Modern.az

Əsgərlik gündəliyim - 5

Əsgərlik gündəliyim - 5

17 Fevral 2012, 23:52

Həsrətlər bitəcək səhər açılsa

Avqustun 14, 15-də vaxtımız hərbi and mərasiminə hazırlıqla keçdi. Ayın 16-da isə nahar yeməyindən sonra gənc əsgərlərə yeni botinkalar paylandı və birkalandı. Qəribədir, niyə indiyə kimi vermirdilər?

17-də hərbi anda son və əsas hazırlıq zamanı Nuriyevin səhhəti pisləşdi. Günorta döşək üzlərini sökürük. Yenə kiçik çavuş Əhmədovla mübahisəmiz olur. Məncə Bəşirov olmasaydı...

Avqustun 18-dir. Səhər saat 6-da oyanmışıq. Oyanmışıq deyəndə ki, heç yatmamışdıq da. Bu gün valideynlərimizi görəcəydik deyə, gecədən səhərə kimi... Hərbi hissənin həyəti bayraqlarla, şarlarla çox əla formada bəzədilib. Saat 9-dur, mərasim başladı. Gənc əsgərlər adından çıxış etməliyəm. Gözüm yanıma gələnləri gəzir-anam, atam...yenə çox adam var burda. Təəssüf... əsgər yoldaşım Qənbərov Ağasəf  çeviyin çıxışı zamanı ağır zədələnir... Hər şey əladır... Amma saat 5-də yenidən hərbi hissəyə geri dönməliyk... Qayıdırıq. Bəzi uşaqlar bu gecəni qayıtmayacaqlar. Səbəb haqda nəsə deməyi artıq bilirəm... - “dayday”/

Avqustun 19-u çavuşlarla mübahisəyə həsr olunsa da, mayor Həsənovun verdiyi xoş xəbərə sevinirik. Dediyinə görə, həmin gün şəhərə gəzməyə çıxacağıq...

Meyxanadır, meyxana

20...21-i isə ayağımda yenidən ağrılar əmələ gəldi və tibb məntəqəsinin həkiminin qərarıyla sıradan azad edildim. Təzyiqim isə 110-un 70-dir. Avqustun 23-də axşam yeməyindən sonra poliqona hazırlaşırıq.  Bundan əvvəl isə Ələsgərov Nemət yeni aldığım bloknotu bəzəyir. Səhəri gün poliqona gedirik. Görək bu dəfə hədəfə dəyə biləcəyəmmi? Yadımda deyil. Amma poliqondan sonra Ələsgərov Nemət və digər köhnə əsgərlərlə “kurilka”da meyxana dediyimiz bugünkü kimi yadımdadır. Daha nələr etmirdik vaxtın getməsi üçün? Meyxana, şeirlər, bloknot bəzəmək, zarafatlar... Ayın 24-də isə hərbi mənə “əsgərlikdə diribaş olmaq lazımdır” devizinin doğru olduğunu bir daha sübut elədi. Seyfəddinin dilinə gətirib-gətirmədiyi məlum olmayan sözə görə Alməmmədov Bəhruz ona elə bir yumruq vurdu ki... Amma bəlkə də Seyfəddin sakit olmasaydı, Alməmmədovu... Bu arada Hümmətov Rasəf bloknotuma əsgər şəkli çəkir...

25 avqust 2011-ci il...Şənbə hazırlıqlarından sonra mənimçün yaranmış əla imkanı əlimdən qaçırdım...

Avamlıq nümunəsi

Məsələ burasındadır ki, Sərhəd Qoşunlarının Baş Qərargahından Hərbi Hissəyə nümayəndələr gəlib. Gəlişin məqsədi normal fiziki göstəricilərə malik, idmandan az-çox anlayışı olan gənc əsgərləri seçib Şüvəlanda yerləşən Xüsusi Hərbi Hissəyə aparmaqdır. Yəni hər çağırış dövründə Sərhəd Qoşunlarının hərbi hissələrindən məhz bu cür əsgərlər seçilərək xüsusi hərbi hissəyə-Şüvəlana aparılır. Həmin hərbi hissənin digərlərindən fərqinə gəlincə, burdakı əsgərlərə xüsusi hallarda ehtiyac duyulur. Oradakıların əsas işi qidalanmaqdan, bəzi yüngül xidmətlərdən və idman etməkdən ibarətdir. Deyilənə görə, yeməkləri keyfiyyətinə görə hətta ev şəraitində hazırlananları da üstələyir. Hər halda bu gördüklərim yox, eşitdiklərimdir.

