Modern.az

Bahar Muradova və daha 4 deputat Avstriyaya gedir

Bahar Muradova və daha 4 deputat  Avstriyaya gedir

Təhsil

20 Fevral 2012, 18:45

ATƏT-in Parlament Assambleyasının 11-ci qış sessiyasında iştirak etmək üçün Milli Məclis Sədrinin müavini Bahar Muradovanın rəhbərliyi ilə Azərbaycan parlamentinin qurumdakı nümayəndə heyəti fevralın 21-dən 25-dək Avstriyanın Vyana şəhərində səfərdə olacaq. Bu barədə Modern.az-a  MM-in mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilib ki, nümayəndə heyətinə Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, Regional məsələlər komitəsinin sədr müavini Fəttah Heydərov və deputat Ağalar Vəliyev daxildirlər. Sessiya çərçivəsində ATƏT PA-nın Demokratiya, insan hüquqları və humanitar məsələlər, Təhlükəsizlik və siyasi məsələlər, İqtisadi məsələlər, elm, texnika və ətraf mühit üzrə Ümumi Komitələrinin iclasları keçiriləcək. ATƏT zonasında hüquq və məhkəmə sistemində aparılan islahatlar, terrorizm və cinayətkarlıqla mübarizə məsələləri müzakirə olunacaq. Avropada hazırkı maliyyə-iqtisadi böhrana dair açıq debatlar aparılacaq. Üç komitənin birgə iclasında tədbir iştirakçılarını ATƏT PA-nın sədri Petros Eftimiu salamlayacaq. Həmin iclasda gender məsələlərinə baxılacaq, milli azlıqların işləri üzrə Ali komissarın çıxışı ətrafında fikir mübadiləsi aparılacaq, “ATƏT zonasında adi silahlı qüvvələr üzərində nəzarətin gələcəyi” mövzusunda xüsusi müzakirə keçiriləcək. Qurumun Daimi Komitəsində öncə ATƏT PA-nın sədri Petros Eftimiunun, daha sonra  ATƏT PA-nın  Baş Katibi Spenser Oliverin və digər rəsmilərin məruzələri dinləniləcək. Seçkilərin müşahidəsinə, Xüsusi komitələrin və Xüsusi nümayəndələrin işlərinə həsr olunan  məruzələr diqqət mərkəzində olacaq.
Sessiyanın yekununda ATƏT PA-nın 2012-ci il üçün nəzərdə tutulan tədbirlərinə dair  təşkilati məsələlərə baxılacaq.   
Milli Məclisin ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova və nümayəndə heyətimizin üzvləri qurumun bütün iclaslarında yaxından iştirak edəcək, komitələrdə müzakirəyə çıxarılan məsələlərə Azərbaycanın milli maraqları mövqeyindən münasibət açıqlayacaq, rəy və təkliflərini bildirəcəklər.

Milli Məclis Sədrinin müavini Bahar Muradova və İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova İstanbulda Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunan  tədbirlərdə iştirak etmək üçün fevralın 25-də Türkiyəyə səfərə yola düşəcəklər. 
Deputatlarımız qardaş ölkənin İstanbul şəhərində bu faciəyə həsr olunan  mərasimlərə qatılacaq, 1992-ci ildə fevralın 25-dən 26-na keçən gecə erməni vandallarının Xocalıda törətdikləri qətliamla bağlı Türkiyə ictimaiyyətinə ətraflı məlumat verəcək, XX əsrdə ən dəhşətli hadisələrdən biri olan Xocalı faciəsinin dünya ölkələrində soyqırımı kimi tanıdılması üçün görülməli olan işlərdən danışacaqlar.  
Səfər fevralın 27-də başa çatacaq.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal