Modern.az

Müsəlmanlarin gücsüzlüyünün səbəbləri – III yazı

Müsəlmanlarin gücsüzlüyünün səbəbləri – III yazı

Təhsil

20 Fevral 2012, 15:37

Səxavət Əlisoy

Bəzi bisavadlar İslam dini ilə demokratiyanın uyuşmazlığını qabardır. Tamamilə yanlışdır. İslam demokratiyanın ziddinə deyil və bunu sübut etmək üçün Müqəddəs kitabımızdan kifayət qədər misal göstərmək olar.

Qurani-Kərimdə yazılıb: "Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq, sonra  sizi xalqlara və qəbilələrə ayırdıq ki, bir-birinizi tanıyasınız" (49-cu surə: 13-cü ayə). Təkcə bu ayə İslam dininin demokratiyaya nə qədər bağlı olduğunu təsdiqləyir.

Müqəddəs kitabımızın bu ayəsini BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin birinci maddəsi ilə müqayisə etmək maraqlı olardı: "Bütün insanlar öz hüquqları etibarilə azad və bərabər doğulurlar.  Onlara ağıl və vicdan bəxş edilmişdir və onlar bir-biri ilə qardaşlıq münasibətində olmalıdırlar". Güman edirəm ki, bu Bəyannaməni yazanların Qurani-Kərimdən istufadə etdiklərinə kimsənin şübhəsi qalmaz.

Məqsədimiz İslam dini ilə demokratiya arasında paralellər aparmaq olmadığından, qeyd etmək istəyirəm ki, demokratiyanın müsəlman dövlətlərində oturuşmasına İslam dini əsla mane olmur. Ən böyük əngəl bu dövlətləri idarə edən şəxslərin İslam dinini qalxan edərək, hakimiyyət hərisliklərini ört-basdır etməsidir. Heç kimə sirr deyil ki, müsəlman ölkələrində dövlətin başına keçən şəxs özünü padşah kimi hiss etdiyindən vətəndaşlara rəiyyət gözü ilə baxır.  Və bu hakimiyyətin hesabına zənginləşdikcə ondan əl götürmək barədə ümumiyyətlə düşünmək istəmir. Nəyin bahasına olursa-olsun taxt-tacı qorumaq barədə düşünür və məqsədinə çatmaq naminə vətəndaşların qanını tökməkdən belə çəkinmir. Bütün avtoritar rejimlərdə dövlətin birinci adamının əsas vəzifəsi iqtidarı qorumaqdan ibarət olur. İqtidarı qorumaq üçün ordunu və polisi gücləndirmək tələb olunur və ən başlıcası seçkilərin azad, şəffaf, demokratik keçirilməsinin qarşısı alınır. Rejim mahiyyətinə və fəlsəfəsinə uyğun olaraq İNSAN amilini arxa plana çəkir, süni şəkildə vətəndaş qarşıdurması yaradır, vətəndaşları QORXU altında saxlayır, repressiyalara əl atır, planlı “saray çevrilişləri ” ssenariləri hazırlayıb həyata keçirir. Taxt-tacın qorunması üçün silahdaşlar bir yana, yaxın qohumlar, hətta ailə üzvləri belə qurbanlıq quzuya çevrilir.

Səddam Hüseyni yadınıza salın. İraqda diktatorluq edərkən, Səddam Hüseyn silahdaşları olmuş 17 naziri, iki kürəkənini və qudasını  qətlə yetirdi. Diktator ikinci dəfə  İraq Hava Yolları prezidentinin arvadı ilə evlənmək istəyəndə müdafiə naziri işləyən qaynı buna etiraz etdi və bu etirazın nəticəsi o oldu ki, qaynı Ədnan Xeyrulla tezliklə avtomobil qəzasından dünyasını dəyişdi.

Hakimiyyətdə olduğu 30 il müddətində özünün 2500-ə qədər heykəlini qoydurmuş qaniçən Səddam Hüseyndən demokratiya  ummaq nə qədər sadəlövlük yox, ağılsızlıq olardı.

Prezidenti Nursultan Nazarbayevin kürəkəni Rahat Əliyev bir zamanlar Qazaxıstan milli təhlükəsizlik sisteminə rəhbərlik edib. Qayınatası Nursultan Nazarbayevin edam kəndirindən boynunu zorla qurtara bildiyi üçün indi Avstriyada mühacir həyatı yaşayır və orada çap etdirdiyi “Xaç qayınatası” kitabında  Qazaxıstan prezidenti Nursultan Nazarbayevin elə cinayət əməllərindən söhbət açır ki, adam nəinki müsəlman, hətta insan olduğuna görə xəcalət çəkir.

Səddam Hüseyn İraqda dünyanın ən hündür məscidini tikdirməklə Ginnesin rekordlar kitabına düşməyi bacardı. Hündürlüyü 1800 metr olan bu məsciddə eyni zamanda 75 min müsəlman ibadət etməsi nəzərdə tutulurdu. Diktator 60 illik yubileyində kalliqraflara (xəttatlara) əmr etdi ki, müqəddəs Qurani-Kərimi mürəkkəblə deyil onun özünün qanı ilə xüsusi kitaba köçürüb ona hədiyyə etsinlər. 3 il müddətində kalliqraflar bu əmrin icrası üzərində çalışdılar Qurani-Kərimdə olan təxminən 336 min sözü Səddamın qanı ilə kitaba köçürüb ona 63 illiyində təntənəli şəraitdə hədiyyə etdilər. Səddam Hüseyn  rejimi əmək haqqının minimal səviyyədə olduğu ölkədə cinayətkarlığın qarşısını yalnız qorxu hesabına alırdı: oğurluq edənin sağ əli, cinayəti təkrarlayanların sağ ayağı, fərarilərin qulağı kəsilir, onların alnına "hərami" sözünün baş hərfi döyülürdü. .Bütün bunların İslamla nə əlaqəsi ola bilərdi. İraq əhalisinin 5 faizini məhv etmiş bir caninin hərəkətləri müsəlman dünyasına çox böyük zərbə vurdu. Bir zamanlar elmin və mədəniyyətin beşiyi olmuş ölkənin küçələri  bu gün qanla yuyulur. Bir diktatorun xəstə təxəyyülünün sayəsində milyonlarla iraqlı səfalət içində yaşayırdı.

Müsəlman ölkələrində hakimiyyəti ələ keçirmiş diktatorlar heç vaxt hakimiyyətdən xoşluqla çəkilmir. Hakimiyyətin dəyişməsi avtoritar müsəlman dövlətlərində əsasən saray çevrilişləri və qiyamlar nəticəsində reallaşır.  Bunun ən birinci səbəbi isə dövləti idarə edənlərin haramla milyardlar əldə etməsidir.

Son bir ildə Misirdə, Tunisdə, Yəməndə və Liviyada baş verənlər padşahların iç üzünü çılpaqlığı ilə göstərdi.  2009-cu ilin payızında 15 gün Misirdə səfərdə oldum və Qahirədə, İsgəndəriyyədə, digər çəhərlərdə Mübarəkin heykəlləri, büstləri, iri portretlərinin fonunda dilənçi günündə yaşayan misirlilər də aydın görünürdü.  İl yarım sonra əhalisinin 50 faizi səfalət içində yaşayan, yalnız 37 faizi oxuyub-yazmağı bacaran bu ölkədə inqilab gerçəkləşdi və diktator Hüsnü Mübarək xalqa qarşı silah işlətdi, qan tökdü, fəqət, taxt-tacını qoruyub saxlamağa müvəffəq olmadı. Həbs oluaraq məhkəməyə cəlb olundu. Və ən əsası məlum oldu ki, diktatorun yalnız özünün şəxsi hesablarında 80 milyard dollara yaxın pulu var.  Mübarək bu 80 milyardı necə qazanmışdı?

Qəddafi az qala yarım əsr Liviyada padşahlıq etdi. Liviyalıların 60 faizini bisavad qoymaqla 60 milyard dollara sahib oldu, minlərə vətəndaşını məhv etdi və sonda da elə zülm etdiyi liviyalılar tərəfindən amansızcasına öldürüldü.

Dünyanın məşhur milyarderlərinin siyahısında müsəlman diktatorların xüsusi çəkisinin yüksək olması deyilənləri təsdiq edir. Bir-iki dövləti istisna təşkil edə bilər, əksər müsəlman dövlətlərində dövləti idarə edənlərin adı milyarderlərin siyahısında ya açıq, ya da gizlin formada hallanır. Məşhur “Forbes” jurnalının hazırladığı siyahıya nəzər salanda müsəlman diktatorların ölkənin sərvətlərini talan etməsi açıq-aşkar təsdiqini tapır.

Neft və qazla zəngin olan müsəlman ölkələrində dövlət başçıları ildırım sürəti ilə zənginləşirlər. Diqqət edin, “Forbes” yazır ki, Səudiyyə Ərəbistanının kralı 82 yaşlı Abdulla ibn Abdel əl Əzizin 21 milyard ABŞ dollar pulu var. Sizcə neftin hesabına bu qədər vəsaiti toplamağa müvəffəq olmuş kralın beynində “demokratiya”, “insan haqları”, “azad seçki” kimi məfhumlar yer tuta bilərmi? Yaxud Bruney sultanı Hassan Al Borkiaxı götürək. 20 milyard ABŞ dolları ekvivalentində pulu, şəxsi sarayında 1788 otağı olan və yaşadığı sarayın santexnika sistemini qızıldan düzəltdirən bu adamın nəyinə gərəkdir demokratiya.

19 milyard ABŞ dollarına sahib olan Birləşmiş Ərəb Əmirliklərinin prezidenti də eynən Səudiyyə Ərəbistanının kralı və Bruney sultanı kimi həyat yaşayır. Neftdən gələn gəlirlər müsəlman dünyasının hökmdarlarını dünyanın ən zənginləri ilə bir sıraya çatdırıb. Bu ölkələrin bəzilərində əhalinin maddi durumu da pis deyil. Birləşmiş Ərəb Əmirliklərində adambaşna ümumidaxili məhsul yüksək olduğundan yerli əhali oxumaq bir yana işləməyə belə maraq göstərmirlər.

Neft və digər sərvətlərlə zəngin müsəlman dövlətlərində vəziyyət demək olar ki, eynidir. İslam Konfransı Təşkilatına (İKT) daxil dövlətləri idarə edənlərin müsəlman dünyasında elmin inkişafına vurduğu zərbənin miqyasını dərk etmək o qədər də çətin deyil. Dövləti idarə edən şəxsin adının “Forbes”in milyarderlər siyahısında hallanması o ölkədə demokratiyanın, insan haqlarının, kasıbçılığın, səfalətin səviyyəsi ilə bərabər elmin və mədəniyyətin də tərəqqisinə ayna tutur. Heç bir vaxt mümkün deyil ki, ölkənin sərvətlərini talan etməklə zənginləşən hökmdar ölkəsində elmin inkişafı üçün xüsusi maraq göstərsin.

Bu hökmdarlar ağıllı, elmli adamların yetişməsində maraqlı ola bilməzlər də. Çünki, savadlı adamların xüsusi çəkisinin artması rejimin qorxu silahına qarşı çevrilə bilər. Qorxu silahı isə hökmdarlara hava və su kimi gərəkdir.

Son yüz ildə müsəlman dövlətləri rejimi qorumaq üçün büdcədən orduya və polisə ayırdıqları vəsaitin çox yox, 10 faizini elmin tərəqqisinə yönəltsəydilər, bu gün Nobel mükafatına layiq görülmüş müsəlman alimlərinin sayı indikindən qat-qat çox olardı. Ordunu və polisi bir tərəfə qoyaq, müsəlman hökmdarlar hərəmxanalara, heykəllərə, villalara, iqamətgahlara, saraylara, ziyafətlərə ayırdıqları vəsaitin belə bir hissəsini elmin inkişafı üçün qıysaydılar, İslam dünyasında elm bu günkü kimi acınacaqlı vəziyyətdə olmazdı.

Nə yazıqlar ki, min təəssüflər ki, müsəlman dövlətlərinin hökmdarları sanki biri-biri ilə rəqabət aparırmışlar kimi sərvət, mal-dövlət toplamaq yarışına giriblər. Və bu rəqabət bütünlükdə müsəlman dünyasında elmdə durğunluğa səbəb oldu. Əminliklə yazıram, araşdırma aparmaq imkanı yaradılsa, aşkar olar ki, müsəlman hökmdarların hamısı sağlamlıqlarını belə öz ölkəsinin həkimlərinə etibar etmirlər. Savadlı, peşəkar həkim yetişdirmək üçün mükəmməl bilik verən universitetlərə sahib olmaq gərəkdir. Müsəlman ölkələrinin bir universiteti belə bu gün dünyanın aparıcı universitetləri sırasında deyil. Hər bir diktator ölkəsində rüşvətin tüğyan etdiyi universitetdə mütəxəssis hazırlanmadığını gözəl bilir. Odur ki, onlar öz uşaqlarını Avropanın və ABŞ-ın universitetlərində oxudurlar.

 Elmə belə yanaşmaqla, bu cür münasibət bəsləməklə xristian dünyası ilə rəqabətə girmək mümkün deyil, və belə gedərsə, heç bir vaxt da mümkün olmayacaq.

Elmə biganə münasibətlə nə elmi kadrlar hazırlamaq mümkündür, nə də sanballı elmi icadlara imza atmaq olar. Elmin inkişafı üçün hökmdarın düşüncəsinə uyğun şəkildə yox, elmi əsaslarla hazırlanmış inkişaf proqramları hazırlanıb həyata keçirilməlidir. Və bu işdə dövlət xüsusi maraq göstərməlidir. Dövlət öz büdcəsini insanları qorxu altında yaşatmaq üçün hərbi-polis rejiminin saxlanmasına yox, onların rifahının yüksəlməsi, sosial problemlərinin həlli üçün yönəltməlidir. Gəlin, baxaq görək, müsəlman dövlətləri büdcə vəsaitini hansı səviyyədə elmin tərəqqisinə rəva bilirlər...

Davamı olacaq

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü