Azərbaycanda yaylaq və elat ənənələrinin yaşadılması və təbliği məqsədilə iyulun 26-28- i tarixində ilk dəfə olaraq Gədəbəy rayonunda Milli Yaylaq Festivalı keçirildi.
Gədəbəy rayonunun ərazisində yerləşən Düzyurd-Miskinli yaylağında, unikal konsepsiya əsasında təşkil olunan Milli Yaylaq Festivalına təşkilatçı və tərəfdaş qurumların rəhbər şəxsləri, dövlət və hökumət rəsmiləri, diplomatlar, 16 ölkədən nümayəndələr, o cümlədən Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan, eləcə də yerli və xarici turistlər qatılıb.
Modern.az saytı festivala dəstək olan müəyyən qurumlarla əlaqə saxlayıb.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov Milli Yaylaq Festivalını aqroekoturizmin inkişafı baxımından mühüm bir layihə olduğunu söyləyib.
“Düşünürəm ki, Gədəbəyin Miskinli dərəsində keçirilən Milli Yaylaq Festivalı öz məqsədlərinə çatmış sayıla bilər. Festivala böyük marağın olması, tədbirin açılış mərasimində minlərlə insanın iştirak etməsi, həmçinin 20-çox başqa ölkədən nümayəndələrin gəlişi idi”.
Bu işdə kütləvi informasiya vasitələrinin tədbiri işıqlandırmasına səy göstərmələri festivala sanki bir rəng qatdı.Tədbirin möhtəşəmliyini Gədəbəyə gələ bilməyənlər də istər televiziya, istərsə də sosial mediadan izləmiş oldular”.
Vüqar Hüseynov festivalın təşkilatçıları olan Gədəbəy rayon İcra Hakimiyyətini, Cavad Xan Tarix və Mədəniyyət Fondunu, TİKA –nı və tədbirə dəstək verən dövlət qurunmlarını təbrik edib.
“Kənd Təsərrüfatı Nazirliyi aqroekoturizmin inkişafında maraqlıdır və bu günlərdə Dövlət Aqrar Ticarət şirkəti tərəfindən “Şəhərdən kəndə”aqroekoturizm layihəsi, həm də “ Kənddən şəhərə” sosial layihəsi ilə təmsil olunmuşduq. Bundan başqa nazirliyin xətti ilə festivalda yerli sort xırdabuynuzlu və iribuynuzlu heyvanların nümayişi təşkil edilmişdi.
Festival ölkədə aqrar ənələrin nə qədər zəngin olduğunu bir daha sübut etdi. Bu tədbir eyni zamanda Gədəbəy rayonunun tarixi-mədəni irsinin və turizm potensialını yüksək səviyyədə təbliğ etmiş oldu. Ümidvarıq ki, Milli Yaylaq Festivalı ilə yeni ənənənin təməli qoyulacaq. Festival davamlı olmaqla Azərbaycanda yaylaq və elat ənənələrinin yaşdadılması və təbliği işinə öz töhfəsini verəcək.
Gədəbəy rayon İcra hakimiyyətinin informasiya təminatı və təlim sektorunun əməkdaşı Sabir Muxtarov bildirib ki, festivalın keçirilməsi ilə bağlı Gədəbəy rayon İcra Hakimiyyəti tərəfindən təklif irəli sürüldü.
“Hətta yerin seçilməsi, müəyyən şəraitin yaradılması ilə bağlı icra hakimiyyəti müəyyən işlər həyata keçirdi. Hətta bununla bağlı aparat sərəncam da vermiş oldu.Təşkilat komitəsi yaradıldı və icra hakimiyyətinin bütün əməkdaşları işə cəlb olundu”.
Bildiyiniz kimi bu layihəyə bir çox qurum da dəstək olaraq əməkdaşlıq etdi. Festivalın möhtəşəm keçirilməsini kütləvi informasiya vasitələri geniş şəkildə işıqlandırdı.
Gədəbəy tarixi abidələrlə zəngin bir rayondur. Öz adət-ənələri, milli yeməkləri və qədimliyi özündə əks etdirən bir el ocağıdır.Həmçinin turizm baxımından da əlverişli bir rayondur.Turistlərin müraciət etdiyi yerlərdən biri hesab olunur.Bu baxımdan da istədik ki, tarixi abidələri adət- ənənələri nümayiş etdirək”.
Sabir Muxtarov bildirib ki, festivalı keçirməkdə əsas məqsəd rayonun turizm potensialını daha da artırmaq idi.
“Hətta turizmi daha da geniş şəkildə inkişaf etdirmək üçün icra hakimiyyəti Gədəbəyin gözəlliklərini özündə əks etdirən minlərlə şəkilli bukletlər hazırladı ki, turistlərə təqdim edilsin.
Eyni zamanda xaricdən gələn qonaqlar üçün Söyüdlü kəndində yerləşən möhtəşəm Qız qalası əks olunmuş hədiyyələr təqdim olundu”.
Xoş təəssürat o oldu ki, biz hardasa 5 min nəfərlik qonağın iştirakını nəzərdə tutmuşduq. Ancaq gözlədiyimizdən qat-qat çox hardasa 50 mindən artıq insan iştirak etdi. Festivala xaricdən gələn rəsmi qonaqlar, ölkənin millət vəkilləri , iş adamları və böyük miqdarda media nümayəndələri də qatılmışdı.
Türkiyə prezidentinin oğlu Bilal Ərdoğanın festivala gəlməsini sadəcə ehtimal edirdik. İnandırıcı o oldu ki, gəldi və festivalda layiqincə iştirak etdi. Hər kəsin xüsusilə də rayon sakinlərinin marağına səbəb oldu.
Tədbirin maraqlı məqamları aşıqların deyişməsi, milli rəqslərin və yallıların Aoynanılması, tamaşalar, qədim xalq oyunlarının olması idi. Hətta Atçılıq Federasiyası da müxtəlif oyunlar nümayiş etdirdi.
Festivalın başlamasına hardasa 2-3 gün qalmışdan turistlər rayona axın edirdi. Demək olar ki, otellərdə rayona yaxın fərdi evlərdə yer qalmamışdı.
Ən çox Türkiyə, Qazaxıstan ,Qırğızıstandan bölgəyə yüzlərlə turist təşrif buyurmuşdu. Hardasa 16 ölkədən qonaqlar var idi. Hər biri də öz ölkələrinin adət-ənələrini musiqilərini bizlərə göstərməyə çalışırdı.
Milli yeməklərimiz də qonaqlara vı festival iştirakçılarına təqdim olundu. Onlardan yaylaq həyat tərzinə xas olan kətə,fəsəli, cürbəcür kabablar, qatlamanı misal göstərə bilərəm.
Jalə MEHDİ