“ABŞ Dağlıq Qarabağ münaqişəsində Kosovo məsələsində olduğu kimi mövqe nümayiş etdirməlidir. Biz bunu arzu edirik. Amma hələlik biz ABŞ-ın münaqişə ilə bağlı hazırkı mövqeyindən razıyıq”. Modern.az bildirir ki, bu barədə Ermənistan parlamentinin sədri Samvel Nikoyan senator Devid Drayerin rəhbərliyi ilə Ermənistanda olan ABŞ konqresmenləri ilə görüşündə bildirib. Nikoyan qeyd edib ki, İrəvan rəsmi Vaşinqtonun erməni-türk münasibətlərinin yaradılmasında göstərdiyi vasitəçilik səylərini alqışlayır.
Amerikalı konqresmenlərlə görüş zamanı qeyd edilib ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli üçün aparılan danışıqlar prosesinə tam daxildir. Konqresmenləri Ermənistan prezidenti Serj Sərkisyan da qəbul edib. Sərkisyan “maliyyə, humanitar və texniki dəstəyə görə” ABŞ-a təşəkkür edib.
Qeyd edək ki, konqresmenlər Əfqanıstana gedərkən onları aparan təyyarə yolüstü Ermənistana enib.
Xaqani SƏFƏROĞLU