Modern.az saytının verdiyi məlumata görə, bu gün Bakcell şirkətinin baş icraçı direktoru Riçard Şirer mətbuat konfransı keçirib. Riçard Şirer 2011-ci ilin Bakcell üçün sürətli inkişaf ili olduğunu qeyd edib. Azərbaycanın ilk mobil rabitə operatoru olan Bakcell-in 2011-ci il üzrə gəlirlərinin artımı 5 faiz təşkil edib.
Riçard Şirer bildirib ki, Bakcell şəbəkəsində işə salınan baza stansiyalarının sayı 2060 ədədə çatıb. R.Şirer deyib ki, bu gün şirkətin şəbəkəsi respublika ərazisinin 92 faizini əhatə edir.
Bakcell şirkətinin Azərbaycanın mobil rabitə bazarındakı payı 35 faiz təşkil edir, şəbəkənin aktiv abunəçilərinin sayı isə 2,6 milyon nəfəri ötür. Abunəçi nömrələri şəbəkəsində qeydiyyata alınanların ümumi sayı isə 3 milyon nəfər təşkil edir.
Şirkət Azərbaycanın 62 şəhərində sürəti 28 Mbit/saniyəyə çatan mobil internet xidmətləri təklif edir.
R.Şirer bildirib ki, Bakcell ölkədə yeganə operatordur ki, 4G tezliyinə malikdir. O, lisenziyanın alınması üçün nazirliyə rəsmi müraciət edildiyini də vurğulayıb. Riçard Sirer şirkətin texniki cəhətdən 4G-ni tətbiq etməyə hazır olduğunu bildirib.
O, həmçinin bildirib ki, Bakcell Azərbaycanda ilk dəfə Novruz bayramı ərəfəsində batareya doldurma stansiyası istifadəyə verəcək. Əvvəlcə 25 belə stansiya şəhərin müxtəlif ictimai yerlərində, hava limanında, Park Bulvar və s. yerlərə yerləşdiriləcək. Ricard Şirerin sözlərinə görə, bu mərkəz Azərbaycanda son 4-5 ildə satışa çıxan bütün model mobil telefonlar yararlana biləcək.
Bundan başqa, istifadəçilər yaxın zamanlarda metronun hərəkət zamanında 3G xidmətindən istifadə edə biləcəklər.
Modern.az