Bu gündən Qətər Hava Yollarının gündəlik reysləri başlayır
Bu cür soyuq, qarlı havada 30-dan çox jurnalisti şəhərdən kənara çıxmağa ancaq belə səbəb vadar edə bilərdi – Azərbaycana yeni hava yolları şirkətinin gəlişi. Bu gün Qətər Hava Yollarına məxsus təyyarə ilk dəfə olaraq Bakı aeroportuna endi. Bu hadisəni KİV nümayəndələri canlı olaraq izlədilər.
Təyyarə yerə enən kimi Dohadan Bakıya təşrif buyuran nümayəndə heyəti jurnalistlərin qarşısına keçdi. Azərbaycanın Qətərdəki səfiri Eldar Səlimov yeni hava reysinin açılışını iki ölkə arasında əməkdaşlığın möhkəmlənməsi kimi qiymətləndirdi.
BAKI-DOHA REYSİNİN İLK UÇUŞU OLDU
Qətər Hava Yollarının (Qatar Airways) icraçı direktoru Əkbər Əl-Bəkir 2012-ci ilin şirkət üçün qlobal genişləndirmə ili olduğunu bildirdi: “Azərbaycan genişlənmə proqramı çərçivəsində üz tutduğumuz ilk ölkədir. Doha-Bakı aviareysi hər iki ölkənin işgüzar dairələri tərəfindən səbirsizliklə gözlənilirdi”.
Bakı “Qatar Airways” üçün 111-ci uçuş istiqaməti olub. Əkbər Əl-Bəkir hava limanında keçirdiyi brifinqdə onu da bildirdi ki, Azərbaycanın zəngin enerji resursları və sürətlə inkişaf edən turizm sektoru Qətər Hava Yolları şirkətinin Bakıya uçuşlar təşkil edilməsi qərarının verilməsində mühüm əhəmiyyət kəsb edib:
“Azərbaycan tək neftinə görə yox, güclü potensialı, zəngin enerji resurslarına malik, böyük biznes imkanları təklif edən bir ölkə kimi bizim üçün cəlbedicidir. Bu, ölkəni həm də turizm üçün maraqlı bir məkana çevirir. Biz bir çox ölkələrin şəhərlərindən insanları Bakıya gətirib Azərbaycanın gözəlliyini onlara nümayiş etdirmək istəyirik”.
4 İLDƏ UÇUŞ İSTİQAMƏTLƏRİ 170-ə ÇATDIRILACAQ
“Azərbaycana xidmət edən yeganə 5 ulduzlu hava yolları şirkəti olmaqdan qürur duyuruq” deyən Əkbər Əl-Bəkir qlobal genişləndirmə proqramı çərçivəsində bu il Avropa üzrə daha 7 istiqamətdə reyslərin açılacağını bildirdi:
“Ümumiyyətlə 4 il ərzində istiqamətlərin sayını 170-ə çatdıracağıq. Yarım il ərzində birbaşa Bakı-Doha reysi açmağı da planlaşdırırıq. Biz çox iddialı bir şirkətik. Söz verirəm ki, Bakıya uçan şirkətlər arasında Qətər Hava Yolları ən yüksək xidmət təklif edəni olacaq. Düzdür, qiymətlərimiz ucuz deyil, amma təklif etdiyimiz xidmət də yüksək səviyyəlidir. Ümid edirəm ki, təyyarələrimiz dolu uçacaq”.
AZAL RƏQABƏTDƏN QORXMUR
AZAL-ın vitse-prezidenti Eldar Hacıyev yeni aviareysin Bakı-Tiflis marşrutu üzrə yerinə yetirilməsi üçün “Qatar Airways”ə 5-ci dərəcəli hava məkanının verildiyini bildirdi:
“Bakıdan Tiflisə uçuşlar hər iki şirkət tərəfindən müştərək yerinə yetiriləcək. Əminəm ki, Doha-Bakı aviareysi Avropa ilə Asiya arasında körpü rolunu oynayacaq”.
E.Hacıyev “Qatar Airways”in AZAL ilə rəqabətə girəcəyindən çəkinmir: “Biz rəqabətdən qorxmuruq. Tədricən əlaqələrimizi daha da genişləndirəcəyik”. E.Hcıyev iyunda AZAL-ən daha bir təyyarə alacağını, bununla da təyyarə sayını 22-yə çatdıracağını bildirdi.
QƏTƏR HAVA YOLLARI NƏ TƏKLİF EDİR?
Ötən il dünyanın ən yaxşı aviaşirkəti adını qazanan “Qatar Airways” reyslərində sərnişinlər interaktiv əyləncə növlərindən, internetdən, “Blackberry” telefonlarından istifadə edə bilirlər.
Hazırda Avropa ölkələrinə uçuşlar şirkətin ümumi uçuşlarının 25 faizini təşkil edir. Hazırda “Qatar Airways”in 106 təyyarəsi var. Şirkət ümumi məbləği 50 milyard dollardan çox olan 250 təyyarə sifariş edib. Bunlar arasında Boeing 788, 777, Airbus A350, A380 və A320 təyyarələri var. Hazırda şirkət üzrə 14 min işçisi var.
“Qatar Airways” Doha hava limanında dünyanın ilk premium tipli terminalını idarə edir. Burada birinci və biznes klass sərnişinlərinə dəbdəbəli şam yeməyi, alış-veriş və biznes xidmətləri, həmçinin mineral su müalicələri, cakuzi və sauna da təklif olunur.
HƏR GÜN UÇUŞLAR OLACAQ
Bakı-Doha reysi çərşənbə axşamı, cümə axşamı və cümə günləri Bakı vaxtı ilə saat 18:00-da, bazar ertəsi, çərşənbə, şənbə və bazar günləri isə saat 22:30-da uçacaq. Aviareyslər həftənin hər günü yerinə yetiriləcək və Tiflisədək davam edəcək. Bakıdan Dohaya uçuşlar həftənin 2-ci, 4-cü və 5-ci günləri saat 18:00-da, 1-ci, 3-cü, 6-cı və 7-ci günləri isə saat 22:30-da yerinə yetiriləcək.
Fərəh Sabirqızı