Bakıdan gələnlərin istəyi ilə yüz nəfərlik heyət meydana düzülür. Seçim başlayır.  Artıq ilk əsgəri seçirlər - Sarıyev Sabutay, Saatlı rayonundandır. Daha iki nəfər... Baxırlar...seçirlər...Ürəyimdə düşünürəm ki, həmin Xüsusi Hərbi Hissəyə seçilməyim valideynlərim üçün lap göydəndüşmə olacaq, bu boyda yolu gəlib-getməkdən canları qurtaracaq...Amma...dilimi dinc qoysam...

Birdən seçimi aparan mayor bir addım irəli çıxmağımı əmr edir... tap-tup... Digər zabitlərlə məsləhətləşir

- Bəlkə bunu da seçək. Düzdür, arıqdır, amma yəqin orda düzələcək...

Deyəsən seçəcəklər-deyə düşünürəm. Yesssss - alındı. Amma bu cür imkanı ancaq mənim kimi...

Deməli, nə baş verir?  Qaydalara görə, Şüvəlandakı hərbi hissədə xidmət edənlərin yaşadıqları ərazi ordan müəyyən məsafə kənar olmalıdır...

- Harda yaşayırsan. Mərdəkanda - DRES-də.

- Daimi yaşayış yerin oradır?

- Bəli, cənab mayor.

- hmmm. Yenə Sumqayıtda yaşasaydın...

- Sumqayıtda yaşasaydın yox e, dilimi “soldat botinkası”na soxsaydım-düşündüklərim.  Axı niyə belə dedim? Kaş ki, Sumqayıt deyərdim. Alınmasa belə, ən azı hərbi hissədən çıxacaq, Bakıya gələcəkdim. İki gün yol, bir gün orda qalmaq... Heç olmasa üç gün...

Bu cür xəyal qırıqlığından sonra gün növbətçisi olmaq sadəcə fəlakətdir. Axşam təlimatıdır, zorla ayaq üstə dayanıram. Amma səbrə şükür...

Naşı bərbər

Bu cür ağır günün səhərisi hərbi xidmətim ərzində yaddaqalan daha bir hadisə baş verir. Axşam yeməyindən sonra biləsuvarlı Əliyev İlqar saçını qırxdırmaq istəyir. Bacardığımı deyirəm. Əslində isə məqsədim özümü sınamaqdır. Yəni sözün əsl mənasında İlqarın başında dəlləklik öyrənməkdə qərarlıyam. Başlayıram...vızzz...vızzzz...vızzzz. Ay aman deyəsən çox dərin getdi... “Müştəri” güzgüyə baxmaq istəyir. Deyirəm ki, indidən baxsan sənə maraqlı gəlməyəcək. Bu an əsgərlərdən biri məişət otağına girir.

- Aaaaa, Əliyev...

- İndi adı və soyadını gündəliyimə dəqiq qeyd eləmədiyim əsgər demək istəyirdi ki, Əliyev saçını belə “usta”ya həvalə etməkdənsə özün qırxardın.

Bu mənim təxminlərimdir və deyəcəklərinin bundan daha yaxşı sözlər olacağına da inanmıram. Tez araya söz qatıb vəziyyətdən çıxıram. Amma özümü də gülmək tutur. Davam edirəm...vızzz..vızzz. 
İlqar əvvəlcədən mənə deyib ki, saçının qabaq hissəsini mümkün qədər daha çox saxlayım. Həm alnı böyükdür, həm də bu bir əsgər “xəstəliyidir”. Guya kim daha uzun saç saxlasa, yanına gələnlər də bu uzun saçları görsələr, deməli, həmin əsgər buralarda daha yaxşı “fırlanır”. Bu üzdən də bir də görürdün ki, elə bir əsgər telini uzun saxlamaq istəyir... işi-peşəsi kiminsə yerini yığışdırmaq... olub.

İlqar səbirsizliklə “İntiqam usta”nın əl işini görmək istədiyi bir vaxtda... tel də əldən getdi... Amma bu dəfə başa düşür ki, saçını tanınmaz hala salmışam. Biz tərəflərdə buna kəltən-kəltən deyirlər. Yəni ala-tala... Ayağa durub güzgüyə baxır, sonra da mənə... gülür... Çox güman ki hirsindən... Elə təzəcə başını yumağa gedir ki, hamımızın “gizir Orxan” kimi çağırdığımız - səbəbini izah edəcəm - Daşdəmirov maykası əlində məişət otağına girir. Daşdəmirov bölüyün giziri Zamanov Qaryağdını elə ustaca yamsılayırdı ki... Bax elə ona “gizir Orxan” deməyimizin səbəbi də budur.  Oturur... tapşırıqlarını, sifarişlərini verir. Gör kimə haaaa… Yəqin İlqarı görməyib hələ. Görsəydi, çətin başını mənə etibar edərdi.

Orxanın da əsas sifarişi tellə bağlıdır.

- Yanını “bir”lə, üstünü də “üç”lə götür.

- Ürəyimdə-bu nə deyir ə... Hə yəqin saç maşınının dişlərinin nömrəsidir-deyə düşünürəm.

Axı heç mən bu dişlərin nömrəsini bilmirəm də... İşimi qurtarıram... Orxan güzgü istəyir... İlqara şükür...

Bəlkə də inandırıcı görünməyəcək. Amma sonra hətta hərbi hissə komandiri də “zabit günü”ndə məhz bu iki əsgərdən saçlarını kimin bu günə saldığını soruşmuşdu. Komandir elə bilmişdi ki, Daşdəmirov və Əliyevin saçını “ÇP”yə görə hansısa zabit bu hala qoyub-kəltən-kəltən...

«sançatst» macəralərı

Avqustun 27-i “komandir günü”dür. Burda olduğum 45 gün ərzində ilk dəfə tibb məntəqəsində yatmalı olacağam - 37.8 qızdırmam var. Təlim yoldaşlarım Abdullazadə Nail və Ağayarov Nahidsə məntəqədən çıxırlar. Məntəqədə neçə gün qalacağımı bilməsəm də, burdakı digər əsgərlərlə tanış olmalıyam. Əliyev Orxan-İqtisad Universitetini bitirib, rusdillidir. Bir az da basıb-bağlamağı var. Rüstəmov Xaliq-qazaxlıdır, mebel ustasıdır. Bütün hərbi hissənin əhlikef, dəli kimi tanıdığı Hacıyev Arzuman Ağstafadandır. Komendant  bölüyünün əsgəri Vəliyev Elgiz Laçın rayonundandır.  Vəliyev Əvəz isə müvəqqəti olaraq məntəqədə saxlanılır. Pnevmaniya xəstəsi olduğundan Sərhəd Qoşunlarının Bakıdakı Hospitalına aparılacaq.
Tanış olduq. İndi isə...

Tibb məntəqəsi əsgərlər üçün arzuolunan yerlərdən biridir. Həm bir az gözdən uzaq, könüldən iraqdır, həm də əgər cibində 5-10 manatın varsa...

Gecə hərəmiz bir manat pul qoyub yüngülvari qonaqlıq eləmək fikrindəyik. Bəs kimi göndərək? Təbii ki Arzumanı...

Avqustun 29-da isə komandir Hümbətovun gecəyarı hərbi hissəyə gəlişi bəzi zabitlərin töhmət almasıyla, çavuş Rəhmanovun rütbəsini itirməsiylə nəticələnir. Ayın 30-u isə ən yadımda qalan hadisə günorta yeməyində əsgərlərə qarpız verilməsi olur. Ondan sonra isə müğənni Rəqsanənin bacısının həbs olunması...
Xəbəri eşidən kimi tibb məntəqəsinin zabitləri, əsgərlər, hətta tibb bacısı da gəlib məndən nələrisə öyrənməyə çalışırlar. Guya ki, jurnalistəmsə hamısını bilməliyəm... Bu arada xəlvəti işlətdiyim radioda xəbərlərə qulaq asıram: ”Bakıda “Mütəfəkkir” MTK-nın binası uçub, ölən və yaralananlar var”.

Tibb məntəqəsindən çıxıram. Şənbə günü, yəni sentyabrın 1-də yenidən yeməkxana naryadı oluram. Bu günlər əsgərlər arasında əsas müzakirə mövzusu Təlim Tədris Mərkəzindəki əsgərlərin bölünməsidir. Yəni indi bu yüz nəfəri ayrı-ayrı bölüklərə, komendaturaya bölməlidirlər. Məsələn, Şəmkir Sərhəd Dəstəsində bölünmə prosesi başa çatdığından 12 əsgər Şəkiyə gəlib. Artıq Neftçala və Zaqataladakı hərbi hissələrdən də bizə gənc əsgərlər göndəriliblər. Burda isə daha bir yerlimi tapıram. Əşrəfzadə Elvin Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsinin bakalavr və magistr pillələrini bitirib. İntellektual səviyyəsinə, savadına görə açıq-aşkar bizdən fərqlənir. Üç-dörd əlavə dil bilir...

(Ardı var)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu