Azərbaycanda bir qrup qarabağlı jurnalist mülkiyyət, yaşayış, təhsil və digər hüquqlarının pozulduğunu, maddi və mənəvi zərbəyə məruz qalmalarını əsas göstərərək işğalçı Ermənistan dövlətinin Avropa İnsan Hüquqları Məhkəməsinə vermək üçün hərəkətə keçib.
Bu jurnalistlər sırasında olan “Yeni Musavat” qəzetinin redaktortu Xalid Kazımlı Modern.az saytına açıqlamasında prosesin hazırki mərhələsindən danışıb. O, prosesin davam etdiyini və ərizələrin toplandığını bildirib. Redaktor artıq dünəndən içərisində iddialarını əsaslandırdıqları ərizələri hüquqşunas Rəşid Hacılıya təqdim etdiklərini vurğulayıb.
“Rəşid Hacılı bildirib ki, bütün ərizələr onda toplansın ki, o da bunun əsasında iddia ərizəsi hazırlasın. Yəni hələləik bu təşəbbüsü qaldıran jurnalistlərin ərizələrinin hazırlanması mərhələsidir. Qeyd edim ki, bu standart ərizə deyil, hər kəs öz itirdikləri və vəziyyəti barədə qısa və müfəssəl məlumatları burada əks etdirməlidir”.
Xalid Kazımlı artıq bir neçə nəfərin ərizəsinin yazıldığını, daha bir neçə həmkarlarına da müraciət ünvanladıqlarını və bu prosesi davam etdirəcəklərini vurğulayıb.
Müsahibimiz ərizə yazan qarabağlı jurnalistlərin gözlədiyi kimi çox olmadığını bildirib. O qeyd edib ki, ərizə ilə müraciət edəcək jurnalistlər 10 nəfərdən bir qədər çoxdur.
“Təbii ki, bu müraciətlər “mənim də adımı siyahıya yaz” deməklə bitmir. Gərək həmin adam ortalığa çıxsın, sənəd göstərsin. Ən azından iddia ərizəsi yazıb gətirsin. Yəni biz bunu kimlərinsə adını siyahıya yazmaqla qeyd etsəydik, o zaman müraciət edənlərin sayı çox olardı. Amma təşkilatçılıq işi, sənədləri toplamaq, gəlmək, getmək-bunların hamısı iş olduğu üçün bizim həmkarlarımız bir az tənbəllik edirlər. Hər dəqiqə bu işlə məşğul ola bilmirsən. Ona görə də bu işi vəkilin aparması lazımdır, vəkilə də müraciətlər etmək lazımdır. Bu monopoliyada deyil, istənilən adam qoşula bilər, istənilən insan ərizə verə bilər. İnanmıram ki, bu material sizdə də yayılmlandıqdan sonra bu təşəbbüsə qoşulanlar, Rəşid Hacılı və ya bizlə əlaqə saxlayanlar çox olacaq” deyə redaktor əlavə edib.
Qarabağlı jurnalist bildirib ki, lazımi sənədlərin toplanmasında bir qədər çətinlik çəkirlər. məsələn arxivlər itib, olan sənədlərin bəziləri qalıb və ya yandırılıb.
“Ancaq hər halda insana verilən şəxsiyyət vəsiqəsi var və orada onun hansı rayonun hansı kəndindən olması göstərilir. Bununla da bilinir ki, onun kəndi işğal olunub, ya yox. Yəni elə də çətin deyil. Hər halda sənədləri toplamaq vaxt aparsa belə, biz əgər bu işi boyunumuza götürmüşüksə, edəcəyik”.
Xalid Kazımlı onların bu təşəbbüsünə mediada reaskiyanın da pis olmadığını vurğulayıb. Onun sözlərinə görə, bütün KIV-lər, hökümət mediasından tutmuş müstəqil və müxalifət mətbuatına qədər hamısı bu məsələyə reaskiya verib və informasiya yayıb.
“Mən bunu yaxşı reaksiya hesab edirəm. Hiss olunur ki, bu məsələdə iqtidar-müxalifət söhbəti yoxdur, bu məsələ hamının marağındadır. Yəni istənilən iqtidar nümyəndəsindən tutmuş sonuncu müxalifətçiyə qədər hamının maraq dairəsində ortaq ola biləcəyi bir nöqtədir”.
Nəticənin nə olacağına gəlincə, redaktor “konkret olaraq gözləmirik ki, dilənçi variantında olan Ermənistanı cərimələyib bizə maddi təzminat ödəməyə vadar edək” deyə bildirib. O, bunu heç düşünmədiklərini də qeyd edib.
“Amma bizə maraqlı olan odur ki, bu məsələ bir beynəlxalq məhkəmənin hüquqi proseduruna daxil olsun və orada məhkəmə iclasının predmeti olsun, müzakirə getsin, beynəlxlaq hakimlər də, Ermənistan dövləti də bilsin ki, bunların belə bir cinayəti var və bu cinayətin dalınca düşən, onun cinayət olduğunu sübut etmək istəyən adamlar var. Məncə bu barədə bir nəticə olacaq”.
Qarabağ bölgəsindən olan deputat Aqil Abbas qarabağlı jurnalistlərin özünü müdaifə etməsi və haqq səslərini qaldırmasını müdafiə etsə də, bu addının bir nəticə verəcəyinə şübhə ilə baxdığını deyib.
“Birincisi Avropa Məhkəməsi bu işə 10 ildir baxır. İkinci tərəfdən əgər BMT-nin qəbul etdiyi dörd qətnaməni Ermənistan vecinə almırsa, bununla bağlı Avropa Məhkəməsi nə edəcək?
Mən onları ruhdan salmaq istəmirəm, bu gənclərin bir tədbiridir, bəlkə bununla bir addım da atmaq istəyirlər, sözlərini çatdırmaq istəyirlər. O mənada onları dəstəkləyirəm. Amma Avropa Məhkəməsinin qərarının nəticə verəcəyinə şübhə ilə yanaşıram.
Bu iş məhkəməlik deyil. Bu iş, torpağın azad olunması silahla, döyüşlədir. Avropa Məhkəməsi neyniyəcək Ermənistana? Ermənistanın nə işlə məşğul olduğunu Avropa da, Amerika da bilir, eşşək deyillər ki?” deyə millət vəkili əlavə edib.
Aytən ƏLİYEVA