Milli Məclisin deputatı, Sosial Siyasət Komitəsinin üzvü, Əməkdar jurnalist Elmira Axundova Parlament Jurnalistləri Birliyinə təşəkkür məktubu göndərib. Modern.az saytının məlumatına görə, deputat qeyd edib ki, Parlament Jurnalistləri Birliyi (PJB) fəaliyyət göstərdiyi müddət ərzində çox yüksək səviyyəli peşəkarlıq nümayiş etdirərək ölkənin ali qanunverici orqanı olan Milli Məclis ilə məhsuldar əməkdaşlığın təməlini qoymağı bacarıb. Millət vəkili PJB sədri Elşad Eyvazlıya xitabən bildirib:
“Məhz Sizin kimi peşəkar jurnalistlər sayəsində “reket” jurnalistikasının Milli Məclisə olan bütün qapıları bağlanmış, Milli Məclis üzvlərinin fəaliyyəti daha dolğun və peşəkar şəkildə mətbuatda işıqlandırılmağa başlanmışdır.
Sizlərlə əməkdaşlıq etdiyimiz bu müddət ərzində müraciətlərimizə xüsusi diqqətlə yanaşmış, məqalə və çıxışlarımızın həmişə operativ şəkildə oxuculara çatdırılmasına səy göstərmisiniz. Həmçinin mən özüm də hər zaman jurnalist həmkarlarımla əməkdaşlığa xüsusi dəyər vermişəm.
Azərbaycan Respublikası Milli Məclisinin ən fəal deputatları siyahısını tərtib edərkən belə yenə də öz obyektivliyinizi və bitərəfliyinizi qoruyub saxlaya bilirsiniz.
Mən də bir millət vəkili olaraq Sizin qurum tərəfindən ən fəal deputatlar sırasına seçilməkdən böyük sevinc hissi keçirir, Sizə öz dərin minnətdarlığımı çatdırır, bundan sonra da hər zaman Parlament Jurnalistlər Birliyinin üzvləri ilə əməkdaşlıq etməkdən böyük məmnunluq hissi keçirdiyimi bildirmək istəyirəm”.