Modern.az

TV-lərdə ciddi aparıcılar niyə yoxa çıxıb?

TV-lərdə ciddi aparıcılar niyə yoxa çıxıb?

31 Yanvar 2012, 18:06

Xaqani Səfəroğlu

Bir neçə il əvvəlin söhbətidir. “Azadlıq” radiosunda işləyən jurnalist dostum İlqar Rəsulun radioda tanınmış sənət adamları ilə silsilə müsahibələri gedirdi. Onun qonaqlarından biri də şou-biznesin ünlü simalarından olan Zülfiyyə Xanbabayeva olmuşdu. Maraqlı müsahibə alınmışdı. Həyatdan-filandan gap eləmişdilər. İlqar mənə sonra danışdı ki, Zülfiyyə xanım söhbətdən çox məmnun qalıb və .... qəribə bir ifadə işlədib: “Sizin kimi jurnalistləri biz niyə görmürük, tanımırıq? Bizim ətrafımızdakı jurnalistlər isə sadəcə dəhşətdirlər...”.   

Telekanallarda aparıcı olmaq böyük məsuliyyət tələb edir. Ciddi televiziya ənənləri olan ölkələrdə veriliş aparıcılığı bu TV-lərin reytinqini müəyyən edən vacib amilə çevrilib. Peyk antennalarının sayəsində biz hər gün müxtəlif xarici TV-lərdə efirə gedən verilişlərin aparıcılarını izləyir və çox vaxt tanınmış jurnalistlərin apardığı proqramlara böyük diqqət yetirirk. İstər Rusiya, istərsə də Türkiyə telekanallarında elə samballı aparıcılar var ki, onlar artıq azərbaycanlı tamaşaçılar üçün də mühüm hadisələri anlatmaqda bir media spikerinə çevrilib. 
Biz xarici kanallarda təşkil olunan sosial, siyasi, mədəni tok-şoulardakı müzakirələrin mövzularını məmuniyyətlə dinləyir, ləzzətlə bu söhbətlərə qulaq asır və dərin təəssüflə Azərbaycan telekanallarında niyə parlaq və xarizmatik aparıcıların olmamasından uzun-uzadı gileylənirik..

Nədir bunun səbəbi? Niyə bizdə xarizmatik və efirə reytinq gətirə bilən aparıcılar, jurnalistlər yoxdur? Bu nüfuz nə ilə ölçülür axı? Hə, Şeyx Nəsrullah demiş, “burda mətləb bir az tuldur”. 

Azərbaycan TV-lərində vaxt vardı ciddi siyasi və sosial məsələlərin müzakirə olunduğu bir sıra verilişlər cəmiyyət həyatında əməlli başlı müzakirə obyektinə çevrilirdi. 90-cı illərin əvvələrində bunun bir sıra nümünələri var. Bu xüsusilə “Azerbaycan-Nyu-Servis” (ANS) telekanalının 90-lardakı efiri zamanı seçilirdi. Məhz bu efir ölkəyə tok-şou aparıcılarının zəif həlqəsini gətirdi. Sevil Nuriyeva, Mir Şahin, Eynulla Fətullayev, Xəyal Tağıyev kimi aparıcılar milli efir məkanına müəyyən rəng qata bilirdilər. “Speys” TV-də Eldəniz Elgünün “Bu bizik” proqramı, İlhamiyyə Rzayeva, Həmid  Herisçi kimi jurnalistlər öz izini efir tarixində qoya bildilər.

Getdikcə efirin daha çox şou-biznes xəbərlərinə üstünlük verməsi ciddi telelayihələri apara biləcək jurnalistlərin yetişməsində öz fəsadlarını göstərdi. TV-lər vətəndaşlar üçün əhəmiyyətli sosial, ictimai, siyasi problemləri müzakirə edən verilişlərdən qaçaraq maqazin xəbərçiliyinə adladı. Ciddi olmayan yerdə isə xarizma və parlaq nəsə gözləmək əbəsdir.
 
Bu günkü Azərbaycan TV-lərində hökm-fərman olan aparıcı kontingenti həmin fəsadlardan töryən bir mərəzə çevrilib. Baxımlı və dinamik telelayihələrin əvəzinə rəngbərəng projektor işıqlarının fonunda şou-biznes tufanı davam edir. Əslində maqazin xəbərçiliyi bütün normal ölkələrin TV-lərində var və bunu heç kim inkar etmir. Sadəcə, Azərbaycanda ciddi ictimai-siyasi televerilişlərin və xarizmatik aparıcıların qəhətə çəkilməsi şou-biznesi və onun qəhrəmanlarını meydanda tək qoyub. Elə bunun acınacaqlı nəticəsidir ki, estrada muğənniləri TV-lərin boş efir saatlarını doldurmaq üçün tər-qan içində, var-gücləri ilə o TV-dən bu TV-yə yorturlar. Nəticə göz önündədir: tanınmış estrada müğənnisi ilə maraqlı söhbət edə biləcək bir normal maqazin jurnalisti yoxdur... Ciddi veriliş aparıcısı olanlardan isə danışmağa dəyməz.

Verilişin bütün reytinqini müəyyən edən və TV-nin “siması” sayıla biləcək jurnalistlərimizi yalnız arzulamaq qalıb. Efirdən cəmiyyətə verilə biləcək bütün mühüm mesajlar primitiv və intellekt yükü az olan gənc aparıcıların səriştəsizliyi üzündən havaya sovrulub gedir. Tamaşaçıya çatmır. TV-lərdə “ana xəbər bülleteni” deyilən əsas xəbər buraxılışlarının aparıcıları isə ayrıca söhbət mövzusudur. Ölkə və dünya gündəminin əsas xəbərlərini sadə tamaşaçılara çatdıran bu “simalar” oxuduqları xəbərlərə adekvat təsir bağışlamırlar. Halbuki, qonşu Rusiya və Türkiyədə əsas xəbər buraxılışlarını çiynində 30 illik jurnalist təcrübəsi gəzdirən jurnalistlər çatdırırlar. Əli Kırca, Uğur Dündar, Pozner, Svanidze, Qordon, Parfyonov və xarici ölkə televiziyalarının digər  aparıcılarının müəllifi olduğu verilişlərin uğuru onların öz fəaliyyətindən qaynaqlanır. Tamaşaçı bu aparıcıların intellektinə, savadına və təcrübəsinə etibar edir və onların dediklərinə ... inanırlar.
   
Bizdə isə tamaşaçını inandırmağa qabil olan telejurnalistləri ortaya çıxara biləcək situasiyanın nə vaxtsa yaranacağına inanamaq qalır.

Tanınmış şou meneceri Murad Dadaşov bu yaxınlarda verdiyi müsahibədə dediyi bir cümlə diqqətimi çəkdi. Murad Dadaşov TV-ləri tənqid edərək “bir azdan ölkə üçün vacib məlumatların yaymaq üçün xarici TV-lərin efir məkanına üz tutmalı olacağıq” demişdi.. Deyəsən axı o haqlıdır...

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi