“Pressklub.az saytının funksiyası xəbər çatdırmaqdan daha genişdir. Çünki saytımızın güclü statistik təhlil bazası qurulub”.
Bu barədə Modern.az-a yeni yaradılan Pressklub.az saytının fəaliyyətindən danışarkən onun təsisçilərindən biri olan Arif Əliyev danışıb. O qeyd edib ki, sayt tək məlumatlandırmaqla kifayətlənməyərək, xidmət də təklif edəcək:
“Ona görə, Pressklub.az xəbər istehsalı ilə bərabər, həm də korporativ sayt kimi seçiləcək. Daha çox jurnalistlərə, sosial media fəallarına yönəlmiş fəaliyyət nəzərdə tutulub”.
Arif Əliyev qeyd edib ki, xəbərlərin dərc edilməsində siyasi balansın qorunması prosesi jurnalist etikası prinsiplərinə uyğun həyata keçiriləcək:
“Söhbət ondan getmir ki, bu bir istiqamətə yönəldilsin. Hər hansı siyasi baxışa uyğun xəbər, məlumat informasiya dərc olunubsa, digər siyasi baxışdan da balanslı şəkildə dərc olunmalıdır. Hansısa məsələ ətrafında müxtəlif tərəflərin fikirləri öz əksini tapmalıdır. Səninlə eyni müstəvidə olub-olmamasına fərq qoymadan, hər kəsin fikrinə hörmətlə yanaşmaq lazımdır. Qeyd etdiyimiz məqamlara Azərbaycanda buna əməl edilməsə də, jurnalist etikasından xəbərdar olanlar bunu bilir”.
Saytın sosial media fəallarına yönəlik fəaliyyəti ilə seçiləcəyini vurğulayan jurnalist pressklub.az-ın fəaliyyətində gənclərin rolunun üstünlük təşkil edəcəyini söyləyib:
“Yeni media texnologiyalarının vacibliyini anlasaq da, hətta mənim üçün belə bunun qavramı o qədər çətindir. Buna görə istəsək də, istəməsək 3-4 yaşından telefonla topla oynadığı kimi “oynamış” gənclərin bu məsələdə rolu aparıcı qüvvədir. Saytın kollektivi, qurduğumuz komanda əksəriyyəti gənclərdir. Onlara belə bir fikri çatdırmağa çalışıram: bunu öyrənin, sonra mən işi sizə təhvil verim, gedim.
Hələlik Bakı Mətbuat Klubunun geniş mənada, fiziki bərpasına çalışmaq əsas məqsədimizdir. Bərpa edildikdən sonra jurnalistlərin əvvəlki qaydada - fərdi üzvlük vasitəsilə kluba qoşulması mümkün olacaq. İndi virtual məkanda fəaliyyət göstərən klubun – Pressklub.az saytının informasiya bazasına isə hər kəsin əli çatacaq. Halbuki, xidmətlərdən istifadə üçün qeydiyyatdan keçmək mütləqdir. Hər kəs saytın xəbər və məlumatlarından istinad göstərmək şərti ilə rahatlıqla istifadə edə bilər”.