Milli Məclisin bu gün keçirilən xüsusi iclasında azərbaycanlı deputatların Ermənistana səfərinin yekunlarından danışan millət vəkili Azay Quliyev bildirib ki, Ermənistan prezidenti Serj Sərkisyanla görüşdə hər hansı bir formada sülhə yaxınlaşacaq, konstruktiv məcraya yönələcək mövqenin şahidi olmayıblar.
A.Quliyev deyib ki, “Avronest” Parlament Assambleyasının nümayəndə heyətinin Serj Sərkisyanla görüşündə Litvadan olan deputat məsələ qaldırıb ki, Azərbaycan torpaqlarından qovulmuş insanların hüquqları necə müdafiə olunacaq? Ermənistan prezidenti isə suala cavab verməyərək bundan yayınıb.
"İrəvanda bizim tərəfimizdən vurğulandı ki, Azərbaycan dövləti erməni və azərbaycanlıların Dağlıq Qarabağda təhlükəsiz yaşamasına tam təminat verir. Görüşdə Sərkisyanın qarşısında sual qaldırıldı ki, münaqişənin həlli üçün hansısa bir vaxt çərçivəsi müəyyənləşdirə bilərsinizmi? Təəssüf ki, bu məsələyə da heç bir cavab alınmadı".
A.Quliyev onu da deyib ki, Azərbaycan nümayəndə heyəti protokola görə təyin olunmuş uydurma "erməni soyqırımı" abidəsini ziyarətdən imtina edib.
"Çıxışlarımızdan sonra bizə xəbərdarlıq olundu ki, qonaqpərvərlik nümayiş etdirərək sizin üstünüzə getmirik. Onlar demək istəyirdilər ki “bu çıxışa görə sizi cəzalandıra bilərik”. Bizə tez-tez irad tuturdular ki, siz təbliğatla məşğulsunuz”
Azərbaycan deputatları Rövşən Rzayev, Fərəc Quliyev və Azay Quliyev “Avronest” Parlament Assambleyasının Sosial komitəsinin iclasında iştirak etmək üçün fevralın 21-dən 23-dək Ermənistana səfərdə olublar.
Modern.az