Dünən havanın qarlı-çovğunlu keçməsi mətbuatın da işinə mənfi təsir göstərdi. Nəticədə xeyli gündəlik qəzet çap oluna bilmədi. Bəzi redaksiyalar bunu telefonların işləməməsi, internetin kəsilməsi, yolların bağlanması, işçilərin işə gəlib çıxa bilməməsilə izah ediblər. Gündəlik nəşr olunan «Kaspi» qəzeti isə dünən öz işinə ara verməyib. Modern.az-a açıqlamasında qəzetin baş redaktoru Natiq Məmmədli dünənki vəziyyəti belə qiymətləndirib:
“Fevralın 2-də qarlı hava şəraitinə görə bir sıra gündəlik qəzetlərin işıq üzü görməməsi Bakının infrastrukturu kimi mətbuatın da belə situasiyaya hazır olmadığını göstərdi. Havanın kəskin dəyişməsi əldə yayımın işini iflic vəziyyətinə saldı. «Yeni Müsavat», «Azadlıq» kimi satışının əsas bir qismi əldə yayımın payına düşən qəzetlərin çıxmamasını bu baxımdan başa düşmək olar. Amma redaksiyaları «Azərbaycan» Nəşriyyatında yerləşən və «plyonka»nı mətbəəyə çatdırmaq üçün heç bir kommunikasiya xərci çəkməyən qəzetlərin işıq üzü görməməsi başa düşülən deyildi. Digər tərəfdən hətta bayram günləri belə işçilərinə istirahət verməyən qəzetlərin hava şəraitinin dəyişməsi ilə fəaliyyətlərini dondurmasını cəmiyyətin informasiya təminatı baxımdan məqbul hesab etmək olmaz.
Qeyd edim ki, bəzi həmkarlarımız dünən «Kaspi»nin də işıq üzü görməyəcəyi barədə müəyyən şayiələr buraxıblar. Bildirirəm ki, «Kaspi» bu gün adi qaydada nəşr olunub, sabah isə 24 səhifəlik «Ədəbiyyat» əlavəsi ilə birlikdə oxucularının ixtiyarında olacaq”.
Modern.az