Modern.az

Bakıda gəmi partlayıb, 4 nəfər ölüb

Bakıda gəmi partlayıb, 4 nəfər ölüb

Təhsil

16 Fevral 2012, 15:31

Bakı şəhəri, Xətai rayonunda Zığ limanında balıqçı gəmisində partlayış baş verib. Modern.az Fövqəlada Hallar Nazirliyinə istinadən bildirir ki, ilkin məlumata görə, təmir işləri zamanı yaranmış partlayış yanğınla nəticələnib. Yanğın saat 14:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə yerinin kəşfiyyatı zamanı şəxsiyyəti məlum olmayan 4 nəfərin cəsədi aşkarlanıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

***

Baş Prokurorluq da hadisə ilə əlaqədar məlumat yayıb. Bildirilib ki, fevralın 16-da  saat 14:00 radələrində Xəzər dənizinin paytaxtın Xətai rayonu ərazisinə aid hissəsində sahildə dayanan "Mərdəkan" balıqçı gəmisində partlayış baş verib.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin və Baş Prokurorluğun rəhbər heyəti gəlib, eyni zamanda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları hadisə yerinə cəlb olunmaqla qısa zaman ərzində gəmidə baş vermiş yanğın tam söndürülüb. Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri və Bakı şəhər prokurorluğunun əməkdaşları tərəfindən  məhkəmə-tibbi və Ədliyyə Nazirliyinin Elmi-Tədqiqat Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminalogiya Problemləri İnstitunun ekspertlərinin iştirakı ilə hadisə yeri və meyitlərə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən  maddi sübutlar götürülmüş və digər zəruri təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.

Hadisə yerində 4 nəfərin - 1964-cü il təvəllüdlü gəmi kapitanı Hacı Xanbutayev, 1965-ci il təvəllüdlü matros Maarif Ağayev, mexanik  Sahib Beydullayev və 1960-cı il təvəllüdlü qaynaqçı Mehman Hacıyevin meyitləri aşkarlanaraq müayinə olunması üçün məhkəmə-tibb ekspertlərinə təqdim edilib.

Fakta görə Bakı şəhər prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanmış və istintaq aparılır.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal