Modern.az

Deputatlar bələdiyyələrə əlavə səlahiyyətlər istədilər

Deputatlar bələdiyyələrə əlavə səlahiyyətlər istədilər

Parlament

14 Fevral 2012, 14:59

Vahid Əhmədov: “Bələdiyyələrə müstəsna səlahiyyətlər verilsin”


Milli Məclisin bugünkü iclasında Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Üzrə Mərkəzin hesabatının müzakirəsi zamanı millət vəkilləri bələdiyyələrin fəaliyyəti ilə bağlı irad və təkliflərini səsləndiriblər. Modern.az saytı xəbər verir ki, millət vəkili Fazil Mustafa bələdiyyələrin yalnız torpaq satmaqla məşğul olduqlarını deyib: “Artıq bələdiyyələri yerli problemləri həll edən quruma çevirməliyik. Bələdiyyələrin sosial həyatda iştirakı sıfır səviyyəsindədir. Təşəbbüs olduğu deyilir, ancaq misal gətirilmir”.

Deputat Qüdrət Həsənquliyevin fikrincə, hazırda bir çox bələdiyyə yerli icra orqanlarının bir qurumu kimi fəaliyyət göstərir: “Bələdiyyələrdə az vergi toplanır, büdcədən cüzi vəsait ayrılır. Yerli icra orqanlarının əsas səlahiyyətləri alınaraq, bələdiyyə orqanlarına verilməlidir. Məsələn, Türkiyədə yerlərdə əsas işi bələdiyyələr görür, vali ümumi məsələlərə baxır. Mən Arif Rəhimzadənin fikri ilə razıyam ki, bələdiyyələrlə iş üzrə nazirlik, yaxud bir qurum yaradılmalıdır”.

“Bələdiyyələrin statusunda kifayət qədər qeyri-müəyyənlik var”. Bu sözləri isə millət vəkili Vahid Əhmədov deyib: “10 ildən çox vaxt keçdiyi üçün bələdiyyələrin statusu barədə qanuna baxılsın və bələdiyyələrə müstəsna səlahiyyətlər verilsin. 10-a yaxın vergini bələdiyyələrin ixtiyarına vermişik. Ancaq vergilər və büdcədən bələdiyyələrə ayırmalar çox azdır. Fiziki şəxslərin əmlak vergisi yığılmır, bununla bağlı qanuna dəyişiklik etmək lazımdır. Yolların, suyun çəkilməsi ilə bağlı büdcədən transfertlər ayrılmalıdır. Bələdiyyə banklarının da yaradılması lazımdır. Bələdiyyələrin işində dönüş yaradılmasına çalışılmalıdır. İnzibati yoxlamalar yalnız prokurorluğa vermək yolu ilə olmamalıdır”.

Deputat Siyavuş Novruzov Azərbaycanda bələdiyyələrlə bağlı 20 qanun qəbul olunduğunu və dünyanın heç yerində belə qanunların qəbul edilmədiyini söyləyib: “Növbəti bələdiyyə seçkilərinə qədər bələdiyyələrin seçki sistemində dəyişiklik olmalıdır. Azərbaycanda bələdiyyə üzvlərinin sayı ən böyük dövlətlərdə bələdiyyə üzvlərinin sayı qədərdir. Tutaq ki, Yasamal rayonunda bələdiyyənin 18 üzvü var. Ancaq Yasamaldan Milli Məclisə 3 deputat seçilir. Hər bir bələdiyyə sədri orada yaşayan sakinlər tərəfindən seçilməlidir. Vergilərin yığılması və icarəyə verilmə halları da bələdiyyələrə qaytarılmalıdır. Bələdiyyələr yeni qurumlar olsa da, fəaliyyətləri pis deyil, amma islahatlar apararaq işlərini yaxşılaşdırmalıdırlar”.

Onun fikrincə, bələdiyyələr dövlətə kömək etməlidir: “Bələdiyyələr məktəblər açmalı, yol tikintisində iştirak etməlidirlər”.

Millət vəkili Qalib Salahzadə isə digər həmkarlarından fərqli olaraq Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş üzrə Mərkəzinin fəaliyyətini tənqid edən Arif Rəhimzadə ilə razılaşmadığını vurğulayıb: “Qanunsuz tutulan torpaqlar ARDNŞ-ə məxsusdur. Ancaq bələdiyyələrin əlində xəritə ilə torpaq yoxdur, harada torpaq gördü, sərəncam verirlər. Maştağada həyətində su quyusu olan ev var. Çünki bələdiyyə torpaq verərkən əlində xəritə olmayıb. Bakıda evlərin 70 faizinin sənədi yoxdur. Ona görə də sənədsiz evlərə sənəd verilməsi barədə Dövlət Komitəsinin yaradılmasını təklif edirəm”.

Modern.az

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım