Son zamanlar insanlar, xüsusilə də gənclər arasında qəribə tendensiya yaranıb. Belə ki, gənclərin bir hissəsi Tanrının varlığını qəbul etsələr də, dini inkar edir, hətta dini inancın xürafata meyllilik olduğunu düşünürlər.
Belə düşüncədə olan şəxslər “deist” adlanır. Deistlər Allahın mövcudluğunu və kainatın onun tərəfindən yaradıldığını qəbul etsələr də, dinlərin Tanrı tərəfindən yaradılmasını inkar edirlər.
Maraqlıdır, Tanrıya inam hissi olan belə insanlar müsəlman hesab edilə bilər? Ümumiyyətlə, dini inkar etmək nə dərəcədə doğrudur?
Bu barədə suallara “Məşədi Dadaş” məscidinin imamı, ilahiyyatçı Hacı Şahin Həsənli Modern.az-a açıqlamasında aydınlıq gətirib.
Din xadimi deyir ki, bəzi insanlar müasir görünmək üçün dini inkar edirlər.
“Tək Allahı qəbul edib, dini inkar etmək düzgün hal deyil. Nəticədə, din də Tanrı tərəfindən bizə göndərilib. Ümumiyyətlə, bəzi insanlar da var ki, dini qəbul etməyi köhnə fikirlilik kimi qəbul edirlər. Bu, doğru düşüncə deyil. Çünki din zamanın fövqündə dayanan bir anlayışdır. Belə ki, bu anlayış bütün pozitiv yeniliklərə açıqdır. Bəzi hallarda gənclər dini ona görə qəbul etmirlər ki, bu anlayış onlara düzgün təqdim olunmur, xürafata yol verilir. Bu da artıq həmin təqimatı edən insanların səhvidir, dinin yox. Gənclərdə son zamanlar tənqidçiliyə və inkara meyl güclüdür. Belə ki, onlar özlərində yaranan müəyyən suallarla din xadimlərinə müraciət edirlər. Həmin xadimlər də düzgün cavab verməyəndə və ya sual qarşısında aciz qaldıqda gənclər də yalnış fikirlərə düşürlər. Buna görə də din xadimləri dini düzgün təqdim etməlidirlər. Quranda bəzi ayələr var ki, zahiri baxımdan elmə zidd görünür. Lakin onlara izahat veriləndə aydın olur ki, əslində ayənin məzmunu ilk baxışdan göründüyü kimi deyil”.
Hacı Şahin bildirir ki, tək Allahı qəbul edib, dini danmaqla insan müsəlman hesab edilə bilməz.
“Din Allahı insanlara təqdim edir. Tanrıya inanıb dini danan şəxslər qəbul edir ki, onları Allah yaradıb. Belə olan halda onlar düşünməlidirlər ki, Yaradan onlara bir yolla inkişaf mərhələlərini, doğru yolu da göstərməlidir. Bu doğru yol da Qurandır, dindir”.