Modern.az

Türkiyə-Fransa qarşıdurması NATO-nu parçalayır

Türkiyə-Fransa qarşıdurması NATO-nu parçalayır

Təhsil

31 Yanvar 2012, 15:35

Fransa Senatında “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılması haqda qanunun qəbulu Türkiyənin NATO-dan uzaqlaşması ilə nəticələnə bilər. Bu haqda Türkiyənin diplomatik mənbələrindən məlumat daxil olub. Məlumatda qeyd edilir ki, Fransanın Türkiyəyə qarşı atdığı bu addımdan sonra qardaş ölkənin hakim dairələrində Sarkozi kimi ermənipərəst birisinin rəhəbrlik etdiyi dövlətlə eyni təşkilatda təmsil olunub-olunmamaqla bağlı müzakirələr aparılıb.

Nəticədə Türkiyənin NATO ilə əməkdaşlıqdan imtina etmək məsələsinin gündəmə gəldiyi vurğulanır. Qeyd edək ki, Fransa Senatında adıçəkilən qanunun qəbul olunandan sonra Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Moskvaya gələrək rusiyalı həmkarı ilə görüşüb. Daha sonra Türkiyə və Rusiya rəsmiləri Bəşər Əsədin hakimiyyətdən getməsi üçün Suriyaya xarici müdaxilənin yolverilməz olduğu ilə bağlı birgə açıqlama veriblər. Bundan başqa, Türkiyə uranın zənginləşdirilməsi iddialardından əl çəkməyən İrana qarşı da hərbi müdaxilənin əleyhinədir.
Mənbə qeyd edir ki, son günlər Türkiyə tərəfinin həm Rusiya, həm də İran rəsmiləri ilə apardığl müzakirələrdə yeni əməkdaşlıq formasının tapılması da gündəmdə olub. Bu səbəbdən Türkiyə-Rusiya-İran üçlüyünə bir sıra beynəlxalq məsələlərdə ABŞ-ın, eləcə də BMT Təhlükəsizlik Şurasının qərarlarının əleyhinə çıxan Çinin də qoşulacağı istisna olunmur. Amma əsas məsələ Türkiyə ilə NATO-nun bundan sonrakı münasibərtlərinin taleyidir.

Avro-Atlantik Şuranın (AAŞ) Təşkilat Komitəsinin sədri Sülhəddin Əkbər Modern.az saytına deyib ki, Türkiyə-NATO münasibətləri çox dərindir, güclüdür və strateji əhəmiyyətlidir:

“Fransa özü NATO ilə 1966-cı ildən son illərə, Almaniyada keçirilən Lissabon sammitinə qədər hərbi qanaddan çıxmışdı. Yəni Türkiyə-NATO münasibətləri Fransa-NATO münasibətlərindən daha güclüdür. Düşünmürəm ki, Fransa ilə soyqırımı məsələsinə görə yaranan problem Türkiyənin NATO ilə münasibətlərinə təsir etsin”.

Sülhəddin Əkbərin fikrincə, Türkiyə İranı dəstəkləmir: “Rəsmi Ankara artıq dəfələrlə bildirib ki, Türkiyə İranın nüvə silahı əldə etməsinə qarşıdır, sadəcə olaraq Türkiyənin İranla çox sıx iqtisadi, ticarət münasibətləri var, bir sıra ikitərəfli sazişlər movcuddur. Türkiyə çalışır ki, bu məsələ danışıqlar yolu ilə həll olunsun və İranla son ana qədər münasibətlər pozulmasın”.

Ekspert onu da qeyd edib ki, Türkiyə bir sıra vacib məsələlərdə beynəlxalq birliklə birgə hərəkət edir:
“Türkiyənin Avropa ilə münasibətləri də çox dərin və strateji əhəmiyyətlidir. Ona görə Türkiyənin NATO-dan çıxması məsələsinin gündəmə gələcəyi və müzakirə olunacağını qətiyyən düşünmürəm”.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal