Bu gün səviyyəsiz, insanların zövqünü korlayan, gəncləri arzuolunmaz istiqamətə yönəldən televerilişlər bəzi telekanalların həyat tərzi olub. Bu da nəticə etibarilə Azərbaycanda teleməkanı əyləncə mərkəzinə çevirib.
Qəzetlərin baş redaktorları bu barədə nə düşünürlər..?
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı deyir ki, onlar mövqelərini ancaq yazıları ilə bildirə bilərlər: “AzTV dövlət tərəfindən maaliyələşdirilir və buna görə də burada maarifçi verilişlər yayımlanır. Eləcə də İctimai Televiziya... Amma özəl telekanalların öz konsepsiyaları var. Onlar ancaq reklam vasitəsilə gələn gəlirlə dolanırlar, buna görə də reytinq üçün şou tipli verilişlər hazırlayırlar”.
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu bildirib ki, Azərbaycan telekanallarında yayımlanan verilişlərə çox az halda baxır: “Telekanallara müstəqillik verilməlidir. Efir azad olduqdan sonr hər şey düzələcək. İndi telekanallar şou verilişləri ilə tamaşaçıları cəlb etmək istəyirlər, amma efir tam azad olsa, yaxşı verilişlər hazırlanacaq”.
“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid isə qeyd edib ki, Azərbaycan telekanallarında sevdiyi verilişlər var: “İctimai Televiziyada Könül Arifqızının təqdimatında “Bir mahnının tarixçəsi” verilişini çox sevirəm. Çünki mövzunu hərtərəfli araşdırır, nəsə əl yeri qoymur ki, boşluq qalsın. “Mədəniyyət” telekanalında, eləcə də Azərbaycan televiziyasında da sevdiyim, bəyəndiyim verilişlər var”.
R.Məcid şou tipli verilişlərə isə ümumiyyətlə baxmadığını bildirir. O, “səhərlər ola bilsin ki, AzTV-nin “Ovqat”, İctimai TV-nin “Səhər sovqatı” verilişlərinə baxıram” deyib.
Baş redaktor səviyyəsiz şou verilişlərindən gileylidir: “Səviyyəsiz verilişlərin aradan qaldırılması barədə çox danışılıb. Hətta rəsmi səviyyədə də bu məsələyə toxunulub. Prezident Adminstrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev öz çıxışında bu tipli verilişləri qınadı. Hətta prezident İlham Əliyev də bu məsələyə öz fikrini bildirdi. O, öz çıxışında qeyd etmişdi ki, telekanallar müstəqildir, biz onların işinə qarışa bilmərik. Hər halda belə verilişlərin olmaması məsləhətdir”.
Rəşad Məcid intellektual, səviyyəli verilişlərin hazırlanmasıni istəyir:
“Bu cür verilişlərə ictimaiyyətdə də münasibət müxtəlifdir. Bu verilişləri təqdim edənlər bildirirlər ki, guya sorğularda bu cür verilişlər daha çox reytinq qazanır. Amma mən hesab edirəm ki, bu reytinqlər əsaslı olmamalıdır. Televiziya səviyyəsiz verilişlər hazırlamalı deyil, səviyyəli, intellektual verilişlər hazırlayıb, aşağı zövqlü tamaşaçını öz səviyyəsinə qaldırmağa çalışmalıdır. Bu cür telekanal həqiqətən milləti irəli aparmağa xidmət edər. Təəssüf ki, biz heç də bütün telekanallarımız haqqda bunu deyə bilmərik”.
Sevinc İLTİFATQIZI