Fevralın 17-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində nazir Fizuli Ələkbərov tərəfindən Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron, Şabran, Kürdəmir, Sabirabad, Ağdam, Zərdab, Neftçala rayonları üzrə daha bir qrup vətəndaş qəbul edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a bildirilib ki, həmin vətəndaşların prezidentə, Nazirlər Kabinetinə, Milli Məclisə, Ombudsman Aparatına, həmçinin ayrı-ayrı instansiyalara, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladıqları şikayət ərizələri araşdırılıb.
“Nazirliyin müvafiq strukturlarının mütəxəssisləri tərəfindən şikayət ərizələrinin obyektiv tərzdə araşdırılması zamanı bir sıra vətəndaşların ünvanlı dövlət sosial yardımı, əlillik qruplarının təyinatı və sosial müdafiə işinin digər sahələri ilə bağlı müvafiq qanunvericilik barədə məlumatsız olmaları səbəbindən əsassız olaraq şikayət ərizələri yazdıqları, bununla yanaşı, bir sıra haqlı narazılıqların olduğu da müəyyən edilib. Belə ki, bir sıra hallarda yerli strukturların əməkdaşları tərəfindən vətəndaşların müraciətinə adi bir etinasız münasibət, yaxud vətəndaşlara müvafiq izahat işinin aparılmaması nəticədə müxtəlif instansiyalara şikayət ərizələrinin ünvanlanmasına şərait yaradır”-deyə bildirilib.
Hər bir vətəndaşın müraciətində qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun və ədalətli həlli ilə əlaqədar müvafiq strukturlara göstəriş verən nazir Fizuli Ələkbərov vətəndaşların haqlı narazılığına səbəb olan hallara yol vermiş yerli qurumların fəaliyyətinin ciddi şəkildə araşdırılması, vəzifəsində nöqsanlara yol vermiş əməkdaşlar barədə tədbirlər görülməsi barədə tapşırıq verib.
Müraciətlərin araşdırılması zamanı yoxsulluq vəziyyətindən çıxmaq üçün potensial imkanlara malik olan ailələr də müəyyən edilib. Belə ailələrin aktiv sosial müdafiə tədbirlərinə cəlb edilməsi, o cümlədən onların əmək qabiliyyətli üzvlərinin səmərəli məşğulluğunun təminatına və ya peşə-əmək qabiliyyətinin artırılmasına kömək göstərilməsi, birdəfəlik ünvanlı sosial yardım - Özünədəstək proqramına cəlb edilmələri qərara alınıb. Belə ailələrdən biri kimi Masallı rayon sakini Asif Bəyverdiyevin ailəsinin şəxsi təsərrüfatını yaratmaq və yoxsulluq vəziyyətindən çıxmaq üçün Özünədəstək proqramına cəlb edilməsi, ailənin birdəfəlik ünvanlı yardımla təmin edilməsi, həmçinin bir sıra vətəndaşların nazirliyin tabeliyindəki müvafiq müəssisələrdə bərpa müalicəsinə cəlb olunması barədə tapşırıq verilib.
Qəbul zamanı Bakının Xəzər rayon sakini, mənzil növbəsində olan şəhid ailəsi Musayeva Ziyafət Maarif qızına yeni mənzilin və Cəlilabad rayon sakini, minik avtomobili növbəsində olan Böyük Vətən müharibəsi əlili Səfərov Qulam Şabı oğluna Lifan markalı minik avtomobilinin sənəd və açarları təqdim olunub. Bakının Binəqədi rayon sakini, Əfqanıstan müharibəsi əlili olsa da, ölkəmizin ərazi bötövlüyü uğrunda savaşlarda bir zabit kimi iştirak etmiş, mənzil növbəsində olan ikinci qrup hərbi xidmət əlili Məhərrəmov Nizami Mövsüm oğlunun isə 5 nəfərlik ailə tərkibi ilə bir otaqlı evdə darısqal şəraitdə yaşaması səbəbindən qısa müddətdə mənzillə təmin olunmaq xahişi nəzərə alınmaqla, ona cari ilin may ayında yeni mənzillə təmin ediləcəyi bildirilib.
“Onu da bildirək ki, 2011-ci ildə və cari ilin ötən dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Fizuli Ələkbərov və nazirliyin məsul şəxsləri Oğuz, Şirvan, Göyçay, Şəki, Bakı, Ağcabədi, Yevlax, Masallı, Şabran, Gəncə, Samux şəhər və rayonlarında olaraq, Naxçıvan MR istisna olmaqla, ölkənin bütün bölgələri üzrə ümumilikdə 580 nəfərdən artıq vətəndaşı qəbul edib və müraciətlərini araşdırıblar.
Nazir Fizuli Ələkbərov tərəfindən vətəndaşların yaşadıqları bölgədə onların şəxsi iştirakı ilə qəbulu və müraciətlərinin araşdırılması işləri bundan sonra da davam etdiriləcək” – nazirlikdən bildirilib.
Modern.az