Modern.az

Azərbaycandakı qadın QHT-ləri bəyanat verdilər - SİYAHI

Azərbaycandakı qadın QHT-ləri bəyanat verdilər -  SİYAHI

Təhsil

13 Fevral 2012, 22:15


Azərbaycanda fəaliyyət göstərən qadın QHT-ləri “Eurovision – 2012” Beynəlxalq Mahnı Müsabiqəsinin Bakıda keçirilməsinə “yox” deyənlərə etiraz əlaməti olaraq bəyanatla çıxış edib. Modern.az-a daxil olan mütaciətdə deyilir:
     
- Qloballaşan dünyada qərbə inteqrasiya edən, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolunu tutan Azərbaycan iqtisadi inkişaf tempinə görə regionda lider dövlətə çevrilmişdir. Abadlaşan şəhər və kəndlərimiz buna bariz nümunədir. Təəssüf hissi ilə qeyd etməliyik ki, Azərbaycanın iqtisadi yüksəlişi, o cümlədən müstəqil xarici siyasət yürütməsi  dostlarımızı sevindirsə də, hələ də aramızda bütün bu reallığı inkar edənlər, görmək istəməyənlər  mövcuddur.

Belə ki, son zamanlar Azərbaycan xalqına və dövlətinə qarşı düşünülmüş ardıcıl çıxışlar, beynəlxalq aləmdə ölkənin imicinə xələl gətirmək məqsədi daşıyan böhtan xarakterli bəyanatlar, həqiqətə söykənməyən yalan məlumat və məntiqsiz davranışlar obyektivlikdən çox-çox uzaqdır. 2011-ci il “Eurovision” Mahnı Müsabiqəsində qalib gələn  Azərbaycan  bütün dünyada böyük nüfuza sahib oldu və “Eurovision - 2012” Beynəlxalq Mahnı Müsabiqəsinə ev sahibliyi etmək səlahiyyəti qazandı.  

Bu yarışmanın ölkəmizdə keçirilməsi böyük siyasi və mədəni əhəmiyyətə malikdir.  Azərbaycanın Dağlıq Qarabağ kimi çox ağır bir problemi vardır və bu yarışma  ölkəmizdə əldə olunan inkişafın, tariximizin və mədəniyyətimizin dünyaya təqdim olunması, reklamı üçün bir vasitədir. “Eurovision - 2012” Mahnı Müsabiqəsinin yüksək səviyyədə keçirilməsi məqsədilə  respublikanın bütün dövlət və demokratik institutları birləşərək, geniş miqyaslı hazırlıq işləri aparırlar. Bu tək dövlətin deyil, bütün cəmiyyətin, bütün vətəndaşlarımızın milli təqdimat məsələsidir.

Lakin özünü  sülh, hüquq müdafiəçisi və demokratiya carçısı adlandıran bir neçə qeyri-hökumət təşkilatı “Eurovision - 2012” Mahnı Müsabiqəsinin Bakıda keçirilməsinin əleyhinə Avropa miqyasında əks-təbliğat aparır və bu məqsədlə xüsusi kampaniyalar təsis edərək, xarici dövlətləri və beynəlxalq təşkilatları məntiqdən uzaq olan bu aksiyaya qoşulmağa səsləyirlər. Onlar unudurlar ki, “Eurovision” siyasi deyil, mədəni tədbirdir. Bu tədbirdən siyasi ambisiyalar üçün istifadə etmək Azərbaycan vətəndaşına yaraşmayan bir davranışdır.

Biz, aşağıda imza atan Azərbaycanın qadın QHT-ləri,  bu kimi halları pisləyir və bir qrup  “demokratın” öz siyasi ambisiyaları üçün  beynəlxalq mahnı müsabiqəsindən istifadə etməsinə etiraz səsimizi ucaldırıq. Biz onları beynəlxalq  TV-lərdə və beynəlxalq təşkilatlarda  işğal altında olan vətən torpaqlarımız,  bir milyon  məcburi köçkün və qaçqının hüquqları, Xocalı  soyqırımı, əsir və girovluqda olan qız, gəlin, qadın və uşaqlarımızın naməlum taleyi haqqında məsələ qaldırmağa, ümummilli problemlərə biganə qalmamağa çağırırıq.

Gəlin, hamılıqla 2012-ci il “Eurovision” Mahnı Müsabiqəsi zamanı  modernləşən Bakımızda milli, mədəni və mənəvi dəyərlərimizin layiqli təqdimatı üçün çalışaq.  Tolerant millət və dövlət olmağımızı, digər xalqlara və mədəniyyətlərə qarşı həssas və qayğı ilə yanaşmağımızı göstərək, bütün hadisələrin obyektiv işıqlandırılmasına və adekvat şərh olunmasına şərait yaradaq, mədəniyyətlərarası və sivilizasiyalararası dialoq üçün ölkəmizdə real imkan və mexanizmlər olduğunu bütün dünyaya nümayiş etdirək.     

“Əsgər Anaları” ictimai birliyi

Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyəti

Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan milli bölməsi

Universitet Təhsilli Qadınlar Cəmiyyəti

“Lider Qadınlar” ictimai birliyi

“Gender və İnsan Hüququ” ictimai birliyi

“Gender və İqtisadiyyat” ictimai birliyi

“XXI əsrin Qadınları” ictimai birliyi

 “Qadınlar gələcək uğrunda” ictimai birliyi

Ağa Musa Nağıyev adına “Milli dəyərlərin qorunması” ictimai birliyi

 “Qurur” şəhid ailələri xeyriyyə ictimai birliyi

“Qadınlar sülh uğrunda” ictimai birliyi

Azərbaycan Skandinaviya əməkdaşlığı ictimai birliyi

Qanun və bələdiyyə ictimai birliyi

Azyaşlıların hüquqi maariflənməsinə kömək ictimai birliyi

“İnkişaf” sosial və iqtisadı araşdırmalar ictimai birliyi

“Zirvə” ziyalılar təşkilatı

“Vəfa” ziyalı qadınlar ictimai birliyi

Qadınlara dəstək ictimai birliyi

“Məlhəm” humanist qadınlar ictimai birliyi

“Jurnalistlər ekstremal şəraitdə” ictimai birliyi

“Səhiyyə və Sağlam” həyat ictimai birliyi

İşgüzar qadınlar inkişaf uğrunda ictimai birliyi

Qadınlar bələdiyyələrin inkişafı uğrunda

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal