Bu yazını yazmaq mənim üçün səmimi deyim, cəhənnəm əzabından da betərdir. Belə bir yazını yazmağı, daha doğrusu, onu yazmağa məcbur olmağı, çarəsiz və aciz durumda qalmağı ( kişi olan kəs üçün çarəsizlik və acizlik ölümdən də betərdir) heç kəsə, düşmənimə belə arzu etməzdim və etmirəm. Məni bu yazını yazmağa məcbur və vadar edən 6 ildən bəri sakini olduğum Abşeron rayonun qədim Qobu qəsəbəsində (ona nəinki qəsəbə , heç kənd də demək olmaz-bura cəhənnəmin və fəlakətin yaşandığı, sözün bitdiyi bir yerdir) bu illər ərzində hər an şahidi olduğum, hər gün yaşadığım ( özü də ailəlikcə) problemlər, xüsusilə, payız və qış aylarında buranın dözülməz hala gəlməsidir. Bu qəsəbəyə gələrkən, burada torpaq sahəsi alıb, pis-yaxşı özümə bir ocaq, ev qurarkən çox sevinmişdim. Ən azı ona görə ki, 15- 17 illik kirayə həyatından nəhayət, canım qurtardığı üçün.
Ancaq sən saydığını say, gör..., Qobu və buranın dözülməz, həllini tapmayan, əksinə, üst-üstə qalaqlanan problemləri nə sayır... Qobu-tanımayanlar üçün deyim ki, iki keçəl (loru dillə desəm) dağın ortasında (Şubanı dağları deyirlər) arasında çökəklikdə yerləşir, yəni, qışı soyuq, yazı, payızı yağışlı- küləkli, yayı isə cəhənnəm istisi. Burada bir balaca yel əsərkən-hansı fəsil olmasından asılı olmayaraq- aləm bir-birinə dəyir, dərhal işıqlar sönür, elektrik, o cümlədən, telefon xətləri sıradan çıxır, toz-dumandan evdə nəfəs almaq, gecələri uğulutudan-vıyıltıdan yatmaq olmur. Külək və ya çovğun bir balaca güclənərkən, az qalır hər an evin başına uçsun, neçə ki, bunu özüm şəxsən yaşamışam...
Maşallah, göz dəyməsin, Qobunun yiyələri, söz sahibləri, eləcə də işıq probleminin həllinə birbaşa cavabdeh olan şəxslər, “montyorlar” çox “zirək”dirlər. Ayrı vaxtı adamın gözlərini “mozol” edən bu şəxsləri həmin anlar tapmaq müşkülə çevrilir, yağlı əppəyə dönüb göyə qeyb olurlar. Elə bil ki, bu yerin insanları deyillər, ən azı özləri, ailələri, qohum-əqrəbaları, tanış-bilişləri bu yerdə yaşamırlar. İşıqlar saatlarla, günlərlə sönür, heç kəsin tükü də təprəınmir. Qoy məndən inciməsinlər, sıravi, sadə qobulular da günlərlə ışığın (burada əsas istilik sistemi-mənbəyi elektrik enerjisidir) olmamasına adi hal kimi yanaşırlar. Ötən müddət ərzində az-çox tanıdığım yerli sakinlərlə-insanlarla bu barədə söhbət edəndə də həmişə eyni sözləri eşidir və ya eyni mənzərənin şahidi oluram: əşşi yanmır, yanmasın, onsuz da deməyin mənası yoxdur, danışana, şikayət edənə demoqoq, işverən kimi baxırlar və sair və ilaxır. Adam bilmir nə desin...
Qobunun küçələri (küçə demək mümkündürsə) də bərbad haldadır, olan-qalan kanalizasiya xətlərindən də danışmağa dəyməz. Mən özüm Qobuda-düz bələdiyyə binasının arxasında yaşayıram. Hava bir balaca yağmurlu oldu, küçəmiz (ona yenə küçə deməyə dilim gəlmir) cəhənnəmi xatırladır. Nə maşın gələ bilir, nə də hərəkət etmək, yerimək mümkün olur. Saqqız kimi palçıq adamın ayaqqabısına elə yapışır ki, onu dartıb çıxarmaq dəhşətə çevrilir. Burada ancaq ya gərək ayaqqabının üstündən sellofan klok geyəsən, ya könhə ayaqqqabını təzə ayaqqabının üstündən keçirəsən, ya da təzə ayaqqabını matşruta minənəcən-dayanacağa çatanacan əlində götürüb, kohnəni ayağa geyəsən və sonra onu da onun-bunun hasarın dibində, daşın altında gizlədəsən. Yoxsa, üst-başın, ayaqqabın elə günə düşər ki, xəcalətindən girməyə gərək deşik axtarasan...
Burada avtobusa minib şəhərə gəlməyin və şəhərdən- 20 Yanvardan (əvvəllər “Nizami”dən) geriyə- Qobuya dönməyin isə öz “gözəlliyi” var. Nəinki oturmağa, heç ayaq üstə durmağa imkan tapmırsan, elə olur ki, 15-20 dəqiqədən bir işləyən və çox zaman sınıq-salxaq vəziyyətdə olan marşrut avtobusun bir neçəsini buraxmalı olursan-1saat və ya iki saat gözləyirsən ki, heç olmasa, ayaq üstə normal şəkildə dayanmaq və mənzil başına çatmaq üçün bir qədər boş avtobusa minəsən. Avtobusda da tez-tez əsl “mərəkə” baş verir, qadın-kişi hamı bir-birinə qarışır, biri-birini itələyən kim, biri-birini söyən, biri-birinə qarğış yağdıran kim, rayonlu-şəhərli, yerli-gəlmə söhbətləri də öz yerində...
20 mindən çox sakini olan Qobunun bineyi-qədimdən cəmi bir marşrut avtobusu var-167 (keçmiş 67) və bir də iki-üç saatdan Qobu-Lökbatan istiqamətində hərəkət edən marşrut avtobusu-140 (keçmiş 40). Bir balaca qar yağdı, yollar buz bağladı və ya sürüşkən oldu, bu marşrurt avtobusların heç biri işləmir və iş də, güc də getdi “öz işinin” dalınca. Gözləyirsən ki, haçan yollar açılacaq, avtobuslar işləyəcək və sən də o zaman işinin-gücünün dalınca birtəhər gedəsən, gedəcəksən. Yoxsa, yollar açılmadı, avtobuslar işləmədi, ölsən də-qalsan da, canın çıxsa da, heç yerə gedə bilməzsən, bilməyəcəksən. Necə ki, bu altı ildə dəfələrlə bunu yaşamışam və son günlər də isə daha acınacaqlı formasını yaşamaqdayam, işə-şəhərə neçə gündür gedə bilmirəm, artıq redaktora da söz tapıb deməyə üzüm yoxdur...
Ötən ilin oktyabr-noyabr aylarından bu yana Qobu sanki əsl cəhənnəmi, fəlakəti yaşayır. Hər gün demək olar ki, işıqlar sönür, kəndin böyük əksəriyyətinə qaz verilmir, cünki, qaz boruları iki ildir yağışın-palçığın altında yatır, çəklib başa çatdırılmır, verilən qaz da əhalinin tələbatını ödəmir. Qobuluların böyük bir qismi susuzluqdan-xüsusuilə də, yay aylarında-məşəqqət çəkirlər, çəkməli olurlar. Məsələn, biz tərəfdə nə qaz, nə də su var. Qışda, soyuq, şaxtalı, çovğunlu günlərdə həyətlərdə, evlərdə su çənləri donur, necə ki, hər ay (may-sentyabr ayları isə ayda ən azı 3-4 dəfə doldurtdurmalı oluram) 25 manat verib doldurtduğum su çəni ötən həftənin 4-cü günündən donub. Ötən həftənin 5-ci günündən bu yana üst-üstə götürəndə iki gün işıq-yanıb, ya yox?! Son 4 gündə də demək olar işıq olmayıb, yoxdur. Təsəvvür edin- qaz yox, su donub, işıq yanmır, yollar bərbad, işləmir, marşrut avtobusu xəttə çıxmır, indi gəl yaşa...
Son günlər- nə qədər ağrılı və ifadə etmək mənim üçün çətin olsa da- bəlkə də həyatımın ən ağır, ən dözülməz, daha doğrusu, ən bərbad, rəzil günləridir. Hər gün iki azyaşlı qız uşağının soyuqdan göm-göy olmuş, bozarmış üzlərinə, sozalmış çöhrələrinə baxmaq, göz yaşlarını üzlərinə deyil, iclərinə axıtdıqlarını görmək, deyin, hansı ata, valideyn üçün arzuolunandır?! Bu, sadəcə, ölümə bərabər bir məqamdır...
Qobu ilə nə maraqlanan, nə də onun halına yanan var, sadə insanlar-qobulular da sanki problemlərdən bezərək, keyləşərək etinasız, laqeyd hala gəliblər. Nə Qobunun aid olduğu rayonun icra başçısı, nə də buranın deputatı (?) bircə dəfə olsun belə, bura ayaq basıblar. Heç buranın əvvəlki deputatları da Qobuya gəlməyi özlərinə sığışdırmayıblar. Axı, nəylərinə lazım?! Toxun acdan axı nə xəbəri?! Günlərlə qazsız, işıqsız, susuz, marşrtutsuz və sair və ilaxır qalan onlar deyil ki?! İndi məni qınayanlar deyin görüm kim haqlıdır: mən, yoxsa, Qobunu cəhənnəmə (təkcə Oobunumu?) çevirən, hər gün qobululara fəlakəti-cəhənnəmi yaşadan-bəxş edənlər?..
Kamil Həmzəoğlu