Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı bu gün Azərbaycan parlamentində xüsusi iclas keçirilib. Modern.az saytının məlumatına görə, Milli Məclisdə Xocalı soyqırımı ilə bağlı qərar layihəsi hazırlamaq üçün komissiya yaradılıb.
Az öncə Ziyafət Əsgərov, Çingiz Qənizadə, Mübariz Qurbanlı, Jalə Əliyeva və Fuad Muradovun daxil olduğu komissiyanın hazırladığı qərar Milli Məclisdə elan olunub.
Qərarı millət vəkili Jalə Əliyeva qərarı səsləndirib.
Qərarda deyilir ki, Xocalı şəhərində dinc əhaliyə qarşı hərbi cinayət törədilib. Qərarda bildirilib ki, Xocalı soyqırımının Milli Məclisin əvvəlki qərarları ilə soyqırımı - genosid cinayəti kimi qiymətləndirilməsi bir daha təsdiq olunsun.
Sənəddə Xocalı soyqırımına dair statistika da öz əksini tapıb. Bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıya təşkil olunan hücumda Ermənistan Respublikasının hərbi birləşmələri, Dağlıq Qarabağdakı erməni terrorçu dəstələri və keçmiş sovet ordusunun Dağlıq Qarabağda yerləşən 366-cı motoatıcı alayı iştirak edib. Nəticədə Xocalı sakini olan 613 nəfər dinc azərbaycanlı, o cümlədən 63 uşaq, 106 qadın işgəncə ilə öldürülüb. 8 ailə bütünlüklə məhv edilib, 487 nəfər şikəst edilib. Qocaların, uşaqların, qadınların daxil olduğu 1275 sakin girov götürülərək ağlasığmaz təhqirlərə, zülmə və həqarətə məruz qalıblar. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu günədək məlum deyil.
Qərarda qeyd olunub ki, Azərbaycanın istintaq orqanları Xocalı soyqırımını törədənlərdən 39 nəfərin adlarını müəyyən edə bilib, lakin bununla bağlı təhqiqat davam etdirilir.
Sənəddə son 100 ildə ermənilər tərəfindən 2 milyona yaxın azərbaycanlı və türkün qətlə yetirildiyi də öz əksini tapıb.
Sənəddə Heydər Əliyev Fondunun "Xocalıya Ədalət" kampaniyası çərçivəsində gördüyü işlər müsbət qiymətləndirilirb.
Qərarda deyilir ki, Azərbaycan deputatlarına bir vəzifə olaraq tapşırılsın ki, xarici ölkələrə səfərlər zamanı, o cümlədən beynəlxalq təşkilatların tədbirlərində iştirak edərkən son 100 ildən artıq dövrdə azərbaycanlıların məruz qaldığı soyqırımı aktları, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin daha geniş yayılmasını təmin etsinlər. Bu məqsədlə Milli Məclisin xarici ölkələrin parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının imkanlarından dolğun və səmərəli istifadə etsinlər.
Bu qərarla Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarına tövsiyə edilib ki, Xocalı şəhərində soyqırımı aktının törədilməsində iştirak etmiş şəxslərin hamısının müəyyən edilməsi, onların cinayət məsuliyyətinə cəlb olunması üçün görülən tədbirləri gücləndirsinlər.
Qərarda eyni zamanda bildirilir ki, Azərbaycanın müvafiq dövlət və qeyri-dövlət qurumlarına, o cümlədən QHT-lərə tövsiyə edilsin ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatların geniş yayılması, yalançı erməni təbliğatının ifşa edilməsi üçün səylərini birləşdirsinlər.
Millət vəkilləri qərarı səsverməyə qoyaraq qəbul ediblər.
Modern.az