2011-ci ilin əvvəli ilə müqayisədə əmək pensiyalarının orta aylıq məbləği 28,7 faiz, o cümlədən yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 36,4 faiz artıb
01 yanvar 2012-ci il tarixə olan statistikaya əsasən, Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 277 596 nəfər təşkil edir. Cəmi əmək pensiyası alan şəxslərin 498 750 nəfəri kişi, 778 846 nəfəri qadındır. Onlardan əlilliyə görə əmək pensiyası alan şəxslərin sayı 331 586 nəfər, yaşa görə əmək pensiyası alanların sayı 812 771 nəfər təşkil edir. Ailə başçısını itirməyə görə əmək pensiyası alan şəxslərin sayı isə 133 239 nəfərdir. Bu barədə Modern.az-a Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.
Fonddan qeyd edilib ki, 2011-ci ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə sığorta-pensiya sistemində reallaşdırılan islahatlar nəticəsində əmək pensiyaçılarının sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Nəticədə, 2011-ci ilin əvvəli ilə müqayisədə ölkə üzrə əmək pensiyalarının orta aylıq məbləği 28,7 faiz artaraq 145,2 manata, o cümlədən yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 36,4 faiz artaraq 160,4 manata çatıb. Ölkə üzrə əmək pensiyalarının orta aylıq məbləğinin əməkhaqlarının orta aylıq məbləğinə nisbəti 40 faiz, yaşa görə əmək pensiyaları üzrə isə 45 faiz təşkil edib.
Əmək pensiyası – “Əmək pensiyaları haqqında” Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədi ilə vətəndaşlara aylıq pul ödənişidir. Əmək pensiyasının 3 növü var:- yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası.
Modern.az