Modern.az xəbər verir ki, Milli Məclisin fevralın 14-də keçirilən iclasında İranın Azərbaycana nota verməsi məsələsi əsas müzakirə mövzularından biri olub. Deputatlar İranın addımını pisləyiblər.
Daha sonra Milli Məclisin sədri Oqtay Əsədov məsələyə münasibət bildirib. O.Əsədov deyib ki, İrandakı bəzi qüvvələr Azərbaycana qarşı təhdidlərlə məşğuldurlar.
“Bunun kökünü axtarsaq, gedib yenə də bəzi qurumlara çıxacaq. İran Azərbaycana qonşu dövlətdir. Biz hər zaman İranla münasibətlərin yaxşı olmasına çalışmalıyıq. Deyirlər, guya Azərbaycan ərazisindən İrana hücum olacaq və sair... Mən bu məsələdə Azərbaycan prezidentinin dəfələrlə açıqladığı mövqeni xatırlada bilərəm. Heç bir xarici qüvvə Azərbaycan ərazisindən qonşu dövlətə qarşı istifadə edə bilməz. Azərbaycan bu mövqeyi bildirirsə, İran niyə bizə təzyiqlər etməlidir?
Razıyam ki, İran diplomatiyasında bəzi səhvlərə yol verildi, Azərbaycana qarşı parlamentlərində çıxışlar oldu. Hətta Türkmənçay müqaviləsinin ləğvi məsələsini qaldırırlar. Biz hər vəchlə çalışmalıyıq ki, bu məsələlər çox dərinləşməsin".
O.Əsədov onu da vurğulayıb ki, İrandan Azərbaycana qarşı yönələn qüvvələrin, eyni zamanda “Səhər” televiziyasının və digər qurumların cavabı verilir və bundan sonra da veriləcək.
Modern.az