Modern.az saytının məlumatına görə, bu gün Bakı şəhərində Azərbaycanın əfsanəvi xalq qəhrəmanı Koroğluya qoyulan abidənin açılışı olub.
Açılış mərasiminmdə prezident İlham Əliyev də iştirak edib. Qeyd edək ki, Koroğlu abidəsi paytaxtın Nəsimi rayonunda, Azadlıq və Vaqif prospektlərinin kəsişdiyi ərazidə ucaldılıb. Bura Bakı Zooparkının yaxınlığındakı keçmiş Caparidze bağıdır. Abidənin müəllifi, heykəltəraş Tokay Məmmədovdur.
Mərasimdə Xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə Azərbaycan Dövlət simfonik orkestrinin ifasında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Koroğlu” operasının uvertürası səsləndirilib.
Dövlətimizin başçısı abidənin üzərindəki örtüyü götürüb, əklil qoyub.
Prezident İlham Əliyev Azərbaycanın musiqi, elm və təhsil ictimaiyyətinin tanınmış nümayəndələri ilə görüşüb.
Abidənin müəllifi, Azərbaycanın Xalq rəssamı, SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü, SSRİ və Azərbaycan Respublikası Dövlət mükafatları laureatı, professor Tokay Məmmədov, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Milli Məclisin mədəniyyət komitəsinin sədri, professor Nizami Cəfərov və Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Sonra Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya abidə və onun yerləşdiyi Koroğlu parkı haqqında ətraflı məlumat verilib.
Bildirilib ki, abidənin postamentlə birlikdə hündürlüyü 23 metrdir. Postament hər biri 20-35 ton olan qranit hissələrdən ibarətdir. Ümumilikdə postamentin inşasına 480 ton qranit sərf olunub. Tamamilə bürüncdən tökülmüş abidə Ukraynada hazırlanıb.
Abidənin yerləşdiyi Koroğlu parkında geniş abadlıq işləri aparılıb. Ümumi sahəsi 1,3 hektar olan parkın 4620 kvadratmetrlik hissəsinə qranit plitələr döşənib. Burada İtaliyadan gətirilmiş 20 işıq dirəyi və 30 oturacaq quraşdırılıb.
Xatırladaq ki, Prezident İlham Əliyev hələ 2009-cu il dekabrın 3-də Koroğluya Bakıda abidə qoyulması haqda sərəncam imzalayıb.
24 dekabr 2010-cu il tarixdə bu məsəlyə dair növbəti sərəncam imzalanıb. Sözügedən sərəncamda bildirilib ki, xalq qəhrəmanı Koroğlu milli-mənəvi dəyərlərin daşıyıcısına çevrilərək əsrlərdən bəri insanlarımızın yaddaşına vətənpərvərliyin və mübarizliyin rəmzi kimi həkk olunub. Buna görə də Bakı şəhərində xalq qəhrəmanı Koroğlunun abidəsinin ucaldılması üçün Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 5 (beş) milyon manat məbləğində vəsait ayrılıb.
Modern.az