Sentyabrın 3-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə iki ölkə arasında siyasi, iqtisadi, təhlükəsizlik və bütün digər sahələrdə uğurlu inkişafdan söhbət açılıb.
Patruşovun Təhlükəsizlik Şurasının katibi Ramil Usubovla da görüşü nəzərdə tutulur. Görüşdə hər iki ölkənin bir sıra nazirlik və qurumların nümayəndələri ilə təhlükəsizliyə dair Rusiya-Azərbaycan məsləhətləşmələri aparılacaq.
Qeyd edək ki, Patruşov avqust ayında Ermənistana da səfər etmişdi.
Maraqlıdır, qısa zaman kəsiyində Patruşovun bir-biri ilə müharibə vəziyyətində olan iki ölkəyə səfər etməkdə məqsədi nədir? Dağlıq Qarabağ münaqişəsinin həllində Nikolay Patruşev vasitəçi ola bilərmi?
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Modern.az-a verdiyi açıqlamada baş tutan hər iki görüşü qiymətləndirib.
Politoloq Rusiya Təhlükəsizlik Şurasının rəhbəri Nikolay Patruşovun bu səfərlərindən müsbət nəticə gözləmədiyini bildirir .
“Patruşov Rusiya prezidenti Vladimir Putinin ən yaxın adamlarından biridir və ən mötəbər qurumlardan birinə rəhbərlik edir. Rusiya cəhə bölgəsində gərginliyin arta biləcəyindən ehtiyat edir. Çünki Rusiyanın hər iki ölkədən – Azərbaycandan da, Ermənistandan da kəşfiyyat məlumatları olur. Əldə etdikləri məlumata da əsasən hesab edirlər ki, vəziyyət gərginləşə bilər və lokal toqquşma ehtimalı var. Bu da öz növbəsində Rusiyanın maraqlarına cavab vermir. Əgər Rusiya tərəfi Dağlıq Qarabağ məsələsinə görə narahatdırsa, o zaman münaqişənin həllini sürətləndirməlidir. Bunun üçün onların əlində kifayət qədər imkan var, belə ki, hazırda Ermənistan Rusiyanın təsiri altındadır. Düşünmürəm ki, onların məsələnin həll olunması kimi istəyi var. Sadəcə istəkləri budur ki, bölgədə sakitlik pozulmasın, status-kvo qalsın. Lakin status-kvonun davam etdirilməsi Azərbaycanın maraqlarına ziddir”.