2010-cu ildə parlament seçkilərinə rəsmi qaydada start veriləndən sonra siyasətdən yazan müxbirimiz dördüncü dəfə namizədliyini irəli sürən YAP üzvündən qəzetimizə reklam verməyi xahiş edəndə, həmin deputat əməkdaşımıza belə cavab vermişdi: “İndi rayondayam. Hansı kəndə gedirəmsə, seçicilər məndən iynə-dərman almağı xahiş edirlər. Ciblərim reseptlə doludur. Nəinki reklam verməyə, heç Bakıya qayıtmağa da pulum yoxdur”.
Üç il əvvəl “525-ci qəzet” və Modern.az saytı “Deputat vədi” adlı birgə layihə həyata keçirirdi. Mən, bu layihə çərçivəsində bir neçə dairədə olmuş, deputatların öz seçicilərinə verdiyi vədləri necə yerinə yetirməsi ilə maraqlanmışdım. Sabiq millət vəkili Əhəd Əhmədovun deputat seçildiyi 80 saylı İmişli-Beyləqan seçki dairəsində olanda, Akif Şirinov adlı seçici iki aydan bəri cibində gəzdirdiyi resepti mənə verib, onu Əhəd müəllimə çatdırmağı xahiş etmişdi. Söhbət əsnasında məlum olmuşdu ki, iki xəstə uşağa baxan Akif kişi onların müalicəsi üçün tələb olunan dava-dərmanı ala bilmir. Hazırladığım reportajda Akif Şirinovun arzusunu deputatın diqqətinə çatdırmaqla yanaşı, həmin reseptin surətini də qəzetdə çap etmişdim. Evində iki xəstə uşaq böyüdən Akif kişinin problemini həll etmək üçün hətta deputatın yaxın adamlarından ona köməklik göstərməyi də xahiş etmişdim.
İmişli və Beyləqan rayonlarının 80 saylı dairəyə daxil olan 10-a yaxın kəndində görüşlər keçirib Bakıya qayıdanda, Əhəd Əhmədova məxsus “Kraun-Ko” şirkətinin rəhbəri Elman Həsənov mənə 100 manat pul təklif etdi. O da yadımdadır ki, deputatın adamının bu təklifindən qəti şəkildə imtina edəndə, o, pulu cibimə qoymaq üçün irəli atılmış və əlindəki siqaretin közü ilə özü də bilmədən kostyumumu yandırmışdı. Elman müəllim mənim iradəmi qıra bilməyəcəyinə tam əmin olub geri çəkiləndən sonra ondan xahiş etmişdim ki, həmin pulla Akif Şirinovun dərmanlarını alsın. Bir il sonra Bəhrəmtəpə qəsəbəsində Akif dayı ilə yenidən görüşəndə, o, mənə dedi ki, Əhəd Əhmədovun adamları nəinki onun xəstə uşaqlarının müalicəsinə kömək etməyiblər, hətta qəzetə müsahibə verdiyi üçün bu imkansız qocaya hədə-qorxu da gəliblər.
Vaxtilə millət vəkillərindən biri ilə bu mövzuda söhbət edəndə, o, mənə demişdi ki, xəstə seçicisinə dərman almaq deputatın vəzifələrinə daxil deyil. Mən isə ondan soruşmuşdum: niyə seçici xəstələnəndə özünə dərman ala bilmir? Bəli, seçicisinə dərman almaq deputatın vəzifələrinə daxil deyil. Amma seçicisinin necə yaşadığı ilə maraqlanmaq deputatın borcudur. Maraqlısı odur ki, seçicilərin verdiyi reseptlərin əlində girinc qalan həmin deputat hər dəfə parlamentin iclası keçiriləndə analoqu olmayan iqtisadi inkişafdan danışır.
Biz bu mövzuda söhbət edəndə, mən həmişə deyirəm: saxta yolla parlamentə seçilən bütün deputatlar onlardan iynə-dərman almağı tələb edən seçicilərin bu istəyini mütləq həyata keçirməlidirlər. Çünki bu adamlar həmin deputatların dərdini çəkdikləri üçün xəstə olublar...