“Dağlıq Qarabağ probleminin nizamlanması ilə bağlı Fransaya alternativ olaraq Avropa İttifaqından xüsusi səlahiyyətli nümayəndə təyin olunmalıdır. Həmin şəxsə Dağlıq Qarabağ problemi ilə əlaqədar Avropa İttifaqının adından danışmaq səlahiyyəti verilməlidir”.
Bu fikirləri Modern.az saytına açıqlamasında Azərbaycanın AVRONEST-dəki nümayəndə heyətinin üzvü, bu qurumun komitə sədri Fuad Muradov səsləndirib.
Deputat qeyd edib ki, belə nümayəndə vaxtı ilə Balkanlarda, Afrikada yaşanan problemlər zamanı təyin olunub: “Fransa buna getmək istəmir, çünki ATƏT-də öz mövqelərini qorumaq niyyətindədir. Hazırda Fransa ATƏT-in Minsk qrupunda hər hansı prosesə cüzi də olsa müdaxilə etmək imkanını saxlayır. Avropa Şurası, Avropa İttifaqı, ATƏT, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlarda bu məsələ gündəmə gətirilməlidir ki, Avropada Dağlıq Qarabağ münaqişə ilə məşğul olan alternativ şəxs təyin olunsun. Həmin şəxs Avropa Parlamentinə hesabat verəcək. Artıq Fransanın ATƏT-in Minsk qrupunda qalması şübhə altına alınır”.
F.Muradov deyib ki, iki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb: “Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır”.
Modern.az