Təhsil naziri Misir Mərdənov doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında əmr imzalayıb.
Modern.az Təhsil Nazirliyinə istinadən bildirir ki, təhsil naziri doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamını elan edib.
Sərəncama əsasən doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdləri 2011-ci il dekabrın 1-dən 10 faiz artırılır.
2011-ci il 27 dekabr Prezident İlham Əliyevin yuxarıda adı çəkilən Sərəncamına əsasən təhsil naziri Misir Mərdənov 26 yanvar 2012-ci il tarixində əmr imzalayıb.
Əmrdə ali təhsil müəssisələrinin rektorlarına, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin direktorlarına tapşırıqların verilməsi qeyd olunub.
Buna əsasən onlar təqaüd məbləğlərinin artımı ilə bağlı müvafiq hesablamaların, həmçinin təqaüd alan tələbə və şagirdlər barədə məlumatların nazirliyin iqtisadiyyat şöbəsinə təqdim olunmasını təmin etməlidirlər. Nazirliyin iqtisadiyyat şöbəsi ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinə kredit açılışı zamanı həmin təhsil müəssisələrində təhsil alan tələbə və şagirdlərə, həmçinin doktorantlara təqaüdlərin göstərilən artımla ödənilməsi üçün lazımi məbləğdə vəsaitin köçürülməsini təmin etməlidir.
Modern.az