Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov İranın Azərbaycana nota verməsinə münasibət bildirib.
“Azərbaycan heç bir terror təşkilatı ilə və yaxud hansısa şəkildə insanlığa qarşı çıxış edən təşkilatlarla əlaqələrə malik deyil. İran tərəfinin verdiyi bəyanatların heç bir real əsası yoxdur və heç bəlli də deyil ki, Azərbaycanı nədə ünahlandırırlar" deyən Əli Həsənov bildiribl. Ə.Həsənovun sözlərinə görə, Azərbaycanın xarici təşkilatlarla, xarici ölkələrin bu və ya digər orqanları ilə münasibətlərində mütləq şəkildə qonşu ölkələrin maraqları nəzərə alınır.
“Azərbaycanın xarici ölkələrlə sərhədləri kifayət qədər normal rejimdə işləyir. Açıq demokratik ölkə kimi bizə istənilən ölkənin vətəndaşları gəlir, viza rejiminə müvafiq olaraq keçir və yaxud da burada yaşayır və bunların hamısı qanunla müəyyən olunur. Ona görə də İranın bu açıqlamasının heç bir əsası yoxdur. İran mövcud vəziyyətində qonşularla münasibətlərdə bir az ehtiyatlı olmalıdır, belə məsələlərdə qonşularla kifayət qədər diplomatik, qanunlara, qonşuluq münasibətlərinə müvafiq hərəkət etməlidir”- deyə Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri qeyd edib.
Qeyd edək ki, fevralın 12-də Azərbaycanın İrandakı fövqəladə və səlahiyyətli səfiri Cavanşir Axundov bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Görüşdə səfirə İran tərəfinin etiraz notası təqdim olunub. İran Azərbaycanı İsrailin kəşfiyyat xidməti “Mossad”ın ölkə ərazisində İran əleyhinə fəaliyyət göstərməsinə və İranın nüvə fiziklərinin qətlində əli olan terrorçuların ölkəyə azad gəliş-gedişinə şərait yaratmaqda ittiham edib.
Modern.az