığımdan xeyli gec yatdım”.
Ayın 19-u mənimçün möhtəşəm başlasa da evə zəng eləməyim kefimi əməllicə pozur. Anam deyir ki, kimsə zəng edib hərbi hissədə dalaşdığımı və həbs olunacağımı bildirib. Anamla sağollaşıb məsələni araşdırmağa çalışıram. Şəkidə yaşayan qohumum Natiq də hərbi hissəyə gəlib...Nəysə...Bu gecəni də vaxtında yata bilmirəm-1-də.
İyul ayının 20-dir. Ənənəvi səhər idmanı, yemək və 10 dəqiqəlik siqaret fasiləsindən sonra sinif otağında kursantlar Əliyev Rüfət Firudin oğlu və Şəkərov Fikrət bizimlə söhbət edirlər, hərbi biliklərini paylaşırlar. Bu arada qeyd edim ki, kursantların hər ikisi yaşca məndən balacadırlar. Amma hərbi hərbidir. Burda səlahiyyətlər yaşa görə bölünmür. Polkovnikin tabeçiliyində ondan on yaş böyük kapitanlar var...
21 iyul 2007-ci il. Həftənin şənbə günüdür. Deməli, matraslarımızı-döşəklərimizi aparıb hərbi hissənin stadionunun yanında çırpmalıyıq. Əla mənzərədir-partapart, partapart...çırphaçırp, vurhavur, toz-duman...İndi asudə vaxtdır. Nahardan sonra saat 15:00-dan 17:30-a kimi yatıram. Təlimatdan sonra saat 7-də xidməti təhvil alırıq. Əmircanlı Xəlilov Aqşin, Səkkizinci kilometr qəsəbəsindən Şahverdiyev Ramin və əslən Şuşadan, özü isə İsmayıllıda yaşayan Əhmədov Seyfəddin Zakir oğlu xidmət yoldaşlarımdır. Aqşin təmkinli uşaqdır. Ramin isə parodiya eləməyi çox xoşlayır və bu onda əla alınır. Sifətcə xarici aktyorları, bir qədər də tanınmış alman futbolçu Mixael Ballakı xatırladır. Kompüteri də çox gözəl bildiyindən tez-tez qərargaha aparırlar onu. Təbii ki, bir əsgər üçün bundan daha yaxşısı ola bilməz vaxtın getməsi anlamında. Seyfəddin isə el dilində desək, malın biridir. Heç elə bil bu uşağın dünyadakı bicliklərdən, gicliklərdən xəbəri yoxdur. Bir özəlliyi də var-əlləri hərbi geyimin cibinə sığışmır. Fürsətdən istifadə edib sinif otağında “Bu şəhərdə”yə baxırıq Raminlə. Elə bil gecə birdə yatmaq lap boyuma ölçülüb. Bu gecə də elə...
...04:30-da Raminlə oyanırıq ki, Aqşinlə Seyfəddin yatsın. Yenə ənənə-səhər idmanı, yemək...Kiçik çavuş Əhmədli Fərhad da bizə gördüyümüz işlərdə kömək edir. Hər halda hiss edirəm ki, tabeçiliyində olanların üçü-Seyfəddindən başqa hamımız ondan yaşca böyüyük, ali təhsilliyik deyə üzərində bir təzyiq hiss edir. Ümumiyyətlə, Fərhad ali təhsilli və yaşlı əsgərlərə yaxşı münasibətinə görə fərqlənir digərlərindən. Amma eşitdiyimə görə, bir az xəbərçiliyi var. Ehtiyatı əldən vermək olmaz. Həm də o “xəbərçilər məskəni” sayılan bölgəni təmsil edir. Bu da əsgərliyin bir qaydasıdır. Yəni zamanında kiminsə hansı bölgəni necə təmsil etməsindən asılı olaraq, həmin rayondan olan digər əsgərlər barədə fikir formalaşır. Burda yalnız istisna hallar var. Məsələn, “xəbərçi bölgəsi” imici qazanmış bir bölgədən olan hansısa əsgər nə qədər yaxşı olmalıdır ki, ona qarşı münasibət dəyişsin. Bu arada bir haşiyə də çıxım-hər “prizivin” də öz ləqəbi var. Məsələn, mənim təmsil etdiyim iyul çağırışı “aftafa” ləqəbiylə tanınır. Eşitdiyimə görə, bir neçə il əvvəl Neftçaladakı hərbi hissədə iyul çağırışçısı olan bir əsgər susuzluğa dayana bilməyib və aftafadakı suyu içib. Hərbi də elədir ki, istənilən xəbər ən qısa zamanda bütün hissələrə yayılır. Burda isə əsgərlərdən olan sürücülərin müstəsna rolu var. Yəni onlar rəhbər şəxsləri gəzdirdiklərindən bütün zastavalarda, hissələrdə olmaq imkanları bizim kimi adi əsgərlərdən daha çoxdur. Məsələn, mən hərbi hissədən çıxmaq üçün yanıma kiminsə gəlməsini, yaxud poliqona getməyimizi gözləməliyəmsə, onlarçun hərbi hissədən bayıra çıxmaq adi haldır. Deyəsən bu haşiyə çox uzun çəkdi. Oktyabrda hərbiyə gələnlər isə “suka prizivi” kimi tanınırlar. Səbəb isə belədir. Deməli, həmin bu “oktyabrlar” əsgərliyə yeni gələndə köhnə əsgərlər onları incidiblərmiş. Onlar isə gecənin bir aləmində alt paltarında qərargaha qaçıb bunu xəbər veriblər. O üzdən də oktyabrlara bəzən də “belyo prizivi” deyirlər. Təbii ki, bu mənim xidmət elədiyim Sərhəd Qoşunlarına aiddir və digər qoşun növlərində də belədir bildiyimə görə. Yanvar və aprel ayında hərbiyə gələnlər isə hər zaman ortabablardan sayılıblar. Yəni bu çağırışçılardan az hallarda “yaxşı oğlanlar” çıxır. Bu da mənim eşitdiyimdir və tam obyektiv sayıla bilməz. Haşiyə bitdi.
Hələ də günümüz davam edir və jurnalist olduğumu bilən kursantlar məndən tanınmışlar haqda nələrisə öyrənməyə çalışırlar. Doğrusu, əsgərlikdə olduğum müddətdə jurnalist olmağım, ümumiyyətlə tanınmışlardan nəyisə bilməyim dəfələrlə məni çıxılmaz duruma salıb. Hətta buna görə cəzalanmışam da. Bu barədə söhbətimizin növbəti hissələrində daha ətraflı məlumat verməyə çalışacağam.
...Qohumum Natiq yanıma gəlib. Gündəliyimdən: “Natiqlə ayran içdik, qoz yedik və mənə beş manat pul verdi. Nahardan sonra naryadı davam etdik və axşam saat 7-də təhvil verdik”.
Bizim hərbi hissədə belə bir qayda var idi. Yatmazdan əvvəl dövlət himnini oxumaq gərəkirdi. Elə bu axşam da oxumalıydıq. Amma nədənsə, oxumağımız kursantın xoşuna gəlmir və bizə “jim vəziyyətini alın” deyə əmr edir. Əksəriyyət qərara biganədir, anlaşılmazlıq yaranır. Saat 23:05-də yatırıq.
23 iyul 2007-ci il. Həftənin birinci günüdür. Hərbi dillə desək, bazar ertəsi “komandir günü” adlanır. Yəni həmin gün düz iki saat səhər baxışı olur, komandir geridə qalan həftənin yaddaqalan, xoş və pis hadisələrindən danışır, elə sıra önündəcə kiminçünsə xoş, kiminçünsə arzuolunmayan qərarlarını açıqlayır. Bu arada deyim ki, polkovnik Əbülfəz Hümbətov çox sərt adamdır. Hətta bu sərtliyinə görə sərhəd qoşunlarında onu “ustav Əbülfəz” kimi tanıyırlar. Məsələn, hansısa hərbi hissədə idarəolunmazlıq varsa, dərhal ora komandir göndərilir. Elə xidmətimizin sonrakı hissəsində belə də oldu. Horadizdəki hərbi hissədə əsgəri güllələmişdilər və üstündən iki gün keçməmiş vəziyyəti nəzarətə götürmək üçün polkovnik Hümbətov ora komandir göndərildi. Bir də ki, bu adamın qəribə sıra yerişi var idi. Ayaqları Hacıbaba Bağırovun ayaqlarını xatırlatdığından. “şaqat” eliyəndə maraqlı görünürdü. Həm də bir az kilolu idi. Deyilənə görə, yaşı 45-dən çox deyildi. Amma yaşlı görünürdü.
“Komandir günü”ndən sonra təlim zastavasının rəisi baş leytenant Namiq Ocaqverdiyev və təlim-tədris mərkəzinin rəisi mayor Ağayev Rəşad bizi təlimatlandırırlar.
Ayın 24-dür. Günün ən yaddaqlan hadisəsi o oldu ki, günorta Saat 1-dən axşamüstü 5-ə kimi vaxtımız plastda təpik döyməklə keçdi. Sıra hərəkətlərindən sonra sinif otağında AK-74 avtomatı haqqında dərs keçirik. Ardınca bizə paylanan zərflərin içərisinə evə yazdığımız məktubları qoyub evə göndəririk. Doğrudan da maraqlı anlarıdr. Əslində evlə telefonla danışmaq da olardı. Amma məktub yazmaq tamam başqa ləzzətdir axı. Axşam yeməyində hərbi hissənin yeməkxanasının baş aşbazı, cəlilabadlı Əliyev Mirəli ilə mübahisəm yaranır. Mübahisənin nə üstündə yarandığını bilsəniz... Deməli, adətən köhnə əsgərlər yeməkxanaya girən kimi bir bəhanə ilə aşbaza yaxınlaşıb ondan soğan alırlar. Təbii ki, o da hər kəsə verilmir. Gərək aşbazın sənə bu soğanı verməsi üçün ya cibində 1-2 dənə artıq siqaretin olmalıdır, ya da böyük nüfuzun. Mən də bütün bu prosesləri izləmişdim və elə yeməkxanaya girən kimi xəlvəti aşbaza yaxınlaşdım. Reaksiyası belə oldu: “Duxa bax a, bu da soğan istəyir”. Təsəvvür edirsiniz, soğan nüfuz məsləsi imiş. Yəni Əliyev Mirəli demək istəyir ki, buna baxın, hələ bir ayı tamam olmayıb, soğan istəyir. Soğan haaaa. Nəysə beləcə Mirəliylə mübahisəmiz hər ikimizçün yaxşı qurtarır. Çünki bu adam öz çağırışçı yoldaşları arasında o qədər də böyük nüfuza malik deyildi. Biz isə təzə getdiyimizdən ən azı 3-5 nəfər bir yerdə olurduq. Söhbət gənc əsgərlərdən gedir. Digər tərəfdən fiziki göstəriciləri nəzərə alanda Mirəli o qədər də güclü biri deyildi. Məsələn dalaşsaydıq, təxminən belə bir nəticə ola bilərdi-bir yumruq o vuracağı halda, üçünü mən vura bilərdim. Amma yaxşı ki, olmadı. Çünki hərbi hissənin hər yeri kameradır. Bir yumruq vursan günlərini, aylarını “dizbat”da çürütməlisən. Üstəgəl bu günlər sənin hərbi biletinə həbs kimi düşəcək və xidmət vaxtından da sayılmayacaq. Necə ki, hərbi hissəmizdə Gəncədən Hacıyev Qoşqar adlı biri var idi. Düz 27 ay idi ki, evlərinə gedib çıxa bilmirdi yazıq uşaq. Gah kimisə vururdu, gah biriylə mübahisəsi düşürdü, dalaşırdı, həbs olunurdu. Onunla əsgərliyə gələnlər neçə ay idi ki, evdəydilər. Hətta hərbi hissənin komandiri də onu şəxsən tanıyırdı. Çünki zabitlər arasında baş tutan futbol matçlarında əksər hallarda qapını o qoruyurdu. Elə bu günkü oyunda da...
Maraqlı olan bir məqam da ondan ibarətdir ki, bu meydançada əsgərlər nadir hallarda futbol oynayırdılar. Bizə qalan isə zabitlərin oyununa baxıb qurdumuzu öldürmək idi. Etiraf etmək lazımdır ki, onların aralarında da yaxşı oyun göstərənləri var idi. Məsələn, bizim birbaşa komandirimiz olan baş leytenant Ocaqverdiyev çox sürətli idi. Mərkəzləşdirilmiş Təmir Emalatxanası (MTE) bölüyünün komandiri, əsgərlər və zabitlər arasında “afto” ləqəbiylə tanınan kapitan Aftandil Bayramovun oyununu isə görmək sözün əsl mənasında ləzzət verirdi. ..