Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Sosial İnkişaf İdarəsi 2012-ci ildə görəcəyi işlər barədə məlumat yayıb. ARDNŞ-in mətbuat xidmətindən Modern.az-a bildirilib ki, 2007-ci il sentyabrın 27-də təməli qoyulan 90 çarpayılıq Qusar rayon Mərkəzi Xəstəxanasında aparılan işlər davam etdirilir. Havaların şaxtalı keçməsinə baxmayaraq, ARDNŞ-nin maliyyə vəsaiti hesabına Qusarda aparılan digər layihələrin icrası da bir dəqiqə olsun, dayandırılmayıb. Qusar şəhərindəki Heydər Əliyev adına istirahət parkında, Heydər Əliyev Muzeyində inşaat, əsaslı təmir və yenidənqurma işləri dinamik olaraq davam etdirilir, obyektlərin vaxtında və keyfiyyətlə başa çatdırılması üçün səylər artırılıb.
2012-ci ildə ARDNŞ-nin inzibati binalar kompleksi, “Neftçi” İdman Sağlamlıq Mərkəzinin yeni inzibati binası, Lökbatan qəsəbəsində 240 çarpayılıq xəstəxana binası və qəzalı evlərdə yaşayan ailələrin köçürülməsi üçün 2 yaşayış binası, Binəqədi rayonunda qəzalı vəziyyətdə olan binaların yerində yeni yaşayış binası, Qobustan qəsəbəsi, Kəşfiyyatçı küçəsi 14 ünvanında 5 mərtəbəli yaşayış evinin tikilməsi planlaşdırılıb.
Həmçinin, Qaraçuxur qəsəbəsində 440 şagird yerlik orta məktəbin, Sabunçu rayonunda Olimpiya stadionunun, Mərdəkan qəsəbəsində məcburi köçkünlər üçün yaşayış kompleksinin, Buzovna qəsəbəsində ARDNŞ-nin Qonaq Evinin, Tovuz rayonunda Müalicə Diaqnostika Mərkəzinin tikintisi, Səbail rayonu, Nizami küçəsində yaşayış binasının, eləcə də Şirvan şəhər stadionunun yenidən qurulması işləri də nəzərdə tutulub.
Modern.az