“Ortaq Dəyərlər” İctimai Birliyi “Azərbaycan dilinin saflığının qorunması ilə bağlı maarifləndirmə tədbirlərinin keçirilməsi” mövzusunda konfrans keçirib. Azərbaycan Respublikasının Prezidenti yannıda QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyilə təşkil olunan konfransda rəsmi qurum nümayəndələri, media və QHT təmsilçiləri, ziyalılar iştirak ediblər.
Konfransı açan “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal Azərbaycan xalqının öz dilinə və müstəqilliyinə məxsus olmasının onun tarixi şansı olduğunu bildirib: “Bu gün elə xalqlar var ki, dövləti mövcuddur, amma dövlətində öz dili hakim dil deyil. Bu gün bizim dövlət dilimizin, ana dilimizin tarixin keşməkeşlərindən keçərək müasir dillər cərgəsində yer tutması tarixi nailiyyətimizdir. Dilimizi qorumaq, onun tətbiqi dairəsini genişləndirmək hər birimizin ümdə vəzifəmizdir”.
Jurnalist-ekspert Seymur Verdizadə qeyd edib ki, hər bir xalqın milli-mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Dil hər bir xalqın varlığının ən əsas, bəlkə də yeganə təminatçısıdır. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Ana dilimiz xalqın keçdiyi bütün tarixi mərhələdə onunla birgə olmuş, onun taleyini yaşamışdır. Əsrlər, qərinələrdir ki, xalqımızın əbədiyaşarlığına xidmət edən ana dilimiz qədim tarixə malik olan, min illərin müxtəlif burulğanlarından alnıaçıq, üzüağ çıxaraq müasir dövrə gəlib çatmış ən böyük mənəvi sərvətimizdir. Ana dilimiz dövlət rəmzlərimiz olan himn, gerb, bayraq kimi müqəddəsdir.
QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli 70-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Rus dilinin hüquqlarının genişləndirilməsi ilə əlaqədar “vahid dil” siyasəti daha geniş şəkildə təbliğ olunurdu. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq çox riskli və qorxulu idi. Dil məsələsini qabardanlar Sibirə sürgün olunurdu. Hətta milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Çünki bu, onlardan ötrü tale məsələsi ola bilərdi. Bütün bunlara baxmayaraq, o vaxt Azərbaycan Respublikasının rəhbəri olan Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirmişdi.
Konfransda İnformasiya Təşəbbüslərinə Dəstək İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə, türkiyəli ekspert Ayhan Yellice və digər iştirakçılar mövzu ilə bağlı fikirlərini bölüşüblər.