Təzə gələnlər
Başqa sərhəd dəstələrindən gələnlər arasında kifayət qədər maraqlı bacarığa sahib olan əsgərlər var. Məsələn, əslən Gəncədən olan Bayramov Ceyhun saplarla adi qələmin üzərini elə bəzəyir ki...Yaxud da həmin saplarla qələmin üzərində müxtəlif adlar yazır. Qısa zaman ərzində Bayramovun bacarığı uşaqları “yoluxdurur”. Təsəvvür edirsiniz, hərənin cibində bir qələm, bir topa da sap. İmkan düşən kimi küncə çəkilib... kimi dostunun, kimi qardaşının, kimi bacısının, kimi sevdiyi qızın adını saplarla qələmin üzərinə həkk edir. Hələ ki, mənim işim onun-bunun əlinə baxıb nəsə öyrənməyə cəhd eləməkdən ibarətdir. İlk cəhdim çox uğursuz alınır. Soyadımı qələmin üzərinə yazmaq istəyirəm...alınmır... daha bir cəhd... və alındı...
Zaqataladan gələn əsgərlər arasında maraqlı soyadları olan iki əsgər var. Köklərov Sənani və Albuşov Araz. Dediklərinə görə xalaoğludurlar. Köklərov boks üzrə respublika çempionudur. Amma buna rəğmən sadəliyi ilə diqqət çəkir. Zaqataladan gələnlərdən biri isə qəribə görkəmə malikdir. Qartalı xatırladan burnu, balaca boyu, dolu bədəni və çox qəribə bığı. Səhv etmirəmsə adı Elşaddır. Hə, Abdullayev Elşad. Sonralar xidmətimin böyük qismini onunla eyni yerdə keçirəcəyəm. Hələ ona verdiyim və qısa zamanda yayılan ləqəbin nə olduğunu da biləcəksiniz...
İstədiyin yar idi…
Nəhayət sentyabr ayının 28-dir. Deməli, bu gün bölünməliyik. Çünki iki gün əvvəl bizə belə demişdilər. Düzdür, hər gün təlim zastavalarının bölünəcəyini ayrı-ayrı zabitlərin dilindən eşidirdik. Amma bu dəfə hərbi hissə komandiri həftənin birinci günü rəsmən elan elədiyindən daha arxayınlamışıq. Əslində, o zamanlar bizə elə gəlirdi ki, “molodoyluq” nə qədər tez bitsə, bölüklərə, komendaturaya göndərilsək, daha yaxşı olacaq. Sən demə, elə gənc əsgər kimi müyyən güzəştlər qazanmağımız bölünəcəyimiz günə qədər imiş.
Əksəriyyət sərhəd zastavalarına düşməyə can atır. Bizdən əvvəlki əsgərlərin dediyinə görə, zastavada qulluq eləmək daha yaxşıdır. Doğrudur, hava şəraiti, iqlim, xidmətin çətinlikləri olsa da, zastava əsgərləri daha sərbəst olurlar. Üstəlik, xidmət maraqlı keçdiyindən vaxt da tez ötür, xidmətin böyük hissəsini silahla keçirirsən. Məsələn, deyilənə görə Qəbələnin Laza və Vəndam ərazilərində yerləşən zastavalarımıza yaxınlıqda diskoteka yerləşir. Hətta yay aylarında buralara istirahətə gələnlər əsgərlərə “qrev” edirlər. Qrev-yəni ücrətsiz yardım. Hər halda bu söz əsgərlikdə dediyim kimi anlaşılırdı. Elə bu səbəbdən də gənc əsgərlər şirnikləşmişdilər. Etiraf edim ki, mən də bir ara zastava eşqiylə alışıb yananlardan idim. Sonralar bütün deyilənlərin böyük əksəriyyətinin sadəcə təsəlli olduğunu anladım.
Bu arada maraqlı bir detalı da qeyd edim. Mən nə zaman eşitdiklərimin daha çox fantaziya olduğunu başa düşdüm? Dediyim zastavalarda qulluq edənlərin bəziləri elə danışırdılar ki, guya hərbi xidmətin sonunda evə hərbi biletlə yanaşı bir uşaq da aparacaqlar… Bax onda...
Əsgər «azar»ı
Ümumiyyətlə, əsgər tayfasının bir maraqlı cəhəti də var. Məsələn, hansısa bölüyün ən “çurban” əsgəriylə bir neçə dəqiqə həmsöhbət olandan sonra səndə belə bir təəssürat yaranır-vay o bölükdəkilərin halına. Sonradan isə belə düşünürsən-vay bu yazığın halına, onun-bunun batinkasını təmizləməkdən, yerini yığışdırmaqdan əlləri qabar olub...
Amma bəzən də əksinə olur. Məsələn, hər hansı bölükdə böyük nüfuza, avtoritetə malik, əsgərlərin əksəriyyətinin çəkindiyi bir əsgər səninlə elə yazıq tonda danışır ki... Bu adamın hərbi xidməti salamat başa vurub evinə dönməsini arzulayırsan.
Hadisələri qabaqlayıb sizə bir əhvalat danışım. Xidmətin son aylarında baş idarədən gələn qərara əsasən əsgərlər bir daha bölünməli, yerdəyişmə edilməliydi. Bunu da belə izah edirdilər: əsgərlər xidmət etdikləri yerə o qədər də dərindən bələd olmasınlar, telefon işlətməsinlər, “samavolka”ya çıxmasınlar və sair. Həmin vaxt mən Oğuzun Dağıstanla sərhəddə yerləşən Baş Daşağıl kəndinə getməliydim. Bizimlə həmin zastavanın əsgərlərindən olan Ceyhun adlı biri də gedirdi. Yolda bizə elə danışmışdı ki... Bir müddət zastavanın sirlərini ondan öyrənəcəyimi güman etmişdim. Yəni avtoritetli əsgərdir, qaydaları öyrənənə kimi bizə kömək edər-deyə düşünmüşdüm. Zastavadan içəri girən kimi əsgərlərdən biri həmin Ceyhuna elə söyüş söydü ki... bu da sadəcə susdu... donub yerimdə qaldım...
«Samavloka»
Bir az da “samavolka” barədə. Bütün hərbi hissələrdə məşhur “samavolşiklər” olur. Yəni bir neçə saatlıq hərbi hissəni özbaşına tərk edən əsgərlər. Həmin bu özbaşınalığın da əsas məqsədi digər əsgərlərə siqaret, ləvazimat və sair almaqdan ibarətdir. Bəzi hallarda həmin bu siyahıya yüngülvari, ucuzvari spirtli içkilər də daxil olur. Məsələn bizim hərbi hissədə Hacıyev Arzuman ən tanınmış “samavolşiklər”dən idi. Hətta, onu hərbi hissə komandiri də tanıyırdı. Doğrusu, Arzuman lap əvvəldən özünü bir az da dəli kimi göstərmişdi.
Telefon məsələsindən də danışaq. Əsgərlərin xəstəliklərindəndir telefon. Evlə danışmağa imkan olsa da, olmasa da hər kəs telefon gəzdirməyə çalışır. Əvvəldə yazdığım “soğan mübahisəsi” kimi bu da bir prestij anlamındadır. Nə var, nə var, filankəs telefon fırladır desinlər. Halbuki bəlkə həmin telefon axırıncı dəfə neçə ay bundan qabaq kontur üzü görüb. Gerçəkdən də mən belələrini tanıyırdım. Əsgərlərin telefon işlətmək qadağasının əsas səbəbinə gəlincə, heç şübhəsiz ki, burda hərbi sirrin yayılması anlayışı öndə dururdu. Yəni kimsə mobil telefonla hərbi sirləri kənara ötürə bilərdi. Etiraf edim ki, məhz bu qadağa hərbidə bəyəndiyim yasaqlardan idi və 12 ay ərzində riayət elədim də. Digər tərəfdən kameralı telefonlarla burdakı texnikanın, daxili şəraitin, avadanlıqların şəkli çəkilərək MMS vasitəsilə haralarasa göndərilə bilərdi. Elə bu səbəbdən də üzərində, yatağında telefon tutulan, ümumiyyətlə aşkarlanan telefonun ona məxsus olduğu sübutlanan əsgərlər 3, 5, 7 gün müddətində həbs olunurdular, Gəncəyə göndərilirdilər. Hərbi hissənin daxilində həbsxana olmadığından cəza çəkən əsgər və zabitlər Gəncədəki Hərbi Polisə göndərilir, cəzalarını da orda çəkirdilər.
Həbs nədir?
Bölgüyə keçməzdən əvvəl həbs barədə də bir neçə kəlmə. Bəzi qayda pozuntularına görə yuxarıda dediyim müddətə, daha ağır qayda pozuntuları cinayətlərə görə isə üç aylıq həbsə atılırdı əsgərlər. Uşaqlar arsında üç aylıq həbs “dizbat” adlanır. Azərbaycanca hərfi tərcüməsini bilməsəm də, başa düşdüyüm qədəriylə belədir-daha ağır cəza növü.
“Dizbat”ın əsas “özəlliy”i həmin müddətin hərbi xidmət müddətindən sayılmamasıdır. Bir sözlə bu cəza növünə məruz qaldınsa, daha üç ay, bəzənsə altı ay artıq qulluq keçməlisən. Deyilənlərə görə, orda əsgərlərin geyimlərinin, qol, ayaq və yan hissələrinə ağ parça tikirlər. Həmin ağ parça kirlənəcəyi halda tutuqlanmışı daha ağır cəzalar gözləyir. Dolayısıyla əsgərin paltarına tikilmiş ağ parçalar gizli kamera xarakteri daşıyır. Əgər uzandınsa, mütləq parça kirlənəcək və səni “satacaq”. Nə dərəcədə doğru-olub-olmadığını deyə bilmərəm. Amma eşitdiklərimdir bunlar.
“Dizbat” bir növ mülki həyatdakı həbsin daha ciddi formasıdır. Əgər haqsız yerə, hansısa zabitlə yola getməmək ucbatından, əsgərlərin haqqını tələb etdiyinə görə şərlənərək ora göndərilmisənsə... Bax bu əsl şansdır. Çünki səndən əvvəl ora “ksiva” - əsgərlər tərəfindən göndərilən məlumat gedir. Əvvəlki hissələrdə qeyd elədiyim kimi bu “ksiva”ların daşınmasında sürücülərin böyük rolu var. Bəzənsə zabitlər tutuqlanan əsgər barədə həbsxanaya, orda xidmət edən həmkarlarına bu cür məlumatlar göndərirlər...
...Beləliklə... Bölgü başlayır. Yusubov Asif, Cabbarov Mahir, Məmmədov Elvin, Xudiyev Ruslan, Abdullayev Elşad, Rzayev Vüsal, Əhmədov Seyfəddin, Tağıyev Səbuhi, Mehdiyev Tural, Xudiyev Ruslan, Əmirov Samir. Murtuzalı Emin...
Bölgüyə əsasən hərbi hissənin Şəkinin alaqapısında yerləşən ikinci sərhəd komandantlığına göndərilirik. Komendantlıq sərhəd dəstəsindən təxminən 18 kilometr məsafədə yerləşir.
Bəh-bəh… bəh-bəh…
Bizi UAZ markalı yük maşınıyla komendantlığa gətirirlər. Maşından tökülüşürük. İlk təəssürat...bura kənd həyatını xatırladır... əsgərlərin geyimləri... ümumi görünüş... ərazidəki ağaclar... Sanki hər kəs bizi gözləyirmiş. Heç əsgərliyin ilk günlərində özümü bu qədər qərib hiss eləməmişdim. Təcrübəli həmkarlarımız bizə çox qəribə baxırlar... Geyimlərimiz də onlarınkından fərqlənir, daha səliqəli, təzə və təmizdir. Alçaqboylu, qarayanız bir mayor əllərini belinə vurub, ayaqlarını təxminən bir-birindən yarım metr aralı qoyaraq yeni gələnləri seyr edə-edə çiynimizdəki əsgər çantalarını boşaltmaq əmri verir. Çantalarımızdakılara baxa-baxa danışır.
- Bəh-bəh, bəh-bəh... ətirə bax, siqaretə bax... kefə bax... Sonra da deyirlər ki, əsgərin pulu yoxdur.
(ardı var)