Milli Məclisin fevralın 14-də keçirilən iclasında gündəlik məsələlərin müzakirəsinə başlamazdan öncə deputat Gövhər Baxşəliyeva çıxış edib. O, İslam Konfransı Təşkilatına üzv olan ölkələrin Xocalı soyqırımını tanıması ilə bağlı qəbul etdiyi qətnamədən danışıb. Bunun beynəlxalq aləmdə böyük əks-səda doğurduğunu bildirib.
Milli Məclisin spikeri Oqtay Əsədov isə deyib ki, bu istiqamətdə ciddi işlər gedir. Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti, İtaliya parlamenti, Almaniya parlamenti, Baltikyanı Assambleya, GUAM Azərbaycan gerçəklikləri, Azərbaycan həqiqətləri ilə bağlı müəyyən qətnamələr qəbul ediblər. O.Əsədovun sözlərinə görə, İslam Konfrası Təşkilatının qəbul etdiyi qətnamə isə ən böyük sənəddir və ondan sonra Pakistan senatı da Xocalı soyqırımını tanıyan qətnamə qəbul edib.
“Hesab edirəm ki, bu sahədə işlərimizin intensivləşməsi üçün səylərimizi daha da artırmalıyıq. Azərbaycan parlamentinin beynəlxalq qurumlarda təmsil edən nümayəndə heyətinin rəhbərləri, üzvləri öz fəallıqlarını artırmalıdır”-deyə spiker vurğulayıb.
Deputat Zahid Oruc isə çıxışında İranın Azərbaycana nota verməsini pisləyib. Z.Oruc eyni zamanda Müsavat başqanı İsa Qəmbərin “Eurovision”a qatılacaq əcnəbi ifaçılara müraciət etməsini də pisləyərək buna etirazını bildirib. Bundan başqa, millət vəkili Azərbaycan diplomatlarının Suriyadan çıxarılmasını təklif edib.
Millət vəkili Fazil Mustafa ötən il aprelin 2-də həbs olunmuş müxalifətçilərin azadlığa buraxılmasının vacibliyini vurğulayıb. O deyib ki, qarşıdan Novruz bayramı gəlir və həmin məhbusları azadlığa buraxmaq yaxşı hal olardı. F.Mustafa da İranın Azərbaycana nota verməsinə münasibət bildirərək deyib ki, İran İsrailin qorxusundan ətraf ölkələrə hücumlar edir, “Times” qəzetindəki bir yazıya görə Azərbaycana nota verir.
F.Mustafanın fikrincə, Azərbaycanıən Xarici İşlər Nazirliyi İranın Azərbaycandakı səfirini çağırıb ona öz etirazını təqdim etməlidir.
Deputat Qənirə Paşayeva da İranın Azərbaycana nota verməsini pisləyərək bu ölkənin işğalçı Ermənistana dəstək verməsini və “Səhər” telekanalının fəaliyyətini tənqid edib.
Modern.az