Modern.az

İlham Heydəroğlu, Rüstəm İbrahimbəy, Xuraman Şuşalı…

İlham Heydəroğlu, Rüstəm İbrahimbəy, Xuraman Şuşalı…

30 Yanvar 2012, 09:50

Türkiyə Böyük Millət Məclisinin üzvü, Milliyyətçi Hərəkat Partiyasının Iğdırdan olan millət vəkili Sinan Oğanın da qatıldığı heyətin ötən həftə Azərbaycana etdiyi səfər maraq doğurmaya bilməzdi. Məsələ bəlli idi: Fransanın məlum ayıbı müzakirə ediləcək və Azərbaycanın ən yüksək səviyyədə buna münasibəti öyrəniləcəkdi.

Öyrənilmiş də. Sınan bəy Türkiyədə verdiyi açıqlamada Prezident İlham Heydəroğlunun ona dediklərini qısaca özətləmiş və şəxsən mənim üçün xoş olan bir münasibəti gün işığına çıxarmışdır: Prezident İlham Heydəroğlu açıq şəkildə demişdir ki, Fransa məsələsində Azərbaycan heç də iddia edildiyi kimi susqun deyil. Bizim dövlətimiz ən yüksək səviyyədə bu məsələ ilə məşğuldur və hətta cənab Heydəroğlu Orta Asiya türk dövlətlərinin başçıları ilə də bu məsələ haqqında müzakirələr edibmiş. Və Prezident Sinan bəyə deyib ki, “qardaşın qardaşı üçün etdiklərini reklam eləməzlər”. Yəni Prezident Heydəroğlunun açıqlamasından anlaşılır ki, şəxsən o özü heç də susqun deyil. Bu, məsələnin sevindirici tərəfidir. Təbii ki, buna görə cənab Prezidentə bir vətəndaş olaraq təşəkkür edirik.

Ancaq bir məsələdə hörmətli Prezidentimizlə (gərək bizi bağışlasın) razılaşa bilmirik. Bizim fikrimizcə, indiki mərhələdə “qardaşın qardaşı üçün etdiyini reklam eləmək” lazımdır. Həm də çox lazımlıdır. Çünki nəinki Fransa, bütün dünya görməlidir ki, bir türk dövlətinə qarşı edilən ədalətsizliyə digər türk dövlətləri də duyarsız qalmırlar.

Bunu reklam eləmək lazımdır. Özü də ən yüksək səviyyədə. Düşünürük ki, cənab Prezidentin hansısa yeraltı keçidin açılışında iştirakını sağa-sola, gərəkli-gərəksiz reklam etməkdənsə, bu cür çox önəmli, ümumtürk mənafeyinə uyğun addımını ən yüksək səslə reklam etmək lazımdır. Bu, həm də onun siyasi kapitalına çox ciddi artış gətirə bilər.

Ötən həftə gündəmdə olan məsələlərdən biri də tanınmış aydınlarımızdan biri, “Oskar”lı Rüstəm İbrahimbəyin Azərbaycan-Fransa Mədəni Əlaqələr Cəmiyyətinin prezidentliyindən, həmçinin Fransadan aldığı “İncəsənət” ordenindən (medalından) imtina etməsi oldu. Bu yolla o, Fransanın ayıbına öz təpkisini göstərdi və deyərdim ki, yetərincə təsirli bir addım atmış oldu. Rüstəm bəy öz addımını belə izah etdi: “Bu yeni qanunun Türkiyə əleyhinə olduğu görünür. Ancaq onun girovları bütün türk dünyasıdır və mən də bir Azərbaycan vətəndaşı kimi elan edirəm ki, bu mürəkkəb vəziyyətdə Azərbaycan-Fransa Mədəni Əlaqələr Cəmiyyətinin prezidenti kimi aldığım Fransanın ədəbiyyat və mədəniyyət ordenindən imtina etməyə bilmirəm”.
İctimai rəy Fransadan orden-medal alan başqalarının da bu addımı atıb-atmayacağını sorğulamaqdaykən Azərbaycan Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslan da arzu olunan açıqlama ilə çıxış etdi: “2000-ci ildən Fransa Milli Mətbəx Akademiyasının fəxri üzvüyəm. Fransa hökuməti mənə Akademiyanın orden və medalını verib. Fransa Senatının qəbul etdiyi məlum ermənipərəst qanuna bir Azərbaycanlı olaraq etiraz edirəm. Əgər Fransa prezidenti Nikola Sarkozi həmin qanunu təsdiqləsə, onda Fransa Milli Mətbəx Akademiyasının fəxri izvlüyündən imtina edib, orden və medalı qaytaracağam. Eyni zamanda Azərbaycan Milli Kulinariya Mərkəzi olaraq Fransa ilə bütün əməkdaşlıqdan da imtina edəcəyik”. Məncə, şərhə gərək yoxdur.

Bunun ardınca heç kimin gözləmədiyi bir halda müğənni Xuraman Şuşalının açıqlaması ortaya çıxdı: “Bu qərardan sonra hətta mahnıya belə nifrət etdim. İçində vətənpərvərlik hissi olan hər bir kəs, məncə, eyni addımı atardı. Həmin mahnıya bir daha qayıtmaq fikrində deyiləm. Baxmayaraq ki, onun hazırlanmasına heç də az vəsait xərcləməmişdim”. Söhbət Xuraman xanımın külli miqdarda vəsait sərf edərək ifa üçün hazırladığı hansısa fransız mahnısından gedir. Fransa parlamentinin qərarı onun da milli kimliyini yerindən oynatmış olmalı ki, çox zaman adi bir müğənni kimi siyasətdən uzaq sandığımız bu xanım da təpkisini bu cür dilə gətirmişdir.

Və hələlik adlarını çəkmək istəmədiyimiz yetərincə yüksək rütbəli başqa Azərbaycanlılar da var ki, onların Fransaya təpkisini görməyi çox arzuladığımızı burada ifadə edirik.

İndi isə başqa bir məsələyə də toxunmaq istərdik. Özəlliklə də Xuraman Şuşalının fransız mahnısından imtinasını lağlağıya çevirənlər oldu. Hətta elə adamlar da tapıldı ki, onlar bu gənc xanımın addımını olmazın yerlərə yozdular. Guya Xuraman xanım özünü Rüstəm İbrahimbəylə bir sırada göstərmək, nə bilim, ictimai rəylə manipulyasiya üçün atıb. Düzü, bu cür fikirləri oxuyanda xeyli pəjmürdə oldum. Rütbəsindən və vəzifəsindən asılı olmayaraq bir Azərbaycan vətəndaşı, məqsədi nə olursa olsun, ümummilli məsələdə öz təpkisini bacara bildiyi qədər ifadə edirsə, buna sevinmək lazımdır. Ancaq bizim bəzi insanlarımız burda da “nəsə” axtarmağa çalışırlar.

Mən şəxsən Xuraman Şuşalını tanımıram. Açığı, əksəriyyəti dedi-qodu ilə məşğul olan bu “şou-biznes” əhli heç zaman diqqətimi cəlb etməyib. Ona görə də çox zaman kimin kim olduğunu da heç bilmirəm. Necə deyərlər, qurunun oduna yaşı da yandırmış oluram. Məni qınamalı da deyil. Çünki bunların birisi Xocalı soyqırımı günündə İsraildə konsert verir, sonra da çıxıb özünü ən vicdanlı elan edən bir TV kanalında “mən türklərə nifrət edirəm” deyirsə, yaxud da başqa birisi əndamının əzalarını nümayiş etdirməklə məşhurlaşıb “Əməkdar artist” adı alır, ardından da ölkə Prezidentinin ona bağışladığı evi nə etdiyi ilə bağlı suala “ondan garderob kimi istifadə edirəm” tərkibli qanacaqsız bir cavab verirsə, başqa birisi isə Suraxanıda uşaq doğub bu doğuşu guya Moskvada gerçəkləşdirdiyi haqqında şayiələr buraxırsa, bir digəri də Moskvada hansısa restoranda keçirilən toydakı çıxışını Azərbaycana qayıdandan sonra “beynəlxalq səviyyəli solo konsert” kimi qələmə verirsə, bunlarla mənim nə işim ola bilər axı? Üstəlik, hələ bir nəzərə alsaq ki, Azərbaycan TV kanallarına demək olar ki, baxmıram (İTV və Az.TV istisnadır), onda milli hislərini hayqırmağa KİŞİLİYİ çatan Xuraman Şuşalıdan da yetərincə xəbərsiz olmağım anlaşılan olsun gərək. Sözümün canı odur ki, Xuraman Şuşalının bu məsələdə sərgilədiyi münasibət təqdirəlayiqdir və haqlı olaraq biriləri üçün örnək sayıla bilər.

Bir daha o məsələyə qayıtmaq istərdim ki, hər kəs bacardığı təpkini versə, nəinki Fransa, bütün dünya türkün gücü önündə özünü yığışdırmalı olar. Cənab Prezident İlham Heydəroğlu sahibi olduğu kürsü səviyyəsindən, Rüstəm İbrahimbəyTahir Əmiraslan öz çapından və Xuraman Şuşalı da sahib olduğundan artığını edə bilməz təbii. Və əsas odur ki, hər kəs bacardığı qədərini edir. Buna sevinmək lazımdır. Həm də bunu bir örnək olaraq yalnız dedi-qodunu özünün mövcudluq forması sayan bəzi “sənət adamları”nın, lap elə siyasət adamlarının da gözünə soxmaq (bu ifadəni işlətməkdən heç də çəkinmirəm) lazımdır. Bu millət işçisi, kəndlisi, şairi, müğənnisi, aydını, alverçisi, prezidentiylə ümummilli məsələlərdə bir olmadıqca, dərdlərimiz dərd olaraq qalacaq. Bunu da unutmamalı…

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər