Fevralın 17-də “Azad Azərbaycan” telekanalının Xəbərlər departamentinin «Son xəbər» verilişi 9 yaşını qeyd edib. 9 yaşlı “Son xəbər”in ən tanınmış aparıcısı Samirə Mustafayeva Modern.az saytına müsahibə verib.
- ATV-nin tanınmış simalarından olan Samirə Mustafayeva kimdir?
- Mən 1984-cü il 11 iyun tarixində Bakida doğulmuşam. İxtisasca müəlliməyəm, amma artıq 7 ildən coxdur telejurnalist olaraq çalışıram. Bir aydan sonra ailə qurmağımın 6 ili tamam olur. 1 qızım var.
- Jurnalistikaya gəlişiniz necə baş verib?
- Uşaqlıqda hüquqşünas olmaq istəyirdim. Özü də mən "prokuror" olacam deyirdim. Hər hansı hadisəni sonunadək xırdalıqlarıyla araşdırma həvəsi məndə yüksəkdir. Yəqin ki o "prokurorluq" həvəsindən jurnalistikaya kecid də bununla bağlıdı. Orta məktəbin 6-cı sinfindən tədbirlərdə fəal iştirak etməyə başladım və sanki icimdəki yaradıcılıq qabiliyyəti üzə çıxdı.
Təhsil aldığım peşəni həvəslə bitirsəm də, hardasa bilirdim ki, mütləq aparıcı olacam. Və bu böyük həvəs, sevgi məni hazırda ailəmə çevrilən, sevimli ATV-yə gətirdi.
- Bildiyimiz qədər atanızın telejurnalistikaya gəlişinizdən xəbəri olmayıb, bəs, bunu biləndə nə baş verdi, necə qarşıladı?
- Atamın fikrincə, qız mütləq ya həkim, ya da müəllimə olmalıdır. 2 ay atamdan gizlin mən efirə hazırlaşdım. Artıq efirə çıxma tarixim müəyyənləşmişdi və biz evdəkilərlə bunu atama deməyə hazırlaşırdıq, sən demə atam da öz yanından məni məktəbə işə düzəldirmiş. Onunla anam danışdı, təbii ki, şoka düşdü. Mənimlə bu barədə bir kəlmə də danışmadı, hətta mən efirə də çıxdım, işdən evə də gəldim. Onun nə fikirləşdiyini, nə düşündüyünü çox istəyirdim biləm.
- ATV-dən öncə haradasa işləmisiniz?
- ATV mənim ilk iş yerimdi. Bəlkə də ona görə belə baglanmışam bura.
- Bəs bu telekanalda çalışmağa necə qərar verdiniz? Bura ilk gəlişinizi necə xatırlayırsınız?
- Mənim aparıcı olmaq arzum hər kəsə bəlli idi. Xalam yeni radio açılacağını və işçi tələb olunduğunu eşitmişdi, amma nömrə-ünvan yadda saxlamamışdı. Həmən elanı bir də eşitmək üçün nə qədər əziyyət çəkdiyimi indi gülərək xatırlayıram. ATV kanalına gələn kimi isə mənə ilk baxışdan elə “Xəbərlər”də işləmək təklif olundu. Sanki yazılmiş bir ssenari idi. Başqa heç bir verilişdə nə özümü sınadım, nə də alınmayacaq deyə həvəsdən düşdüm. İki ay hər saat dayanmadan studiyada xəbər efirinə hazırlandım. Daha sonra jurnalistikanin sirlərini öyrəndim.
- Təbii ki, seçimlərdən keçərək telekanala qəbul olunmusuz? Sınaqlardan necə keçdiniz, çətin olmadı ki?
- Məndə həvəs, sevgi, arzu və bu arzuya yaxınlaşdığımı görmə həyəcanı o qədər güclü idi ki, heç bir çətinliyi hiss etdirmirdim. Hətta gecə səhərə qədər xəbər blokları ilə məşq edirdim, saatın 4-5 olduğu yadımdan çıxırdı, istəyirdim baş redaktorumuza zəng edib soruşam: “İndi qulaq as, gör intonasiyam düzəldi?”. Evdə, işdə hər kəsi bezdirdiyimdən artiq utanırdım. Beləcə inadkarlıqla çalışmağım seçimlərdən müvəffəqiyyətlə çıxmağıma kömək etdi.
- Aparacı kimi çox uğurla addımlayırsınız, hətta bir dəfə “İlin ən yaxşı aparcısı” mükafatına layiq görülmüsünüz? Bu qələbəni necə əldə edirsiniz? Sirlərinizlə bölüşə bilərsiniz?
- Heç bir əziyyət yerdə qalmır. Ən böyük sirr də bax budur. İnsan öz üzərində hər zaman işləməlidir. Tanrı biz insanlara bunun üçün hər bir şərait yaradıb. Mənim boş keçən saniyəm belə mənim üçün itirilmiş zaman olur. Zamanı dəyərləndirmək lazımdı. Necə deyərlər, təlimdə tər tökməyənin döyüşdə qanı tökülər. Tək aparıcı kimi yox, vətəndaş kimi ugurla addımlayıb şəxsiyyətə çevrilmək arzusundayam. Çox oxuyan, intellektual insanları çox sevirəm. Mənimçün zəif kitab, yazı yoxdu - zəif oxucu beyni var. Evimizdə demək olar ki, bir kitabxana var və Tanrıdan zaman arzulayıram. Heç olmaya onların yarıdan azıni oxuyum. O ki, qaldı peşəmdə siz deyən kimi qələbəyə, sadəcə 1-ci olmağı, öndə olmağı sevmək, arzulamaq lazımdı. Bax bu sirrimdi, bölüşdüm sizinlə.
- Xəbərlərdə eyni zamanda ən çox dəyişən xanım aparıcı da sizsiniz? Geyim, saç və s. Bunlar sizin qərardır, yoxsa stilistdən məsləhətlər alırsınız?
- Hətta hərdən elə dəyişirəm ki, şirkətin qapısında mühafizə məni tanımır. Görünüşüm məni tez-tez yorur, bir geyimi ikinci gun geyinə bilmirəm. Bütün qarderobumu, aksesuarlarımı, xarici görünüşümlə bağlı qərarları özüm verirəm. Hətta efirə qrimi də 7 ildir özüm edirəm. Bilirsiniz, məncə qadın özünü tanımalıdır. Mənə bəzi tamaşaçılar “saçınızı niyə kəsdiniz” deyə sual verəndə - halbuki, əksəriyyət çox sevirdi – demişəm darıxmayın, uzun da olacaq və oldu da…
- Ümumiyyətlə telekanallarımızda aparıcıların geyimlərini necə qiymətləndirirsiniz?
- Bu barədə danəşmaq istəməzdim. Mən Aytən Səfərovanə hər zaman çox istəmişəm. Hüsniyyənin geyimlərini bəyənirəm. Məncə aparəcə son dəblə, təbii ki, özünə yaraşan qədər stildə, verlişinə uygun geyinməlidir. Axi kütlə ona baxır, axı hardasa yeniliyi o gətirməlidir.
- “Son xəbər”in 9 yaşı tamam oldu, siz də uzun müddətdir bu kollektivlə işləyirsiniz, bu arxada qoyduğunuz 9 illik zaman kəsiyini necə qiymətləndirirsiniz?
- 9 yaşında körpəyə baxsan, təbii ki, uşaqdı, amma bu 9 ildə görülən işlərə, dayandığı səviyyəyə, yerə, gücə baxsan, böyük uğurdu. “Son xəbər” artıq xəbər məkanında sözünü demiş, kifayət qədər tamaşaçı auditoriyası qazanmış bir verilişə çevrilib. Qanunu yazanlardan, qaydaları pozanlardan, beynəlxalq sammitlərdən, qaynar nöqtələrdən, bir sözlə, hər yerdən, hər zaman fərqli yanaşma ilə Son Xəbər çatdırırıq.
- Sizcə ATV-nin xəbərlərini digər kanalların xəbərlərindən fərqləndirən cəhətlər nədədir?
- Bizim üslub artıq öz tamaşaçısını toplayıb. Və auditoriyamız evdar xanımdan ziyalıya qədər genişlənib. Çünki biz hər sahədən - ucqar bir kənddə baş verən hadisədən tutmuş, beynəlxalq sammitlərdən, ən qaynar nöqtələrdən xəbər ötürürük. Fərqimiz də var - hadisəni olduğu kimi, şərhsiz, qısa, lakonik, şou yaratmadan ötürürük. Və ən əsası, bizim xəbərdə gedən məlumat daha tez yayılır. Bu da inam və baxılma sayının çox olması ilə əlaqəlidir.
- “Son xəbər”in buraxılışları hazırlanarkən nəyə üstünlük verilir?
- Əsl jurnalist dəsti-xəttinə. Yəni yanaşma olmadan xəbər hazırlanır. Hadisəni işıqlandırdığımız kimi ötürürük, düşüncəni, şərhi, tamaşaçıya buraxırıq.
- Rəhbərlikdən razısınız?
- Mənə elə gəldi ki, siz mənə “Ailəndən razısan” sualını verdiniz. İcazə verin mən sizə sual edim: ailəsindən, valideynlərindən razı qalmamaq olarmı? Hətta çəkinmədən deyərdim qonşu həmkarlarım bu məsələdə bizə qibtə edə bilərlər.
- “Son xəbərdə yeniliklər gözlənilirmi?
- Bəli, yeniliklər gözləyirik.
- ATV-nin xəbərlərində demək olar ki, məşhurlaşdınız, bu sizə maneçilik törədir? Ümumiyyətlə tanınmış sima olmaq necə hissdir?
- Mənasız tanınmaqdansa, sevilmək və faydalı olmaq istəyirəm. Hazırda tədris akademiyasında peşəmlə bağlı dərs də deyirəm. Tələbələrə də hər dəfə deyirəm oxuyun, əlinizə nə keçdi oxuyun. Bilmək olmur, qismət təsadüfdən elə dəyişər ki və sən bir zamanlar əlçatmaz bildiyin insanlarla eyni masa arxasında oturarsan. Bax o zaman heç olmaya danışmağa utanmayasan.
- Bir az da şəxsi həyatınız barədə soruşmaq istərdik. Bildiyimiz kimi həyat yoldaşınız da sizinlə birlikdə işləyir, necə tanış olmusunuz?
- Həyat doğurdan da qəribə təsadüflərlə doludur. İşə düzəldiyim zaman ailə qurmaq planımda yox idi. Hər şey sanki paralel getdi. Heç də peşman deyiləm, əksinə. Çünki o, bütün kriteriyalarıma cavab verən şəxsdi. Yaxınlığa gəldikdə kollektivdə yalnız onunla münasibət qurmaqda, söhbət etməkdə çəkinirdim, utanırdım. Mənim üçün çox fərqli idi. Deyim ki, bax o əvvəlki pərdə hələ də götürülməyib, bəlkə də daha da qalınlaşıb.
- Bir telekanalda olmaqdan başqa, siz həm də eyni departamentdə işləyirsiniz. Birlikdə olmağın müsbət və mənfi cəhətlərini nədə görürsünüz? Bu sizin işə mane olmur ki?
- Bir işçi kimi mənim icazə almaq, gecikmək, xahiş etmək və bu kimi qanuna yazılmayan hüquqlarım pozulur. Mənim üçün bu tərəfdən bir az çətindi. Başqa hər şey qaydasındadı.
- Sosial şəbəkələrdən istifadə edirsiniz? Hansılara daxil olursunuz?
- Düzünü desəm buna marağım yoxdu. Facebook-a daxil olmuşdum, sonra fəaliyyətsizliyim ucbatından çıxdım.
- Onda sosial şəbəkələrdən istifadə edənlərə necə baxırsınız?
- Çox normal. Məncə hər şeydən faydalı istifadə etmək lazımdı. Bax mənim devizim belədir. Hər hansı bir yeni məlumat, dost tapacamsa, nə gözəl, niyə də olmasin. Yox qazanmayib, itirəcəmsə onda uzağam.
- Hobbiniz nədir?
- Geyim, aksesuar, parfüm, marka, brend həvəskarıyam. Onlarla eynəyim, ayaqqabım, nə bilim elə şey yoxdu tək olsun. Heç kimə də geyimimi, aksesuarlarımı, parfümümü verməyi xoşlamıram. Anamın bahalı geyimlərini belə qoruyub saxlayıram. Bunun üçün xüsusi otaq ayırmaq arzusundayam.
- Necə xarici dil bilirsiniz? Hər hansı xarici ölkədə olmusunuz?
- İngilis dilini yüksək səviyyədə öyrənmək üçün hazırlaşıram, ATV-yə gələnədək deyim ki, tam rusdilli idim və heyfslənirəm ki, məktəbdə ərəb dilini öyrənmə şansım var idi, istifadə etməmişdim. Hazırda isə “ATV İnt”də erməni dili kursları açılıb, ora da qatılmağı planlaşdırıram. Düşmənin dilini də bilmək yaxşıdı.
Xarici ölkələrər gəldikdə, Türkiyə və Gürcüstanda olmuşam.
Modern.az-ın kollektivinə və saytınıza uğurlar arzulayıram. Deyirlər Fransa özü və gözəl məkanları haqqinda məlumatları, sirləri hələ tam açmayib. Və hər 10 ildə bir yeni-yeni məkanlar, abidələr təqdim edir ki, turist marağını saxlaya bilsin. Fransadan uzaq, mən sizinlə bütün sirlərimi bölüşdüm.
Aytən Əliyeva