Modern.az

NATO-nun baş katibi İlham Əliyevə Əfqanıstan məsələsinə görə təşəkkür edib

NATO-nun baş katibi İlham Əliyevə Əfqanıstan məsələsinə görə təşəkkür edib

Təhsil

15 Fevral 2012, 19:20


Belçika Krallığında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 15-də NATO-nun baş katibi Anders Foq Rasmussen ilə görüşüb. 
AzərTAc-ın məlumatına görə, NATO-nun baş katibi İlham Əliyevi Alyansın mənzil-qərargahının önündə qarşılayıb. 
Sonra Prezident İlham Əliyev və Anders Foq Rasmussen Azərbaycanın və NATO-nun bayraqları önündə şəkil çəkdiriblər. 
Anders Foq Rasmussen dəvəti qəbul edib NATO-nun mənzil - qərargahına gəldiyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. 
Azərbaycan-NATO tərəfdaşlığını yüksək qiymətləndirən baş katib ölkəmizin BMT-nin Təhlükəsizlik Şurasına üzv seçilməsi münasibətilə Prezident İlham Əliyevi təbrik edib. 
NATO-nun Fərdi Tərəfdaşlığın Əməliyyat Planının təsdiq olunmasının Azərbaycan-NATO əməkdaşlığının genişləndirilməsi baxımından əhəmiyyətini qeyd edən baş katib ölkəmizin antiterror koalisiyası çərçivəsində Əfqanıstanda sülhyaratma əməliyyatlarında fəal iştirakına görə təşəkkür edib.
Anders Foq Rasmussen Azərbaycan-NATO əlaqələrinin bundan sonra da genişlənəcəyinə əminliyini ifadə edib.
Prezident İlham Əliyev Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına üzv seçilməsi münasibətilə təbriklərinə görə NATO-nun baş katibinə minnətdarlıq edib. O, qeyd edib ki, ölkəmiz NATO-Azərbaycan tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi üçün bundan sonra da səylərini artıracaq. 
Prezident İlham Əliyev Azərbaycanın Avratlantik strukturlara inteqrasiya istiqamətində fəaliyyətini bundan sonra da davam etdirəcəyini söyləyib. 
Dövlət başçısı Əfqanıstanda həyata keçirilən sülhyaratma əməliyyatlarında NATO ilə Azərbaycanın sıx əməkdaşlıq etdiyini vurğulayıb.
Prezident İlham Əliyev Azərbaycan ilə NATO arasında etibarlı tərəfdaşlıq əlaqələrinin bundan sonra genişlənəcəyinə əminliyini bildirib.

Prezident İlham Əliyev və NATO-nun baş katibi Anders Foq Rasmussen Alyansın mənzil-qərargahında mətbuat nümayəndələri qarşısında birgə bəyanatlarla çıxış ediblər. 
Sonra jurnalistlərin sualları cavablandırılıb.

Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal