Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətləri BMT-nin Ümumdünya Ərzaq Proqramının Azərbaycandakı nümayəndəliyinin başçısı Fuad Hüseynovun anasının qətli ilə bağlı birgə rəsmi məlumat yayıb.
Məlumatda bildirilib:
“Məlumat verildiyi kimi, 2012-ci il fevralın 17-də saat 19.00 radələrində paytaxtın Binəqədi rayon sakini 74 yaşlı Elmira İsmayılova yaşadığı mənzildə çoxsaylı bıçaq xəsarətləri yetirilməklə qəsdən öldürülmüş və mənzilin mətbəxi yandırılmışdır. Prokurorluq və daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Natiq Hümbətov müəyyən edilərək tutulmuşdur.
İlkin dindirmə zamanı N.Hümbətov cinayəti tamah məqsədi ilə törətdiyini və E.İsmayılovanı qətlə yetirdikdən sonra cinayətin izlərini itirmək məqsədi ilə meyitin olduğu mətbəx otağını yandırdığını etiraf etmişdir.
Fakta görə həmin tarixdə Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə), 120.2.11 (quldurluq ilə əlaqədar adam öldürmə) və 181.3.3-cü (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədilən quldurluq) maddələri ilə cinayət işi başlanmışdır.
Natiq Hümbətov təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir”.
Modern.az