Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) üzvləri Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov ilə görüşüblər. Klubun prezidenti və baş icraçı direktoru Telman Əliyev qurumun fəaliyyəti barədə məlumat verib. DSMF-nin İctimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, S.Müslümov bildirib ki, CEIBC-nin əsas məqsədi dövlət orqanları və biznes nümayəndələri arasında əlaqələri inkişaf etdirməkdir. 2002-ci ilin iyununda yaradılmış, Prezident İlham Əliyevin fəxri sədri olduğu CEIBC dünyanın 50 ölkəsindən 500-dən çox şirkəti birləşdirir.
DSMF sədri S.Müslümov “Azərbaycanın sığorta-pensiya sistemi: islahat davam edir” mövzusunda təqdimatla çəxış edib. 2003-2011-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya islahatlarına toxunan S.Müslümov nəzərə çatdırıb ki, 2003-cü ildən fərdi uçot sisteminin tətbiqi ilə bağlı layihələrin icrasına başlanılmış, 2005-ci ilin sonunadək pilot və hazırlıq işləri başa çatdırılmışdır. 2004-cü ildən etibarən pensiya və müavinətlərin əhaliyə çatdırılmasında müasir texnologiyaların tətbiqinə keçilib. “
2006-cı il yanvarın 1-dən beynəlxalq standartlara cavab verən müasir sığorta-pensiya sisteminə keçid baş verib. Bu gün həmin sistem sosial sığorta, fərdi uçot və pensiya təminatı sahəsindəki funksiyaların bir-birini tamamladığı vahid mexanizm kimi fəaliyyət göstərməkdədir”-deyən DSMF sədri bildirib ki, 2006-cı ildən etibarən dövrü olaraq pensiyaların baza hissəsinin artırılması və sığorta hissəsinin indeksləşdirilməsinin tətbiqinə keçilib. Ötən 5 ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması ilə bağlı 7, sığorta hissəsinin indeksləşdirilməsi ilə bağlı 5 sərəncam verilib. İslahatların növbəti həlqəsi kimi 2006-cı ildən məcburi dövlət sosial sığorta haqları hesabına müəssisə və təşkilatlar tərəfindən aparılan sosial ödəmələrin idarə olunması DSMF-yə verilib, 2007-ci il yanvarın 1-dən Fond vasitəsilə hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin məcburi dövlət sosial sığortasına cəlb edilməsi və fərdi uçotla əhatə olunmasına, həmin şəxslərin, eləcə də dövlət qulluqçularının əmək pensiyaları ilə təminatına keçilib:
“2006-2011-ci illərdə əvvəlki pensiya sistemi ilə əhatə olunmuş şəxslərin (təyin olunmuş pensiyaların və qazanılmış iş stajlarının) yeni şəraitə inteqrasiyası tamamlanıb”.
Bu islahatlardan əldə olunan nəticələri sadalayan S.Müslümov vurğulayıb ki, yeni sistemin fəaliyyətə başladığı 2006-cı ildən hazıradək DSMF-nin gəlirləri 4 dəfə artıb, sosial sığorta ödəyicisi olan sığortaolunanların sayı 1300 min nəfərdən 1967 min nəfərə çatıb, sosial sığorta haqqının dərəcələri 29%-dən 25%-ə endirilibr. Yeni sistemin fəaliyyətə başladığı 2006-cı ildən hazıradək DSMF-nin xərcləri 4 dəfə artıb. 2006-cı ildən hazıradək pensiyaların minimum məbləğində 3,4 dəfə, orta aylıq məbləği 5 dəfə artım baş verib.
DSMF sədri islahatların növbəti mərhələləri barədə də məlumat verib. Onun sözlərinə görə, bu islahatlar sırasına sığorta-pensiya sisteminin fəaliyyətinin aktuar modellər əsasında təkmilləşdirilməsi, məcburi dövlət sosial sığortası sahəsində fəaliyyətin təkmilləşdirilməsi, Fondun fəaliyyətinin avtomatlaşdırılması, sığorta-pensiya sistemində yığım komponentinin tətbiqi, qeyri-dövlət pensiya institutlarının inkişafı daxildir. Sığorta-pensiya sisteminin fəaliyyətinin aktuar modellər əsasında təkmilləşdirilməsi sahəsində ABŞ TİA ilə “Pensiya islahatları layihəsi üzrə texniki yardım üçün nəzərdə tutulan qrant haqqında Saziş” və Dünya Bankının “Sosial Müdafiənin İnkişafı” Layihəsi çərçivəsində mühüm işlər həyata keçirilməkdədir.
“Məcburi dövlət sosial sığortası sahəsində fəaliyyətin təkmilləşdirilməsi də islahatların mühüm istiqamətlərdəndir. Bu tədbirlər nəticəsində məcburi dövlət sosial sığorta haqlarının strukturunun (işəgötürənlər və sığortaolunanlar tərəfindən ödənilən hissələrinin) optimallaşdırılmasına, əmək miqrantlarının sosial sığortasının təkmilləşdirilməsinə, fərdi uçot sisteminin inkişafı nəticəsində inzibati nəzarətin ictimai nəzarətlə əvəzlənməsinə nail olunacaqdır. Digər mühüm istiqamət isə Fondun fəaliyyətinin avtomatlaşdırılmasıır. Belə ki, məcburi dövlət sosial sığorta haqlarının toplanmasının avtomatlaşdırılması, pensiya və müavinət təyinatının avtomatlaşdırılması icra olunacaqdır. Eyni zamanda, pensiyaların ödənişinin avtomatlaşdırılması tədbirləri davam etdiriləcəkdir”.
S.Müslümov sığorta-pensiya sistemində yığım komponentinin tətbiqi üçün görüləcək işlərdən də danışıb. O bildirib ki, normativ hüquqi bazanın hazırlanması, sosial sığorta haqlarının fərdi yığım hesablarına toplanmasına başlanılması, fərdi yığım hesablarında toplanan vəsaitlərin pensiya təminatına yönəldilməsi tədbirləri həyata keçiriləcəkdir. Qeyri-dövlət pensiya institutlarının inkişafı sahəsində görüləcək işlərə gəldikdə isə DSMF sədri bildirib ki, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi davam etdirilməklə yanaşı, normativ hüquqi bazanın hazırlanması, qeyri-dövlət pensiya fondlarının fəaliyyətə başlaması istiqamətində işlər görüləcəkdir.
S.Müslümov Azərbaycanın sığorta-pensiya sisteminin beynəlxalq nəaliyyətləri barədə də məlumat verib. O qeyd edib ki, Azərbaycan 2004-cü ildə Beynəlxalq Sosial Təminat Assosiasiyasının üzvü, 2007-ci ildə Assosiasiyanın Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin üzvü seçilib.
Daha sonra S.Müslümov klub üzvlərini maraqlandıran sualları cavablandırıb, mövzu ətrafında müzakirələr aparılıb.
Modern.az