Fevral ayının 23-də 73 saylı Lənkəran şəhər seçki dairəsindən deputat Rüfət Quliyevin şəhərdəki ofisində seçicilərlə növbəti görüşü olub. Deputatın qərargahından Modern.az-a bildirlib ki, görüşdə 43 nəfər seçici iştirak edib və onları narahat edən problemlər, rastlaşdıqları həyat-məişət məsələləri barədə R.Quliyevlə fikir mübadiləsi aparılıb. Seçicilər ünvanlı sosial yardım, pensiyaların təyin olunması, iş tapmaq, torpaq sahəsinin ayrılması kimi məsələlərin həllində deputatın müdaxiləsinə ehtiyacları olduğunu bildiriblər. Seçicilərin bəzi məsələləri deputat tərəfindən yerindəcə həll edilib, baxılması müəyyən vaxt tələb edənlər isə deputatın nəzarətinə götürülüb.
Ürgə, Sütəmurdov və Göyşaban kəndlərindən gəlmiş ağsaqqallar kəndlərə qaz çəkilişinin sürətləndirilməsi məsələsini deputatdan xahiş ediblər.
Görüşdə yeni iş yerlərinin açılması məsələsi də gündəmdə olmuşdur.
Deputatın xahişi ilə Lənkərana gələn və görüşdə iştirak edən “AZAL” Hava Yolları şirkətinin nümayəndələrinin şəhərdə əhaliyə xidməti yaxşılaşdırmaq məqsədilə bilet satışı kassası və yeni bank açmaq təklifi görüşə toplaşanlar tərəfindən razılıqla qarşılanıb.
Deputat həmçinin məlumat verib ki, Rusiya Federasiyasının “Eka-Alyans” Aviaşirkətinin rəhbərləri ilə görüşlər keçirib və Lənkərandan Moskvaya sitrus bitkilərinin və digər kənd təsərrüfatı məhsullarının təyyarə ilə güzəştli şərtlərlə və Moskvadan isə Lənkərana ərzaq məhsullarının daşınması barədə razılıq əldə edib. Hazırda texniki və sənədləşmə məsələləri həll olunur.
Sonra deputat Rüfət Quliyev seçiciləri maraqlandıran digər sualları da cavablandırıb.
Modern.az