Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar bir sıra tədbirlər keçirəcək. Bu barədə Milli Şuranın baş katibi Orxan Ərəbov məlumat verib. Onun sözlərinə görə, ARGTMŞ hər il olduğu kimi bu il də Azərbaycan xalqının qan yaddaşı olan Xocalı soyqırımının tanıdılması istiqamətində müxtəlif tədbirlər keçirəcək.
“İlk olaraq ARGTMŞ Azərbaycan Respublikası Qaçqınlarla və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi ilə birgə hazırladığı, ölkəmizdə ilk dəfə olaraq, “Böyük qayıdış” adlı qrafik filmin təqdimatını edəcək. Filmdə bir gəncin gözü ilə Azərbaycanın əzəli torpaqları olan Qarabağın işğaldan azad olunmasından sonra repatriasiya prosesindən bəhs olunur. Burada öz doğma yurd yuvalarına qayıdan insanlar, aparılan quruculuq işləri təsvir olunub. Filmin qəhrəmanı olan gəncin paytaxtdan Qarabağa gedən bütün nəqliyyat vasitələrindən istifadə etməsi ölkəmizin ərazi bütövlüyünün göstəricisi kimi təqdim olunur.
Həmçinin bu filmin nəinki ölkə daxilində, Azərbaycandan kənarda da nümayiş etdirilməsi nəzərdə tutulur. Filmdə ölkəmizin tarixi əraziləri haqqında geniş məlumat var ki, bu da öz növbəsində Azərbaycanın haqq səsinin dünyaya bir daha çatdırılmasına hesablanıb”.
Orxan Ərəbov onu da bildirib ki, Xocalı soyqırımı ilə əlaqədar olaraq ARGTMŞ 100-dən çox beynəlxalq təşkilat, ölkəmizdə akkreditasiya olmuş xarici ölkə səfirliklər, müxtəlif xarici təşkilatlara e-mail “hücum” təşkil edəcək. Xocalı soyqırımı haqqında həqiqətlər müxtəlif dillərdə e-mail ünvanlara göndəriləcək.
Baş katib tədbirlər silsiləsinin davamı olaraq keçiriləcək növbəti tədbir haqqında da məlumat verib. Bildirib ki, “ARGTMŞ, Demokratik İslahatçı Gənclər İctimai Birliyi və Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının birgə layihəsi olan Xocalı Soyqırımının 20-ci ildönümünə həsr olunan “Kimdir günahkar” adlı filmin ilk dəfə olaraq ictimaiyyətə təqdim olunacaq.
“Həftənin sonunda isə ARGTMŞ Dənizkənarı Mili parkda Xocalı soyqırımına dəstək aksiyası həyata keçirəcək. Aksiyada Xocalı soyqırımı zamanı baş vermiş hadisələr bir daha diqqət çəkiləcək. Aksiyada gənclər, millət vəkilləri, müxtəlif hökumət nümayəndələri, səfirliklər, beynəlxalq təşkilatların yerli nümayəndələrinin iştirakı nəzərdə tutulur” - deyə Orxan Ərəbov bildirib.
Modern.az